«Ramil Usubov məni bütün Azərbaycan polislərinə nümunə göstərmişdi»
O, “Igidliyə görə” medalını zərfə qoyub Daxili Işlər Nazirliyinə göndərəndən və bu barədə mətbuatda məlumat yayılandan sonra onun xidməti bioqrafiyasında hansısa səhvlərin, hətta cinayətlərin olduğunu bəyan etdilər. Buna cavab olaraq, sabiq polis zabiti Əliyev Salman Cəfər oğlu “Azadlıq”da çıxış etmək qərarına gəlib.
“Çernobılda da Azərbaycan adına xidmət etdim”
Özüm haqqımda müsbət fikirlər səsləndirmək, oxucular tərəfindən bir növ özümü tərifləmək kimi qəbul edilə biləcək yazılar yazmaq mənim üçün nə qədər çətin olsa da, indi bunu etməyim zərurətdən irəli gəlir.
2 il ərzində Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında – Çernobıl rayon milis şöbəsində xidmət etmişəm. Ukrayna SSR-nin hökuməti tərəfindən yaradılmış 30 kilometrlik köçürmə ərazisində kimsəsiz qalmış evlərdə və mənzillərdəki qiymətli metalların, əşyaların yığılıb, qorunub saxlanması və s. məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. 30 kilometrlik radioaktiv zonaya giriş-çıxışları nəzarətdə saxlamaq və radiasiyanın yayılmasının qarşısını almaq məqsədilə yaradılmış “KPP” (Nəzarət-Buraxılış Məntəqələri) olan “Zorin” və “Dityatko” məntəqələrinin rəisi vəzifələrində xidmət etmişəm.
1987-ci ildə Ukrayna SSR daxili işlər naziri, Kiyev vilayət Daxili Işlər Idarəsinin rəisi, general Kovalenko ilə birlikdə mənim rəis işlədiyim “KPP”yə gəldi. Ukraynanın daxili işlər naziri əlini çiynimə qoyub söylədi: “Sən burada Azərbaycan xalqını ləyaqətlə təmsil edirsən, xalqının adını ucaldırsan”.
Elə oradaca nazir vilayət DII-nin rəisi, general Kovalenkoya göstəriş verdi ki, mənim adımı Ukrayna SSR-in dövlət mükafatına təqdim etsin. Idarə rəisinin təqdimatına əsasən, Respublikanın dövlət mükafatını aldım. Dəfələrlə Ukrayna SSR daxili işlər nazirinin, vilayət DII rəisinin, eləcə də rayon DIŞ-nin əmrlərilə mükafatlandırılmışam.
1989-cu ildə təhsil aldığım Belqorod Milis Məktəbinin rəisi, general M.K.Qubskinin təklifilə həmin məktəbə kabinet rəisi vəzifəsinə işə qəbul olundum. SSRI DIN-nin əmrilə “Əla xidmətə görə” döş nişanı ilə təltif edilmişəm. Dəfələrlə qeyd etdiyim milis məktəbinin rəisinin əmrlərilə fərqləndirilərək, mükafatlandırılmışam.
Onu da qeyd edim ki, Çernobıl rayonunda rəis olduğum “Zorin” KPP-si bütün Ukraynada məşhur olmaqla, bu xidmət çox mühüm və əhəmiyyətli idi. Həmçinin radiasiya zonasına başqa ölkələrdən gələnlər də həmin “KPP”dən rəsmi sənədlə girib-çıxırdı və nəzarətdən keçirilirdi.
“Müstəqil Azərbaycanda ilk mükafat alanlardan biri oldum”
Qarabağ problemi məni 1991-ci ildə məni vətənimə qayıtmağa məcbur etdi. 1991-ci ildə Dağlıq Qarabağın Xocavənd rayonunun Qaradağlı və ətraf kəndlərini erməni hücumlarından qoruyarkən göstərdiyim fədakarlıq kənd camaatını ayağa qaldırdı. Bundan xəbər tutan mərhum daxili işlər naziri general Məhəmməd Əsədov rayon polis şöbəsinin rəisindən mənim mükafatlandırılmağım haqqında ona təqdimat verməyi tələb etdi. Mən bu dəfə müstəqil Azərbaycan Respublikası DIN-nin əmrilə “Əla xidmətə görə” döş nişanı ilə təltif edildim.
