«Bu hakimiyyət dünyaya meydan oxuyacaq gücdə deyil»

Hakimiyyətin Qərblə qarşıdurması nə vəd edir?

Azərbaycan hökuməti hər zaman özünün balanslaşdırılmış xarici siyasəti ilə öyünsə də, son zamanlar xarici siyasət vektorunda baş verənlər bunun əksini göstərir. Ilk olaraq Azərbaycan hakimiyyətinin Qərb ölkələrinə, nüfuzlu beynəlxalq təşkilatlara, Avropa Birliyinə qarşı elan etdiyi “müharibəni” göstərmək olar. Digər tərəfdən, hakimiyyət həmişə arxalandığı Fransa hökumətinə qarşı da səlib yürüşü elan edib. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin yerli kanallarda təhqir olunmasından, Fransanın dövlət başçısının ələ salınmasından sonra çətin ki, Parisi rəsmi Bakının “dostu” saymaq olar. Başqa tərəfdən, Azərbaycan hökumətinin region ölkələri Iran və Türkiyə ilə münasibətləri də kəskinləşdirməsi heç də iqtidarın aktivinə yazılmır. Belə bir situasiyada yürüdülən hazırkı xarici siyasət vektoru Azərbaycan hakimiyyətinə nə vəd edir?

Siyasi şərhçi Zəfər Quliyevin fikrincə, Azərbaycan hakimiyyətinin son vaxtlar Qərb ölkələrinə, nüfuzlu beynəlxalq təşkilatlara qarşı bu cür mövqe sərgiləməsi nə Azərbaycan dövlətinə, nə də iqtidara pozitiv gələcək vəd edir. Baş verən proseslərdə itirən tərəfin yalnız Azərbaycan olacağını deyən Z.Quliyev vurğuladı ki, Azərbaycan hakimiyyətinin bu cür ritorikası onu göstərir ki, rəsmi Bakı dünyada və ölkəmizdə gedən proseslərdən narahatdır: “Həm dünyada baş verən inqilablar, həm də Azərbaycanda müxalifətin rəhbərliyi ilə cəmiyyətdə yüksələn aktivlik iqtidarı düşündürür. Və nəticədə iqtidar elə düşünür ki, bütün proseslərin arxasında Qərb dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar dayanır. Xarici dövlətlərin diplomatları Ictimai Palatanın nümayəndələri ilə görüşdükdən sonra hakimiyyət təmsilçiləri bu diplomatları ”arzuolunmaz şəxs” elan etməyə başladılar. Hətta Əli Əhmədov bir qədər də irəli gedərək bəyan etdi ki, müxalifətin mitinqlərini xarici dövlətlər təşkil edir”.
Bu cür siyasətlə hakimiyyətin özünü təcrid vəziyyətinə saldığını deyən Z.Quliyev qeyd etdi ki, Azərbaycan iqtidarının bu cür davranışı başadüşülən deyil: “Azərbaycan hakimiyyəti bütün dünyaya meydan oxuyacaq gücdə deyil. Azərbaycan cırtdan ölkədir və bütün dünyaya müharibə etmək iddiası ilə çıxış etmək anlaşılmır. Əslində hakimiyyət ona qarşı iradları nəzərə alaraq daxildəki narazılığı yatırtmaq üçün islahatlara başlamalıdır”.
Azərbaycan cəmiyyəti də dəyişikliklər ərəfəsindədir
Bütün avtoritar rejimlərin eyni səhvləri buraxdığını deyən Z.Quliyevin fikrincə, yaxın tariximiz göstərir ki, avtoritar liderlərin hamısı sona qədər mübarizə apararaq özünü xilas edəcəyini düşünür. Amma sonda çox biabırçı vəziyyətdə hakimiyyətdən gedirlər. Azərbaycan cəmiyyətinin də dəyişikliklər ərəfəsində olduğunu deyən Z.Quliyev vurğuladı ki, Qərb də öz növbəsində Azərbaycanın demokratik islahatlara getməli olduğu mesajlarını verir. B.Fasyenin təhqir olunmasını Fransaya mesaj kimi qiymətləndirən Z.Quliyev bildirdi ki, əslində ATƏT-in fəaliyyətində daha çox Rusiya tənqid atəşinə tutulmalıdır. Amma Azərbaycan iqtidarı Qərblə münasibətləri kəskinləşdirməyin fonunda Rusiya ilə daha da yaxınlaşır.

Xəyal