Valideynlər üçün SINaq imtahanları

Azərbaycan vətəndaşlarının hökumətə “VERMƏK” borcu məzara qədər də qurtarmır. Acgöz məmurların malımıza-mülkümüzə sahib çıxmaları cəhənnəmə, övladlarımıza da gəlir “obyekt”i kimi baxmaları BIZi valideynlik hüququndan məhrum edir. Bəlkə, evli-eşikli, uşaqlı-böyüklü bütün vətəndaşlar hakimiyyətdəkilərin şəxsi mülkiyyətidir? Xəstəxana palatasından tutmuş əsgərliyə kimi analar uşaqlarına döşündən, atalar cibindən “süd” versə də, sanki BIZlər körpələrin SURROQAT ata-analarıyıq. Süddən, vicdandan, insafdan, insanlıqdan yanıq məmurlar min bir zülmlə böyütdüyümüz uşaqlarla kefləri istədiyi kimi rəftar edir.

Bu yaxında məktəblilərin ümummilli atası Misir Mərdanov və abituriyentlərin ümummilli anası Məleykə Abbaszadə hərəsi bir tərəfdə durub Sumqayıt məktəblilərinə “qucuma, qucuma” çağırışları etdilər: aprelin 10-da yuxarı sinif şagirdləri yoxlama və sınaq imtahanları arasında qalmışdılar. Ağır seçim qarşısında qalan uşaqlar əlbəttə ki, attestat qiymətlərinə təsir edəcək imtahan tərəfə qaçdılar. Düzdür, aprelin 10-da keçirilən sınaq imtahanı aprelin 3-də keçirilən imtahanın təkrarı idi. Amma nə olsun: 3 manat verib qeydiyyatdan keçən, o günü həyəcanla gözləyənlər həddən artıq çox idi. Maraqlıdır, qeybə çəkilən 3 manatlar kimin cibinə getdi? Axı harda görünüb ki, yoxlama ilə sınaq imtahanı bir gündə keçirilsin? Axı nə vaxta kimi bir canı olan uşaqlar iki yerə bölünmək zorunda qalacaqlar? Məmurların mənasız dartışmaları, bacarıqsızlığı, acgözlüyü, bir-birinə nifrəti üzündən nə vaxta kimi uşaqlı-böyüklü əzab çəkməli olacağıq? Məktəbdən çıxıb repetitor yanına qaçan uşaqlar sınaqdan yoxlamaya getmək işgəncəsini də yaşamalıdırlar?

Son bir ildə 11-ci sinifdə oxuyan qızımla bərabər hansı əzab və işgəncələrdən keçdiyimizi bir Allah bilir. 11 il ərzində övladıma əsəb, gərginlik yaşadan bir bəla ocağından ayrılmaq üçün həftələri, günləri, saatları sayıram. Sanki məktəbdən deyil, zindandan ayrılacaq. Sinif otaqlarındakı soyuqdan böyrəklərində problemlər yaranan, savadsız, vicdansız müəllimlərin hay-küyündən əsəbləri tarıma çəkilən, mənasız testlərin bolluğundan gözləri zəifləyən, repetitorların məskəni olan zirzəmilərdəki rütubətdən revmatizm xəstəliyinə tutulan övladımın sağlığını kim geri qaytaracaq? Sağlam, qırmızıyanaq uşaqları əlil etdiyi üçünmü Misir Mərdanova hökumət tez-tez sarı üzlü medallar verir? Mərdanovun xəbəri var ki, məktəblə repetitor qapıları arasında qalan yuxarı sinif şagirdləri suyu, çayı, şirəni körpə uşaq kimi əmzikdən içir? Xəbəri var ki, valideynlər yemək bağlaması ilə məktəbə yaxın dayanacaqlarda dayanıb “uşaq keçər məni görməz, gedim durum yolun üstə” oxuyurlar? Valideyn tanıyıram ki, dərs yükünün bolluğundan saçlarını toxumağa vaxtı olmayan qızının uzun hörüklərini dibindən kəsib. Zərif çiyinlərində təhsil naziri boyda kitablar daşıyan Misir fitnələri – məktəblilər Nizaminin Fitnəsini öküzü ilə bir yerdə bir əl üstə günlərlə gəzdirərlər. Oxumağa tutuklu olan uşaqlar yol gedəndə, hətta bazar, bayram günlərində də qulaqcıqla repetitorların tapşırıqlarını dinləyirlər. Attestat, diplom (bir parça kağız) vermək üçün insan ömrünün ən gözəl illərini almaq “Xeyir və Şər”dəki zalımın da ağlına gəlməzdi. Ölkəni idarə edən ŞƏRlər bütün gözəllikləri, xeyir işləri məmləkətdən sürgün etdilər. Artıq adamlar bıçağı, baltanı ət kəsib-doğramaq məqsədi ilə almır, adam doğramaq üçün alırlar. Insan ətindən kabab çəkmək üçün şiş almağa da çox qalmayıb. Əminəm ki, gələcəkdə ən məşhur “ujas” filmləri Azərbaycanda çəkiləcək. Yaradıcı qruplar ölkələrinə sağ-salamat dönmək üçün, yəqin ki, bütün çəkilişləri helikopterdən edərlər.

P.S. Hələ dərs ilinin başa çatmasına bir xeyli vaxt qalsa da qızım ölkəni tərk etmək üçün indidən “bavul”ini hazırlayır. Əziz anamın adını daşıyan, ən yaxın köməkçim, dostum, rəfiqəm, kiçik bacım olan yeganə qızımdan ayrılmaq mənim üçün çox zor olsa da, onu saxlamağa, qərarını dəyişməyə haqqım yoxdur. Belə davam etsə, bu QORXUNC ölkəni nəinki övladlarımız, hətta Günəş də, Ay da tərk edəcək…