“Onu avtomobildə getdiyi yerdə həbs etdim”
1992-ci ildə Bərdə rayonu ərazisində xüsusilə təhlükəli, çoxsaylı qətllər və digər ağır cinayətlər törətmiş Balakənli Nəriman və Yevlaxlı Rəşidlə bir bandada olan “Qarakişi” ləqəbli residivist Bərdə yağ zavodunun direktorunu və anbardarını oğurlayaraq, 500 min dollar pul tələb edirdilər. Mənim həyata keçirdiyim əməliyyat tədbiri nəticəsində “Kalaşnikov” avtomatı ilə silahlanmış, həmçinin həbsdən qaçdığına görə axtarışda olan “Qarakişi”ni yaxalayarkən, o, idarə etdiyi avtomobili sürüb qaçmağa cəhd etmiş, lakin mən avtomobilin pəncərəsindən əllərimi içəri salıb avtomobilin sükanından yapışdığıma görə, həmin cinayətkar avtomobili sürətlə idarə edib məni 400 metrə yaxın məsafəyə sürümüşdü. Buna baxmayaraq, sükanı burub avtomobili yolun kənarındakı böyük su kanalına yönəltdim. Avtomobil aşdı, amma yaralansam da, “Qarakişi”ni avtomat silahı ilə birlikdə Bərdə rayon Polis Şöbəsinə təhvil verdim. Həmin adamı Bərdədə hamı tanıdığı üçün mənim bu hərəkətim Respublikada rezonansa səbəb oldu.
Hazırkı daxili işlər naziri Ramil Usubov o zaman DIN-də Baş Cinayət-Axtarış Idarəsinin rəisi idi. Təsvir etdiyim hadisələrdən az sonra Bərdə rayonunda xidməti ezamiyyətdə olarkən cənab Usubov məni bütün Azərbaycan polislərinə nümunə göstərdi.
Rusiyanın Sibir, o cümlədən Tümen regionuna və həmin ölkənin digər şəhərlərinə, eləcə də MDB ölkələrinə ildə 2 dəfə ezam edilərək, respublikamızda ağır cinayətlər törədib orada gizlənən, axtarışda olan bir çox cinayətkarların tutulub gətirilməsində müvəffəqiyyətlər əldə etmişəm.
“Ziya Bünyadovun qətlini araşdıran qrupda oldum”
Akademik Ziya Bünyadovun öldürülməsi ilə bağlı cinayət işi üzrə təşkil edilmiş istintaq-əməliyyat qrupunun tərkibinə mənim də daxil edilməyim haqqında keçmiş baş prokuror Eldar Həsənovun imzası ilə tərtib edilmiş və Respublika Baş Prokurorluğundan mənə verilmiş rəsmi məktubu özüm aparıb Daxili Işlər Nazirliyinə təqdim etmişəm. Bununla bağlı mənə verilən əməliyyat tapşırıqlarını yüksək səviyyədə icra etdiyim üçün daim fəaliyyətimə yüksək qiymət verilmişdir.
1991-ci ildən 2003-cü ilə qədər dəfələrlə DIN rəhbərliyinin və nazirlərin əmrlərilə xidməti işimdə fərqləndiyimə görə mükafatlandırılmışam.
Qeyd etdiyim və etmədiyim bir çox xidmətlərim haqqında sənədlər şəxsi işimdə və özümün arxivimdə saxlanılır.
“Qardaşım mənə görə infarkt oldu və vəfat etdi”
Mərhum qardaşım, polkovnik Fərman Əliyev respublikada çox yaxşı tanınır və hamının ona böyük hörməti olub. O, uzun illər islah-əmək müəssisələrində rəhbər işdə çalışmış, DIN-nin 5-ci şöbəsində məsul vəzifədə işləmiş, Bərdə RPŞ və Sumqayıt Şəhər Polis Idarəsində Cinayət-Axtarış şöbələrinin rəisi olmuşdur.
Onun fəaliyyəti barədə tək bir faktı qeyd etmək istəyirəm ki, Fərman Əliyev Bərdə rayonunda və Sumqayıt şəhərində cinayətkarlar tərəfindən qəsdən öldürülərək basdırılmış, xəbərsiz itkin düşən şəxslər kimi axtarılan 10 nəfərdən artıq adamın qətlə yetirilməsində təqsirli olan caniləri ifşa etmiş, onların yaxalanıb məsuliyyətə cəlb edilməsində müstəsna xidmətlər göstərmişdir.
