Əliyev rejimindən internetə total hücum

Hakimiyyət sosial şəbəkələrdə təxribatla məşğuldur

 

Hakimiyyət müxalif fəallar üzərinə hücumu indi də internet üzərindən həyata keçirir. Sosial şəbəkələrdə, bloqlarda aktiv gənclərin, müxalifətçilərin fəaliyyətinin güclənməsi hakimiyyəti narahat edir. Sosial şəbəkələrdə tanınmış simaların adına saxta hesablar yaradılır, bloqlar sıradan çıxarılır.

 

Saytlara hücumlar

Hakimiyyətin bu hücumları əvvəldən var idi. Məsələn, “Azadlıq” qəzetinin saytı yarandığı gündən xaker hücumlarına məruz qalır. Siyasi proseslərin gücləndiyi vaxtlarda isə bu hücumlar səngimək bilmir. Xüsusilə də mitinqlərin keçirildiyi günlərdə müxalif yönümlü xəbər portallarına hücumlar çoxalır. Aprelin 2-də “Azadlıq” qəzetinin saytı gün ərzində çalışmamışdı. Aprelin 17-də isə “Qafqaz.info” xəbər portalı hücum nəticəsində dağıdılmışdı. Bu hücumlar “Yeni Müsavat” qəzetinin, “Azadlıq” radiosunun saytlarından da yan keçmir.

Cəbhəçilərin Facebook hesabları dağıdılır

Bir müddət öncə Facebook sosial şəbəkəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının hesabı sıradan çıxarılmışdı. Sonradan həmin hesab “Azadlıq” qəzetinin əməkdaşı, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun adına dəyişdirilmişdi. Onlar bununla kifayətlənməyərək Natiq Ədilovun özünə məxsus hesabını da bağlatdırmışdılar. Facebook idarəçilərinə müraciət etdikdən sonra onun hesabını bərpa etdilər.

Xüsusi proqramlardan istifadə edilir

Əldə etdiyimiz məlumata görə, Azərbaycan hakimiyyəti Facebook istifadəçilərinin hesablarını ələ keçirmək üçün xüsusi proqram alıb. Bu proqram ABŞ-dan alınıb və qiyməti çox bahadır. Proqram vasitəsilə sosial şəbəkədə istifadəçilərin hesabları ələ keçirilir. Bundan sonra tanınmış insanların adından istifadə edərək təxribatla məşğul olur, insanları çaşdıran qeydlər paylaşılır.

Hücumların qarşısını necə almaq olar?

Internet mütəxəssisi Elşad Qocayev deyir ki, daha yüksək səviyyəli serverlər və peşəkarlıqla hazırlanan proqram təminatından istifadə etməklə hücumların qarşısını almaq mümkündür: “Facebookda bəzi hesabların dağıdılması bu sosial şəbəkənin təhlükəsizliyinin aşağı olması ilə izah edilməməlidir. Facebook yüksək səviyyədə proqramlaşdırılmış sistemdir. Lakin Facebooka daxil olan istifadəçilər hansısa elektron poçt saytlarından istifadə edir. Həmin saytların təhlükəsizliyi ciddi olmadığından parolları əldə etmək asan olur. Mail.ru, rambler.ru kimi Rusiyaya məxsus saytların təhlükəsizliyi aşağıdır. Gmail və Yahoo daha təhlükəsiz sistemlər sayılır. Bu elektron poçt sistemlərindən istifadə etmək məsləhətdir”.
Mütəxəssisin fikrincə, internetdəki hücumların bir mərkəzdən idarə olunması ehtimalı böyükdür: “Özü də bu hücumlar zamanı peşəkarlardan istifadə edilir”.

“Rəqabət apara bilmədiklərinə görə belə edirlər”

Natiq Ədilov deyir ki, bu hücumlar hakimiyyətin çarəsiz durumda qalmasını göstərir: “Real həyatda polisin, ordunun gücünə arxalanan hakimiyyət virtual aləmdə başqa mübarizə üsulu tapa bilmir. Belə əxlaqsız hücumlar onların intellektinin və qabiliyyətinin aşağı olmasından xəbər verir. Onlar sosial şəbəkələrdə bizimlə rəqabət apara bilmirlər. Adımızdan saxta hesablar yaradıb müxtəlif təxribatlar edirlər. Ən iyrənci odur ki, onlar internetdəki hücumlar zamanı Milli qəhrəman Mübariz Ibrahimovun adından istifadə edirlər. Profillərinə onun fotolarını qoyurlar, onun adından qeydlər yazırlar”.
Natiq Ədilov hesab edir ki, bu cür hucumların xeyri olmayacaq. Çünki sosial şəbəkələrdəki belə hücumlar əks-effekt verir.

Elmin Həsənli