Hakimiyyətin Eynulla Fətullayev qorxusu

İntiqam Əliyev: «Hakimiyyət, həbsxanada baş verənlər barədə cəmiyyətə onun öz dilindən çatdırılacaq fikirlərdən narahatdır»

Bir sıra təşkilatlar (Hüquq Maarifçiliyi Cəmiyyəti, Media Hüququ Institutu, Azərbaycan Hüquqçular Assosiasiyası, Demokratiya və Insan Hüquqları Resurs Mərkəzi, Tender Monitorinq Mərkəzi) bir müddət əvvəl həbsdə olan blogerlər Emin Milli və Adnan Hacızadə, “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdilər. Nazirlik onlara cavab verməkdən imtina etmişdi. Daha sonra Penitensiar Xidmətə və Penitensiar Sistemə Nəzarət Ictimai Komitəsinə müraciət olunsa da, həmin qurumlar məhbuslarla görüşə icazə vermək səlahiyyətinin digərinə məxsus olduğunu əsas gətirərək, məsuliyyəti bir-birinin üzərinə atmışdılar.
Lakin onlara icazə verilməmişdi. Belə olan halda, adları çəkilən təşkilatlar, eləcə də Emin Milli, Eynulla Fətullayev Ədliyyə Nazirliyinə, eləcə də nazirliyin Penitensiar Xidmətinə qarşı məhkəmədə iddia qaldırmışdı. Dünən həmin iddiaya baxılmalıydı, lakin məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev məlumat verib.
Hüquqşünas bildirib ki, artıq üçüncü dəfədir, məhkəmə prosesi qanunsuz olaraq təxirə salınır: “Məhkəmə prosesi saat 11-də 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin hakimi Fəqan Əhmədovun sədrliyilə başlanmalı idi. Həmin vaxtda şikayətçi təşkilatlarla yanaşı, beynəlxalq təşkilatların, KIV-lərin, QHT-lərin təmsilçiləri və müşahidəçilər artıq məhkəmə zalında idilər. Eynulla Fətullayevin də məhkəməyə gətirildiyi barədə məlumat verilmişdi. Lakin proses təyin olunmuş vaxtda başlanmadı. Təxminən saat yarımdan sonra məhkəmə iclas katibi hakimin ”qəflətən özünü pis hiss etməsilə əlaqədar” proses qeyri-müəyyən müddətə təxirə salınıb”.
I.Əliyev bunu növbəti məhkəmə özbaşınalığı kimi qiymətləndirib: “Məhkəmə prosesinin təxirə salınması üçün göstərilən əsas o qədər gülüncdür ki, buna şərh verməyə də adam çətinlik çəkir. Məhkəmədə çoxsaylı zalların boş olduğu halda, prosesi keçirmək üçün zal gözləməyimiz, saat yarımdan sonra sapsağlam hakimin qəflətən özünü pis etməsi və nəhayət, prosesi qeyri-müəyyən müddətə təxirə salması kimi biabırçı bir şeyə yalnız Azərbaycan məhkəmələrində rast gəlmək olar. Prosesin sifarişlə təxirə salındığına heç bir şübhə yoxdur”.
Hüquqşünasın fikrincə, hakimiyyət indiki halda, Eynulla Fətullayevin ictimaiyyət qarşısına çıxmasından narahatdır: “Hakimiyyət, həbsxanada baş verənlər barədə cəmiyyətə onun öz dilindən çatdırılacaq fikirlərdən narahatdır. Hakimiyyət bu jurnalistdən necə bərk qorxduğunu növbəti dəfə nümayiş etdirdi”.