Elə bilməyin ki, bu yazıda “döyüş alnınıza yazılıb” sözlərini özlərinə şüar edib əvəzindəsə başqa bir şey, məsələn, söyüş yazdıran ANS kanalından, ya da onun ibarəli cümlələri ilə məşhur olan, bəzən də “yol”dan danışıb, amma yolsuzlaşan aparıcısından yazacam, yox, dəyməz, olan ortada…
Düzdür, elə yazacağım da ortadadır və bəlkə yanlış edirəm yazıram, çünki hakimiyyətdəki məmurlara da vaxt sərf etməyə dəyməz. Vallah, adam geniş düşünəndə anlayır ki, bunları tənqid edilən vaxta xərclədiyin enerjini məsələn, bir kimsəsiz heyvanın qayğısına qalmağa xərcləsən daha savab olar, amma indi bu özündənrazı məmurların üzündən elə gətirib ki, Allahın bizə verdiyi ömrü dəyməzlərə xərcləməli oluruq.
Keçən gün növbəti mitinq oldu və ANS-də çox arxayınlıqla müsahibə verən Əli Həsənov əda ilə bildirdi ki, vəziyyət stabildir, hətta Dədə Qorqudluq edib müxalifəti daha səmərəli işlə məşğul olmağa dəvət etdi. Sonra demokratiyadan, insanların radikal müxalifətə qarşı mitinqlərinin də normal olduğunu vurğuladı. Amma orda müsahib olan adam soruşa bilmədi ki, ay adam, yaxşı, radikal müxalifətə qarşı sözlərini demək normaldırsa, niyə bu müxalifətin söz deməsi bu qədər sərt olub gözünüzə batır? Sabitlikdirsə, niyə az qala bir ordunu gənclərin üstünə yürüdürsünüz? Özünüzdən bu qədər arxayınsınızsa, niyə belə qorxuya düşmüsünüz? Bu suallar olmadı və təbii döyüş alnına yazılmayanların elə həmin andaca alnına başqa sözlər yazıldı.
Bu günsə mitinqdə çəkilən şəkillərə baxarkən mitinqçiləri izləmək, öz yekə qarınları, key ifadələri, ikrahedici simaları ilə guya ki, şən əhvalla eyvana çıxıb mitinqçilərə acıq vermək istəyən bir sıra YAP məmurunun şəkillərini də görəndə düşündüm ki, Ilahi, gör biz kiminlə üz-üzə dayanmışıq, bunların dünyagörüşünə, səviyyəsinə, həyata baxışına bax ki, kiməsə acıq verəsən, hələ bunu nümayişkaranə şəkildə poza verərək ətrafa bəyan da edəsən.
Hələ üstəlik, F.Ağamalı özünü bir anlıq Sezar kimi hiss edib baş barmağını aşağı tutub podiumda durubmuş kimi poza da verib. Birincisi, Sezar olmaq üçün F.Ağamalı tipi heç yaramır, Sezar olmaq üçün ən azı iradə gərəkir ki, onu da xalqa acıq verməklə əldə etmək olmaz, yeyib-içib hələ tox olduğunu da nümayiş etdirə-etdirə kiməsə ölüm hökmü oxumaq iddiasına düşməklə də Sezar olmaq olmaz. Sezar olmaq üçün Sezar doğulmaq lazımdır, F.Ağamalı yox!
Olsa-olsa Sezar pozuntusu olmaq olar, amma daha F.Ağamalı tipi ilə yox!
Bunun da fərqindəsiniz, vallahi, billahi də fərqindəsiniz ki, ölüm hökmü oxumaq istədiklərinizin sizə layiq olduğunuz hökmü oxuyacağı gün uzaqda deyil.ÿ
Qəzzafi özünün botokslu üzü, meymuna bənzər hərəkətləri, gülünc eynəyi ilə bir necə gün öncə xalq qarşısına çıxıb yumruq yelləyirdi, az səbr edin, Qəzzafinin yumruğunun yerə gəldiyi vaxt siz, indi xalqa acıq verənlər, bir daha anlayacaqsınız ki, poza vermək, barmaq hərləməklə iş bitmir.ÿ
Son olaraq onu deyim, keçən axşam Əli Həsənov müxalifətə iş paylayırdı ha, hətta əsaslandırırdı ki, onlara iş verərlər, demokratik cəmiyyətdə yaşayırıq. Onda mən bir nümunəni deyim. Təqribən 8 il öncə Xarici Dillər Universitetində işləmək üçün ora baş vurdum, Səməd Seyidovun qəbulunda oldum. Məni dinlədi, kimliyimi gizlətmədim, sonda nə dedi, bilmək istərsinizmi, cənab Həsənov?! “Mən bir ziyalı kimi sizə qapı açaram, amma nə yazıq ki, məmur kimi bunu edə bilməyəcəm” (Illər keçsə də, hər halda öz köləliyini belə səmimi şəkildə etiraf etdiyinə görə S.Seyidova təşəkkür edirəm).
Bir də, yeri gəlmişkən, siz, müxalifətçilərin başqa işlərdə ölkə üçün daha yararlı ola biləcəyindən danışdınız.. Indi mən də sizin Dədə Qorqudluğunuza, e-e-e, demokratik insan olduğunuza, illərdir həyatınızın bir hissəsini kəsib qurduğunuz ölkənin demokratik olduğuna güvənərək fikrimi açıq ifadə etmək istəyirəm… Azərbaycanda elə sahə görmürəm ki, siz orada nəyəsə yararlı olasınız!