Xunta bu qadını öz düşməni elan edib

Gözəl Bayramlı Azərbaycan diktaturasının qadın dustağı oldu


 

«Qanunu pozursunuz, bəs insanlığınızı, vicdanınızı niyə itirirsiniz?»

Dünən Nəsimi rayon məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi olub. Hakim Ikram Hüseynov AXCP funksioneri barədə həbs qərarı çıxarıb. Gözəl xanım Inzibati Xətalar Məcəlləsinin 301.1-ci maddəsilə (polisin qanuni tələblərinə tabe olmamaq) 5 sutka həbslə cəzalandırılıb.

Azərbaycan polisi qadının qolunu burur, yerdə sürüyür

Məhkəmədə çıxış edən Gözəl Bayramlı polislərin yol verdiyi qanunsuzluq və özbaşınalıqlardan danışdı. Mitinqdə iştirakına görə həbs olunduğunu deyən AXCP yetkilisi bildirdi ki, saxlanılarkən polislər ona qarşı zorakılıq tətbiq edib. 4 polis əməkdaşı onu vəhşiliklə həbs edib, qollarını arxadan burublar. Hətta bir polis zabiti polislərə onu yerdə sürümək barədə göstəriş verib. “Azadlıq” radiosunun əməkdaşı Abbas Atilay Gözəl Bayramlını yerdən qaldırıb. Polis idarəsinə Gözəl Bayramlının hüquqlarının müdafiəsi üçün heç bir şərat yaradılmayıb.

Saxta şahidlər

Daha sonra protokol tərtib edən polis kapitanı ifadə verərək bildirdi ki, o, raport əsasında protokol tərtib edib. Hakim polisə sual verdi ki, nəyə görə Gözəl Bayramlıya vəkillə təmin olunmasına dair hüquqları izah edilməyib? Polis kapitanı bu suala cavab verə bilmədi.
Gözəl Bayramlını həbs edən polis çavuşu da ifadə verdi. Hakim ondan Gözəl xanımı tanıyıb-tanımadığını soruşdu. Çavuş tanımadığını dedi. Bir qədər sonra isə çavuş onu saxladığını bildirdi. Əvvəlcə dedi ki, Gözəl xanımı guya, tək saxlayıb. Bir az sonra yenə sözünü dəyişdi ki, yox, iki nəfər başqa polislə birlikdə saxlamışıq.
Hakimin “Gözəl Bayramlını niyə görə həbs etdiniz?” sualına çavuşun cavabı ziddiyyətli oldu. Əvvəlcə dedi ki, onu “Azadlıq!” şüarı səsləndirdiyi üçün saxlayıblar. Belə olan halda, ona növbəti belə bir sual verildi: “Azadlıq!” çığırdığına görə adamı həbs edərlər?”
Polis bu dəfə də sözünü dəyişib dedi ki, söyüş söydüyünə görə saxlayıblar.

“Bizi yolumuzdan döndərə bilməzsiniz”

Gözəl xanım çıxışında polislərin ifadələrindəki ziddiyyətləri hakimin diqqətinə çatdırdı. Dedi ki, onu idarəyə 4 nəfər gətirib, onların arasında isə məhkəmədə ifadə verən çavuş olmayıb.
Gözəl Bayramlı onu da qeyd etdi ki, AXCP sədrinin müavini kimi, qanunlara əməl olunmasının tərəfdarıdır: “Polis idarəsində saxlanılarkən bir-birinin ardınca qanunsuzluqlarla rastlaşmışam. Mənim sərbəst toplaşmaq azadlığım var. Saxlanılmağım qeyri-qanunidir. Saxlanılarkən zorakılığa məruz qalmışam, ağır formada təhqir olunmuşam. Heç faşist rejimində də bu cür davranmırdılar. Məni dünəndən polis idarəsində ac-susuz saxlayıblar. Indi məhkəməyə də ac gətirilmişəm. Qanunu pozursunuz, bəs insanlığınızı, vicdanınızı niyə itirirsiniz? Mən 1984-cü ildə ali məktəbi bitirmişəm, xalq hərəkatında olmuşam. Indiyə kimi işsiz qalmağımın bir səbəbi olub: YAP üzvü olmamağım. AXCP üzvü olduğuma görə daim təzyiq və təqiblərə məruz qalıram. Bütün bunlara baxmayaraq, mən bir qadın kimi, ölkəmizdə demokratiya uğrunda mübarizənin daim önündə olmağa çalışmışam. Bundan sonra da olacağam. Siz ölkəmizdə demokratiyadan, insan haqlarından danışırsız, amma qanunun minimum tələblərinə riayət etmirsiniz. Sizin məqsədiniz aydındır: qorxu yaratmaqla insanları sındırmaq, bu prosesin qarşısını almaq istəyirsiniz. Ancaq buna nail ola bilməzsiniz. Mən haqq bildiyim yolda yürüməyə davam edəcəyəm. Mən heç bir həbsdən, işgəncədən, təzyiqdən qorxmuram. Bunlar nə mənim, nə də mənim kimi minlərlə adamın qarşısını kəsə bilər. Mən bu mübarizəyə başlayanda bunların hamısını gözə almışam. Haqqımda çıxaracağınız qərarın siyasi sifariş olduğuna heç bir şübhəm yoxdur”.