DIN-nin kollegiya iclasında nazirliyin rəhbərliyi tərəfindən qeyd olunmuşdur ki, “Fərman Əliyev Azərbaycanın tarixində bir neçə peşəkar əməliyyat işçilərindən biri olub”.
Azərbaycan prezidentinin fərmanı ilə qardaşım F.C.Əliyev “Igidliyə görə” medalı ilə təltif edilmişdir.
Barəmdə uydurma, saxta ittihamlarla cinayət işi qaldırılaraq, mənim əsassız və qanunsuz həbs edilməyim onun kəskin infarktdan 56 yaşında vəfat etməsinə səbəb oldu.
“Amma məni bir cani kimi mühakimə etdilər”
Azərbaycan Respublikası DIN-də və Naxçıvan MR DIN-də çox ciddi məlumatlara malik, respublikanın hər yerində, eləcə də respublikanın hüdudlarından kənarda ciddi əlaqələri olan, xidmətlərimin bir hissəsi yuxarıda göstərilən bir şəxs kimi, məni saxta, qurama ittihamlarla həbs edib, mənə saysız-hesabsız, hətta Iran vətəndaşının gözü qarşısında ağır, qəddarcasına işgəncələr vermək, qeyri-insani rəftara məruz qoymaq, qohumlarımı heç bir təqsirləri olmadan həbs etmək, hamilə vəziyyətdə olan həyat yoldaşımı həbs etmək məqsədilə axtarmaqla, qohum-qonşuların evlərində gizlənməyə vadar etmək, qohumların, tanışların evlərinə soxularaq onu axtarmaq, gecə-gündüz, vaxt-bivaxt onların evlərinə polis basqınları təşkil etmək kimlərin ağlına gəldi? Bütün bunlar mənə və yaxınlarıma qarşı edilən özbaşınalıqların yalnız bir hissəsidir.
Naxçıvan polisləri tərəfindən axtarılarkən, təqiblərdən gizlənən həyat yoldaşım 2003-cü ildə 2 ay ərzində azyaşlı uşaqlarımızla birlikdə qohumların və qonşuların evlərində qalmağa məcbur olmuşdur. Uşaqlar bu müddətdə məktəbə gedə bilməyiblər.
Qızım Əliyeva Dilbər bütün bu təqiblər nəticəsində keçirdiyi stresdən xəstəlik tapmışdır, ona görə də mən həbsdən çıxandan sonra Səhiyyə Nazirliyindən göndəriş alaraq onu respublikamızdan kənarda müalicə etdirdim.
Mən həbs ediləndə hətta özümə vəkil tutmağa belə vəsaitim olmayıb. Bunu Naxçıvanda hamı bilir. Görəsən, Əhməd Əhmədovun saxta, özünün uydurduğu izahatlar əsasında hazırlanmış mənim daxili işlər orqanlarından xaric edilməyim haqqında əmrə Ramil Usubov imza atanda, hansı hissləri yaşadı?
“Dustaq yoldaşlarıma mənə görə işgəncə verdilər”
2003-2004-cü illərdə Naxçıvan MR Şərur RPŞ-nin Müvəqqəti Saxlama Təcridxanasında mənimlə eyni vaxtda, eyni kamerada, habelə qonşu kameralarda saxlanılan məhbuslara öz təşəkkürlərimi bildirirəm. Həmin şəxslər öz etirazlarını bildirib dedilər ki, bu qərib, kimsəsiz adama qarşı bu cür zülm edilməz, bunu Allah da götürməz. Bu hərəkətlərinə görə onları da qışın şaxtalı, qarlı havasında soyundurub nazik alt paltarında qalmağa məcbur etdilər.
Mən qanunsuz olaraq həbs edilib Naxçıvan polisi tərəfindən girov saxlanıldığım zaman polis rəislərindən biri maddi sıxıntılar, çətinliklər içində olan uşaqlarıma yardım etmək üçün onlara bir nəfər yaxınım vasitəsi ilə 100 (yüz) dollar göndərmişdi. Onun bu insani hərəkətindən xəbər tutan Əhməd Əhmədov isə onu elə bir vəziyyətə saldı ki, həmin polis rəisini Təcili Tibbi Yardımla Naxçıvan hava limanından müalicə edilmək üçün Bakıya aparmalı oldular.
