Ata Abdullayev adlı cinayətkarın simasında bu hakimiyyətin idarəetmə taktikası bütün çılpaqlığı ilə üzə çıxdı. Ata cinayət törədib, bir dəstə dələduzla “AZAL”a 100 min manatlıq ziyan vurub. Hüquq-mühafizə orqanları dəstə üzvlərinə 8-10 il həbs cəzası versələr də, Ataya qarşı humanizm nümayiş etdiriblər, 7 il şərti işlə onu dörd divar arasına düşməkdən qoruyublar.
Doğrudur, Ata Abdullayevi türmədən, məhkumluqdan azad ediblər, əvəzində şərəfini, ləyaqətini, insanlığını, qürurunu, mənliyini əlindən alıblar, mitinqlərdə adamdöyən, adamhəbsedən ştatında çalışmağa məhkum ediblər. Ata bu pis, el arasında “işverən”, “stukaç” adlandırılan işdən imtina etməkdə acizdir, çünki 7 illik şərti cəzası “özünü yaxşı aparmaması” səbəbindən anında həbs-qətimkanla əvəzlənə bilər.
Azərbaycanda dövlət beləcə idarə olunur. Hökumət qulluğunda çalışanların hamısı rüşvət və korrupsiya səbəbindən cinayətkara çevriliblər, onları hər an həbs etmək, yığdıqlarını əllərindən almaq mümkündür. Ona görə də hüquq-mühafizə, icraedici, məhkəmə orqanları faktiki girovdurlar, vəhşiliyə məhkum ediliblər, siyasi iradəni yerinə yetirməyə vadardırlar. Sabah necə olacaq, onlar girovluqdan bilmərrə imtina edəcəklərmi-etməyəcəklərmi, bilmirəm, bu günün reallığı budur ki, hələlik bu məxluqlar qul kimi yaşamaqda davam edirlər.
Bax, bu qullardan ən barizi, gözəgəlimlisi və gözəçarpanı Ata Abdullayev qarmaqarışıq bir müsahibə verib. 7 il türmədə kişi kimi yatıb, mərd çıxmaqdansa, bütün ömrünü qanunsuzluqlar içində, zavallı və miskin durumda, hakimiyyəti sevmək məcburiyyətində sürdürməyi üstün tutan Ata jurnalistin sualları qarşısında çaşıb. Görüb vəziyyət pisdi, danışdıqca paxırlar açılır, tələm-tələsik “Allah ömrümdən kəsib Ilham Əliyevə versin”lə söhbəti bağlaıb.
Öz təsəvvüründə biabırçılığı Ilham Əliyevə fəda olmaqla kompensasiya edib.
Adam, bunu alqış sanırsan? Ay bədbəxt, sənin ömrün Ilham Əliyevin nəyinə lazımdır? Bir dəstə adamla cəmi-cümlətani 100 min manatın zibilinə düşmüsən, bütün ömrün əldən gedib. Bu əzilmiş, adicə serjantın çəkməsiləninə dönmüş ştatdankənar işverən ömrünü Ilham Əliyev neynir? Heç kəsə gərək olmayan, özünün belə yaşamaq istəmədiyin miskin ömrünü möhtərəmimizin ömrünə hara calaq edirsən?
Əslində, sənin bu sözlərin qarğışdı, qarğış! Istəyirsən, cənabi-hörmətlimiz də sənin ömrünü yaşasın, cinayətkar kimi həbs olunsun, sonra da humanizm qarşılığında şərti iş alıb himayədarlarının quluna, köləsinə çevrilsin.
Sənin kimi gədə-güdənin bu tip alqışlarından əbədi möhtərəmimiz ürək xəstəsinə çevrildi. Iki min beş yüz yaşı olan qoca-qoca kişilər, işsiz-gücsüz təqaüdçülər, ömürləri it zillətiylə keçən yataq xəstələri əlləri titrəyə-titrəyə, yorğan döşəkdə inildəyə-inildəyə hərəsi bir yandan başladı banlamağa ki, Allah ömrümüzdən kəsib ümummillimizə calasın! Belə “alqışların” nəticəsi gördük necə oldu.
Indi də keçiblər balasına. Həm də bu “alqış”ın müəllifi insanlıq qənimi, xalqa divan tutan, cəmiyyətin “Azadlıq” bağıran səsini əlləri ilə qapayan, bir dəstə dələduzla başqalarının var-dövlətini talayan, yaramaz bir insan – Atadır.
Yalançıya lənət olsun!
Siyavuş Novruzov Isa bəyin səfirlərdən birinə dediyi sözləri eşidib (nətəhər eşidib, onu demir), öyrənib ki, 2 aprel mitinqinə 800 adam çıxıb. Sonra da ictimaiyyətə 5 min rəqəm söylənilməsini “ayıb” adlandırıb.
Novruzov doğru deyir, yalan danışmaq nəinki ayıb, ən alçaq, ən rəzil, ən çirkin, ən vicdansız hərəkətdir; yalanı dilinə gətirmək şərəfsizlik, ləyaqətsizlikdir, kişi olan bəndə yalanı üzə çıxanda gərək ölsün, yerə girsin, adam içinə çıxmasın!
Yeri gəlmişkən, Siyavuş Novruzov həmin müsahibəsində deyir ki, mitinqə “keçən dəfə aldatmalar, pul yoluyla cəmisi 300 adam çıxmışdısa, bu gün 50-60 nəfər belə olmadı…”.
Partiyalar 17 aprel mitinqində həbs olunanları adbaad açıqladılar – ən azı 103 nəfər mitinqdə, 20 nəfər mitinqöncəsi tutulub.
Bakı şəhər Baş Polis Idarəsinin rəsmi açıqlamasına görə isə 65 nəfər saxlanılıb.
Etirazçıların sayı 50-60-a belə çatmırsa, bəs, sizinkilər rəsmən etiraf etdikləri 65 adamı hardan tutublar? Bəs, həbs olunmayanlar nə qədərdir?
Siyavuş müəllim, gəl, yalançıya bir daha və birlikdə lənət oxuyaq! Nə deyirsən?