Şəfəq sökülür

Ictimai fəallığı yatırmaq üçün Ilham Əliyev dərin planlar düşünmədi. O, əbədi və əzəli qibləgahına – gücə, repressiyaya əl atdı. Azca da olsa, demokratiya nəfəsliyini açmaqla ictimai rəydə yumşaltma yaratmaq olardı. Bunu etmədi, gücü yumurta üzərində əzəmətini sübut etməyə çatdı.

Tale ona heç vaxt əsl qələbə dadmağa imkan verməyib. Nə edəsən, istəməsən belə, kor bəxtin gedişatına bəzən baş əyməli olursan.

Gələk, güc faktoruna. Hakimiyyətin güc anlayışı birbaşa fiziki güc, əzələ gücüdür. Onların siyasi və intellektual gücündən söz açmaq belə mümkün deyil. Bəlkə biz Fəzail Ağamalının, Mübariz Qurbanlının mədəniyyət göstəricilərinin yüksəkliyindən danışa bilərik? O da mümkün deyil.

Ancaq dəyənəyinin və yumruğunun iriliyinə görə bəşəriyyət indi heç kimə rəğbət duymur. Eramızdan təxminən 8 min əvvəl Yaxın Şərqdə bizimkilərə hökmranlıq qismət olsaydı, təbiət və insanlarla qaba rəftarlarına görə tarix kitablarına əlamətdar hadisə kimi düşərdilər. Indi nəinki mədəni Avropada, elə bizim ellərdə də yumruqla danışan adamlara yaxşı tərbiyə almamış adamlar kimi baxırlar.

Deməli, bu gün hakim düşərgə gərnəşib, “aksiyaları güclə susdurduq” deyə özlərinə toxtaqlıq versə də, vəziyyət demokratiyanın xeyrinə əsaslı dərəcədə dəyişir. Hər kəs daha çox başa düşməyə başlayır ki, qozbeli qəbir düzəldir. Həbs və təqiblər isə çoxaldıqca adiləşir. Artıq sutkalıq həbslərlə müxalif gəncliyi nəinki qorxutmaq olmur, əksinə, belə həbslər insanlara əlavə müsbət imic qazandırır. Belə adamlara heyranlıq artır.

Ola bilər ki, bu gün açılan cinayət işləri bir qədər xof yaratdı. Ancaq o da ötəridir. Nə qədər adama cinayət işi açasıdırlar ki?! Insanlar tutduğu yola inanırsa, bu yolda qətiyyətlidirsə, onu heç güllə ilə də qorxutmaq mümkün deyil. Biz bu prosesi hazırda ərəb ölkələrində görürük. Az qala, o ölkələrdə bizdə hər aksiyada həbs olunanların sayı qədər adam ölür. Bu ölümlər onları sındırmır. Əksinə, daha da mətinləşdirir. Və bu təkcə ərəblərə xas keyfiyyət deyil. Inqilabi proseslərin başladığı hər bir ölkədə hakimiyyətin qanlı-qansız istənilən zorakılığının artımı müxalif ovqatla düzmütənasib olur. Buna görə mən çox rahatam: hökumət nə qədər tullanıb düşür, düşsün. Hər cəhdləri onları məğlubiyyətə sarı sürükləyir…

Gözəl Bayramlının həbsi

17 aprel mitinqində saxlanılan AXCP sədrinin müavini Gözəl xanıma məhkəmə 5 sutka həbs verdi. Bu həbsə Gözəl xanım lap çoxdan hazırdı. Məhkəmə zalında olanlar onun bu qanunsuz həbs qərarını necə mərd-mərdanəliklə qarşıladığını da görüblər. Gözəl Bayramlı əqidəsi yolunda dar ağacına “uf” demədən gedən insan tiplərindəndi. Siyasi prosesləri izləyən yoldaşlara bunu xüsusi xatırlatmağa gərək də yoxdur. Bu gün Gözəl xanımdan çox, onu həbsə göndərən hakim haqqında yazmaq istərdim. Heyf ki, o məhkəmədə ola bilmədim. O hakimin gözlərini görmək, səsini eşitmək istəyərdim. Manqurt təkcə Çingiz Aytmatovun əsərində maraqlı deyil ki… Onu həyatda canlı görmək də cəlbedicidir.

Gözəl Bayramlıya 5 sutka həbs verən hakimin bu əməlini evdə ailəsinə izahı bir ağır romanın mövzusu ola bilər. Yəqin ki, o, AzTV təbirincə, “xarici qüvvələrin maliyyə dəstəyilə dövlətçiliyə zərbə vurmaq istəyən bir xanımı həbsə yolladım” deməyəcək… Bəs nələr uyduracaq? Bəlkə Firon kimi, həmin hakim də gecə səhərədək özünü ayaqlarından asacaq?