“Mən polis idim və elə polisin şəri ilə də üzləşdim”
Naxçıvan MR DIN-nin “mətbuat xidməti” adından 06.04.2011 il tarixdə “qafqazinfo” saytına yerləşdirilmiş “O, ləyaqətsiz hərəkət edib” başlıqlı yazıda iddia edilir ki, guya mən 2003-cü il aprelin 3-də Naxçıvan şəhər məhkəməsinə gələrək, məhkəmə nəzarətçiləri Ramin Cəfərov və Ceyhun Bağırova qarşı zor tətbiq etməklə müqavimət göstərmişəm. Bu övladım yaşında olan cavan oğlanları mən ilk dəfə istintaq zamanı prokurorluqda, onlar yalandan mənim üzümə duranda görmüşəm. Sonradan araşdıraraq öyrəndim ki, bunlardan biri Naxçıvan MR DIN-nin şöbə rəisinin kürəkənidir. Yalandan üzümə duran digər cavan oğlan isə polisin əvvəllər də bu kimi qanunsuz məqsədlərlə dəfələrlə istifadə etdiyi, Naxçıvanda belə əməllərilə tanınmış birisi idi.
Məhkəmədə guya “zərərçəkmiş şəxs”, habelə “şahid” qismində üzümə duraraq bilə-bilə yalan ifadələr verən bu şəxslər sonradan ağlaya-ağlaya ayrı-ayrı adamlara etiraf edərək söyləyiblər ki, onları tanımadıqları adamın üzünə yalandan izahat verməyə məcbur ediblər.
Naxçıvan MR DIN-nin “mətbuat xidməti” adından “qafqazinfo” saytında yerləşdirilmiş yazıda həqiqətə uyğun olmayan məqamları və ziddiyyətləri əlimdə olan zəruri sənədlər təkzib edir.
Bu sənədlərin birində – məhkəmə hökmündə göstərilir ki, məhkəmə prosesi zamanı, yəni 2004-cü ilin yanvarında mən Naxçıvan MR DIN-nin sərəncamında olmuşam. “Mətbuat xidməti” isə iddia edir ki, guya mən 29 oktyabr 2003-cü il tarixli əmrlə daxili işlər orqanlarından xaric edilmişəm.
“Mətbuat xidməti”nin “qafqazinfo”ya göndərdiyi yazıda guya mənim tərəfimdən 3 aprel 2003-cü il tarixdə Naxçıvan şəhər məhkəməsinin binasında törədilmiş cinayətin motivi kimi qohumum Əliyev Elçinin barəsində inzibati məsuliyyətə cəlb edilmə haqqında 19 mart 2003-cü il tarixli qərarın surətini təkidlə tələb etməyim, bu zaman guya məhkəmə əməkdaşı tərəfindən bu sənədin mənə verilməsinin qanunsuz və qeyri-mümkün olmasının izah edilməsi yazılmışdır. Bunların dediklərindən belə çıxır ki, bu sənəd mənə verilməmişdir. Əslində isə, faktiki olaraq həmin gün bu qərarın surəti məhkəmə sədri tərəfindən heç bir etiraz və qeyri-etik hərəkət olmadan imzalanaraq və möhürlənərək mənə təqdim olunmuşdur. Həmin qərarın möhürlü, imzalı nüsxəsi mənim şəxsi arxivimdədir. Əgər “mətbuat xidmətinin” iddia etdiyi kimi, mən o zaman hər hansı etikadan kənar və ya qanunazidd hərəkət etsəydim, həmin sənəd mənə verilməzdi.
Mən həbsdən çıxandan sonra neçə illərdir ki, bu qanunsuzluqlar, başıma gətirilənlər barədə yazmadığım ünvan qalmadı. Dəfələrlə daxili işlər naziri Ramil Usubova yazılı müraciət edərək məni qəbul edib dinləməyini xahiş etmişəm. Lakin nə xidmətlərim nəzərə alındı, nə adam yerinə qoyuldum.
Naxçıvan daxili işlər naziri Əhməd Əhmədov isə mənim haqqımda çox böhtanlar uydura bilər. Amma mən də onun haqqında çox məlumatlıyam.