Qəzzafinin həyatı təhlükədə

NATO qırıcıları Liviya diktatorunun son qalasını bombardman etdi; Ingiltərə bölgəyə xüsusi hərbi missiya göndərir

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı NATO komandanlığı altında keçirilən hərbi əməliyyatlar davam edir. Şimali Atlantika blokuna məxsus qırıcılar ötən gecə diktatora bağlı qüvvələrin hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib.
NATO əməliyyatlarına komandanlıq edən general-leytenant Çarlz Buşar açıqlamasında qırıcıların Tripolidən 10 km. cənubdakı 32-ci korpusun qərargahına və hərbi bazanın rabitə sisteminə dağıdıcı hava zərbələri endirildiyini bildirib. Dünən səhər saatlarında NATO qırıcıları Liviya diktatorunun son qalası sayılan Tripoli və Siirt şəhərlərindəki Qəzzafi qüvvələrinin hədəflərini bombalayıb.
General-leytenantın açıqlamasında vurğulanır ki, Liviya vətəndaşlarına qarşı hücumlara qatılan Qəzzafi tərəfdarlarını zəiflətmək məqsədilə NATO-nun hərbi əməliyyatları davam edəcək.
Kanadalı general diktatorun əsgərlərinin üsyançıların nəzarətindəki şəhərdə xəstəxanalarda gizləndiyini və məscidlərin minarələrindən dinc vətəndaşlara atəş açdığını bildirib. Qəzzafiyə sadiq əsgərlər zirehli maşinlarla məktəblərə daxil olaraq, təhsil müəssisələrini dağıdıblar.
“Amnesty International” təşkilatının nümayəndəsi Donatella Rovera “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Liviya diktatorunun əmrindəki əsgərlər Misrata şəhərini dünən yenidən top atəşinə tutub.

Qəzzafi rejimi 10 min insanın həyatına son qoyub

Bu arada Italiyanın xarici işlər naziri Franko Frattini Liviya diktatoru Müəmmər Qəzzafinin həyatının təhlükədə olduğunu bildirib. Nazir digər liviyalılar kimi, diktatora da kömək ediləcəyini söyləyib.
Liviya müxalifətinin qurduğu Milli Şuranın sədri Mustafa Əbdül Cəlillə Romada görüşən Frattini onu da qeyd edib ki, Qəzzafi əleyhdarlarının nəzarətində olan şəhərlərdə istehsal edilən neftin dünya bazarlarına çıxarılması məsələsinin müzakirə ediləcəyi toplatı mayda keçiriləcək.
Mustafa Əbdül Cəlilə istinad edən italiyalı nazir bu günə qədər Liviyadakı qarşıdurmalarda 10 minə yaxın insanın həlak olduğunu, 55 min nəfərin yaralandığını vurğulayıb.

İngiltərə Liviyaya xüsusi hərbi missiya göndərir

İngiltərə hökuməti isə Liviyadakı qarşıdurmalarda müxalifət qüvvələrinə məsləhətçilik etmək məqsədilə Benqazi şəhərinə xüsusi zabit heyəti göndərilməsinə qərar verib. Xarici işlər naziri Uilyam Hoque qərarın Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul olunduğunu və dərhal yerinə yetiriləcəyini söyləyib. 10 nəfərlik qrup Qəzzafi rejiminə qarşı qüvvələrə kəşfiyyat və hərbi əməliyyatlar istiqamətində məsləhətlər verəcək.

Turan