Avropa Şurası rəsmisi bilmir, amma danışır

Konstantin Yerokostopolos Azərbaycan gündəmini izləmirmi?

Aprelin 19-da ifadə azadlığı ilə bağlı seminarda iştirak edən Avropa Şurası baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Konstantin Yerokostopolos maraqlı açıqlamalar verib. Deyib ki, polisin 17 aprel mitinqini dağıtmasından və isveçli jurnalistlərin Bakıdan deportasiya olunmasından xəbəri yoxdur.

Maraqlıdır, ifadə azadlığı ilə bağlı seminarda çıxış edən səfir ifadə azadlığıyla bağlı ən mühüm gündəm xəbərlərindən xəbərsizdir. Əlbəttə, bir az sadəlövh yanaşıb, bu açıqlamaya inanmaq da olar. Amma bu halda belə, Avropa Şurası Bakı kimi həssas bir nöqtədə heç nə ilə maraqlanmayan bir şəxslə təmsil olunmamalıdır. Görünür, fəaliyyət göstərdiyi ölkənin gündəmini izləməyi özünə borc bilməyən, amma bu gündəmə dair seminarda çıxış etməkdən çəkinməyən diplomat nəyəsə arxayındır. Ola bilsin ki, onun bu addımı rəsmi dairələri nəinki narahat etməz, hətta onların xoşuna gələ bilər. Amma unutmaq olmaz ki, ölkənin fəal ictimai rəyi demokratik proseslərin inkişafında maraqlı olan kəsim tərəfindən formalaşdırılır və diplomatik korpusun da fəaliyyəti daim diqqətdədir.

Bu yanaşmadan aydın görünür ki, cənab səfir məlumatlı olmadığı məsələlərdən danışıb. Bu isə ilk növbədə onun təmsil etdiyi quruma münasibətinin göstəricisidir.

“Azadlıq”