aliyev-kerimli2

Hakimiyyət Əli Kərimlini həbs etmək istəyir?

Leyla Yunus: «Müxalifət liderlərini həbs etmək hakimiyyət üçün ciddi başağrısına çevrilə bilər»

Hakimiyyət AXCP sədri Əli Kərimlini həbs etmək istəyir. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məlumata görə, tamamilə mümkündür ki, Əli Kərimli bu həftə həbs edilsin və onun barəsində cinayət işi başlansın. Lakin iqtidar ideoloqları düşünür ki, AXCP sədrinin həbsi onun populyarlığını daha da artırar. Ona görə də Əli Kərimlinin həbsi məsələsində bir qədər tərəddüdlər var.

Əslində hakimiyyət həm də anlayır ki, Əli Kərimlini həbs etmək o qədər də asan məsələ deyil. Çünki hələlik Belorus istisna olmaqla heç bir avtoritar ölkədə müxalifət liderlərinin həbs olunması təcrübəsinə rast gəlinməyib. Belorus diktatoru Aleksandr Lukaşenko isə bu addımına görə dünyadan təcrid olunub.

Hüquq müdafiəçisi Leyla Yunus da hesab edir ki, Əli Kərimlinin həbsi hakimiyyət üçün mənfi nəticələr doğura bilər. Hüquq müdafiəçisi iqtidardan belə bir addım gözləsə də, bunun o qədər asan məsələ olmadığını deyir: “Əlbəttə ki, bu müxalifət liderlərini həbs etmək hakimiyyət üçün ciddi başağrısına çevrilə bilər. Lakin son proseslər göstərir ki, iqtidar başını itirib, çox qorxur. Ona görə də ardıcıl olaraq kobud səhvlərə yol verir. Ərəb ölkələrinin avtoritar rejimləri də eyni səhvlərə yol vermişdilər. Onlar da sərbəst toplaşmaq azadlığına qadağa qoymuşdular, aksiyaya çıxan insanlara divan tuturdular. Lakin bunun nəticəsi onlar üçün çox ağır oldu. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyəti ərəb avtoritarlarının yolunu getməklə sonunu yaxınlaşdırır”.
Leyla Yunus əlavə edib ki, hakimiyyətin bu siyasəti Azərbaycanda az qala vətəndaş müharibəsi şəraiti yaradıb: “Heç nə fikirləşmədən istənilən addımı atırlar. Baş verənlər göstərir ki, hakimiyyətin planlı siyasət yürütdüyü, strateqlərinin olduğu və s. barədə deyilənlər əslində yalanmış. Hakimiyyət ”ağa deyir sür dərəyə, sür dərəyə” prinsipilə hərəkət edir. Nəticədə də siyasi gərginlik artır,  vətəndaş müharibəsi şəraiti yaranır”.

İnformasiya şöbəsi