Qanqrena

Zaman – 17 aprel 2011-ci il.
Məkan – Bakı şəhərinin Sahil kvadratı.
Daxili işlər nazirliyi (DIN) Çevik Polis Alayının (ÇPA) əsgər və zabitləri bu kvadratı üzük qaşı kimi mühasirəyə alıb.
Sahil bağına giriş nöqtələrini polislər və mülki geyimlilər nəzarətə götürüb.
“Nizami” kinoteatrı, “28 may” metrostansiyası, Hökumət evi qarşısında ehtiyat qüvvələri – polislərlə dolu avtobuslar dayanıb.
Görə bilmədiyim məkanlarda yəqin ki, Daxili Qoşunlar və ordu hazır vəziyyətdədir və hərəkət üçün əmr gözləyirlər…
Nə baş verib ki, rejim tabeçiliyində olan güc strukturlarını döyüş vəziyyətinə gətirib?
Insanların “AZADLIQ” istəyi rejimi nədən belə təlaşa salıb?
YAP-ın fəlsəfəsinə, mahiyyətinə nəzər yetirəndə bu sualların cavabı aydın görünür.
Rejim iki nazirliyin sayəsində tənəffüs edir.
Təkcə Azərbaycanda deyil, bütün avtoritar, despot rejimlərdə belədir.
POLIS və ORDU olmasa, o, yaşaya bilmir.
Və rejimin başında dayananlar “xalq bizi dəstəkləyir” deyəndə məhz ordu ilə polisi nəzərdə tutur.
Xalq kimdir?
Müəllim, həkim, təqaüdçü, gənc, işsiz, məmurdan ibarətdir xalq.
Müəllimi, həkimi, təqaüdçünü, tələbəni, işsizi adam kimi yaşadırmı, rejim?
Yaşatmır!
Yaşatmırsa, bu zümrənin rejimə məhəbbəti, dəstəyi necə yarana bilər?
Rejim rüşvətxor məmurunu yaşadır, deputatını yaşadır, polisinin, ordusunun yuxarı eşalonundakıları yaşadır.
Onlar da canla-başla rejimin müdafiəsinə qalxırlar.
Aprelin 17-də rejimin yaşatdığı qüvvələr xalqın qarşısında idi.
Bunu iqamətgahlarının eyvanından YAP yetkililəri daha aydın görürdü.
Görürdülər ki, Sahil bağı dörd tərəfdən rejimin süni tənəffüs aparatını gəzdirənlərin mühasirəsindədir.
Görürdülər ki, “Azadlıq”, “Istefa”, “Azad seçki” şüarını sələndirənləri polis həbs edir.
Gördülər ki, Sahil bağının giriş hissələrində minlər dayanıb.
Gördülər ki, gənc bir qızın əlindəki kağıza “BIZ QOYUN DEYILIK!” yazılıb.
Anasının əlindən tutmuş 5 yaşlı körpənin etirazını da görüblər, yəqin.
YAP-ın eyvanında dayananların cəmiyyətin başının üstündəki QORXU silahından da xəbərləri var.
Məhz o silahın sayəsində o balkonda dayanıb xalqa yönəlik zordan feyziyab olurlar.
Və düşünürlər ki, DEMOKL QILINCI daima cəmiyyətin başının üstündə olacaq…
Dövlət üç qanadlı bir orqanizmə bənzədilir.
Qanadlardan biri icra hakimiyyətidir.
Azərbaycanda icra hakimiyyəti təpədən-dırnağa rüşvət xəstəliyinə mübtəla olub.
Ikinci qanad qanunverici hakimiyyətidir.
O da müstəqil deyil, icra hakimiyyətinin qulluğunda dayandığından mahiyyətini itirib.
Üçüncü qanad da məhkəmə hakimiyyətidir və onun hansı xəstəliyə düçar olduğunu cəmiyyət çox yaxşı bilir.
Belə bir durumda dövlətin orqanizm hansı xəstəliyə düçar olur?
Mən QANQRENA yazıram.
Qanqrena, yəni çürümə.
Polisin, əli silahlıların, qoçuların, işverənlərin, balkonlardan tamaşa edənlərin anlaması üçün yazıram, QANQRENA sağalan xəstəlik deyil.
DÖVLƏT ya ciddi islahatlar aparıb bu xəstəliyi yaradan səbəbləri aradan qaldırmalıdır.
Ya da polisə, orduya, qoçulara söykənərək, başının çürüyüb düşən gününü gözləməlidir.
Üçüncü yol varmı?!.