Elmin

***

İctimai Palatadan Gözəl Bayramlı haqda 2 qərar

Palatanın Qadınlar Şurası yaradıldı və sədrlik Gözəl xanıma həvalə olundu

Aprelin 18-də İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasda bir gün əvvəl baş tutmuş etiraz aksiyası və onun nəticələri müzakirə olunub.
Koordinasiya Şurası aksiyanın qarşısını almaq üçün hakimiyyət qüvvələrinin əlahiddə hazırlıq gördüyünü, aksiyaçılara qarşı xüsusui qəddarlıqla davranıldığını, bunula belə aksiyaya çıxanların öz etirazlarını ifadə edə bildiklərini qeyd edib.
Aksiyaçılara qarşı məhkəmə qərarları da Koordinasiya Şurasının diqqətində olub. Koordinasiya Şurası həbsləri qanunsuz adlandıraraq pisləyib. Xüsusilə AXCP sədrinin müavini Gözəl Bayramlıya həbs cəzacının verilməsi ittiham olunub.
Yeri gəlmişkən, İP Koordinasiya Şurası Gözəl Bayramlı ilə bağlı iki qərar çıxarıb. Qərara alınıb ki, İctimai Palatanın Qadınlar Şurası yaradılsın və Şuraya sədrlik Gözəl Bayramlıya həvalə olunsun.
İkinci qərar isə İP adından Gözəl Bayramlının həbsi ilə bağlı xüsusi bəyanatın verilməsi olub.

AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı İctimai Palatanın bəyanatı:

Azərbaycan demokratik qüvvələrinin birləşdiyi İctimai Palatanın Bakıda başladığı etiraz aksiyaları hakimiyyəti ciddi narahat edib. İstər aprelin 2-də, isətrsə də aprelin 17-də keçirilən etiraz aksiyaları zamanı hakimiyyət küçə-meydanlara saysız-hesabsız polis və mülki geyimli təhlükəsizlik əməkdaşları çıxarıb, etirazçılara qarşı xüsusi qəddarlıq göstərib və çoxlu sayda həbslər həyata keçirib.
İctimai Palata bəyan edir ki, həm aprelin 2-də, həm də aprelin 17-də dinc etirazçılara qarşı törədilən zorakılıqlar və həyata keçirilən həbslər tam qanunsuzdur və insan hüquq və azadlıqlarının kəskin şəkildə pozulmasıdır.
17 aprel aksiyasında isə Azərbaycan hakimiyyəti həm də  milli-mənəvi dəyərlərimizə zidd, əxlaq prinsiplərini pozan əmələ yol verdi. Aksiyada qanunsuz olaraq saxlanılanlardan biri, AXCP sədrinin müavini Gözəl Bayramlı, qadınlığına məhəl qoyulmadan, 5 günlük həbs cəzasına məhkum edilib.
İctimai Palata bəyan edir ki, hakimiyyətin bu addımı əlavə hiddət və ikrah doğurur. İctimai Palata bildirir ki, bir çox hallarda milli-mənəvi dəyərlər mövzusundan öz maraqları üçün sui-istifadə edən Azərbaycan iqtidarı bu hərəkəti ilə bir daha simasızlığını ortaya qoydu.
Azərbaycan hakimiyyətinin siyasi rəqiblərinə qarşı mübarizədə acizanə formada əxlaqdan uzaq üsullarla əl atması yeni deyil. Ölkə ictimaiyyəti bu cür davranışın ən son nümunələrini AXCP sədrinin evi və Müsavat Partiyasının mərkəzi qərargahı qarşısında təşkil olunan tərbiyəsiz “aksiyalar”, eləcə də bəzi başqa hallarda görüblər.
Lakin dinc etiraz hüququnu həyata keçirdiyi üçün bir Azərbaycan qadınının həbsə göndərilməsi mənəvi tənəzzülün ölçüyəgəlməz miqyasıdır. Bu, nəinki Azərbaycan, ümumilikdə Şərq və hətta Qərb ölkələri üçün də rast gəlinməyən hadisə kimi, hakimiyyətin əxlaq prinmsiplərindən nə qədər uzaq olduğunu göstərir və ölkə ictimaiyyətinin hiddətinə layiqdir.
İctimai Palata tələb edir ki, Gözəl Bayramlı və ümumiyyətlə 17 aprlel aksiyasında saxlanılanlarla bağlı çıxarılmış qanunsuz həbs qərarları ləğv edilsin, onlar dərhal azadlığa buraxılsın.
İctimai Palata Gözəl Bayramlıya qarşı həbs qərarını xüsusi qınadığını bir daha vurğulayır və hakimiyyəti qanunsuz olması ilə yanaşı həm də milli-mənəvi, əxlaqi prinsipləri tapdalayan bu səhv hərəkətini dərhal düzəltməyə çağırır.