Doğrudanmı 17 aprel mitinqi iflasdır?

Bu yazı iki suala cavab vermək niyyəti güdür:
– 17 aprel mitinqi həqiqətənmi Siyavuş Novruzovların dediyi kimi iflasdır?
– Nisbətən zəif mitinq daha böyük uğura necə yol aça bilər?

***

Gəlin açıq deyək, 17 aprel mitinqi 2 aprel mitinqi qədər effektli alınmadı. Müxtəlif səbəblərdən. Ən başlıcası budur ki, aksiyaçılar hakimiyyətin yeni aqressiya taktikasına hazır olmadı. Digər tərəfdən, yeni əraziyə də uyğunlaşmaq çətin oldu. Hamının başında Fəvvarələr meydanının və ətrafının daha asan coğrafiyası fontan vururdu. Amma yeni ərazi ancaq Sahil bağının ətrafına daha yaxın küçələrə və döngələrə sıxlaşmağı tələb edirdi. Bu isə olduqca çətin idi. Şəhərin mərkəzini polislərlə və mülki geyimlilərlə dolduran hakimiyyət tam nail olmasa da, dinc etirazçıları zorakılıqlarla xeyli dərəcədə parçalaya bildi.
Mitinqə gələnlər kifayət qədər idi, yalnız tutulanlar bir yerdə hayqırıb dursaydı, görüntü axtaranlar üçün çox möhtəşəm effekt alınardı. Təəssüf ki, polisin maneələrinə mitinqçilərin təyin olunan yerə can atmaması və müxtəlif yerlədə aksiyalara cəhd etməsi də təsir göstərdi. Deyilən yerə və an azı onun ətraflarına gəlməyə cəhd etmək çox effektli olur. “Deyilən yerə gəlmək lazımdır” kəlməsi bəlkə də heç vaxt bu qədər aktual deyildi.
Ümumilikdə isə aksiya cəmiyyətdəki ictimai fəallığın növbəti dalğası idi, üstəlik, yaxşı bir təcrübədir. Mənim bu aksiyanı yaxşı təcrübə adlandırmağımın xüsusi bir səbəbi var.

Bu fikrə qayıdacağam…

Məsələ ondadır ki, hətta mitinqi zəif də saymaq olar, amma Siyavuş Novruzovun ona iflas damğası vurması gülüncdür. Əgər doğrudan da mitinqin zəif olması müxalifətin, azadlıq və ədalət istəyən xalqın iflasıdırsa, onda bir aydan sonra daha uğurlu aksiya keçirmək hakimiyyətin iflası kimi qəbul edilməlidir. Daha bir uğurlu aksiya keçirmək, məsələn, 2 aprel aksiyasından iki dəfə daha effektli aksiyanın baş tutması isə elə çətin deyil. Ictimai Palatanın, aparıcı müxalif partiyaların buna imkanı çatır.
11 mart aksiyası da iştirakçıların sayı baxımdan zəif alınmışdı. Amma növbətilər – 12 mart, 2 aprel, 17 aprel əsl kütləvi etiraz aksiyalarına çevrildi.
Bu mənada 17 aprelin iflas olduğunu düşünənlər yalnız özlərini aldadır. Zaman dəyişib artıq, hətta Ictimai Palata olmasa belə, Azərbaycanda haqlı narazılıqların qabağını almaq mümkün olmayacaq. Əgər indiki fəallığın qabağı yaxın vaxtlarda kəskin repressiyalarla alınsa, az sonra Kür daşqını effekti verəcək və daha da böyüyəcək.
AMIP-in Ictimai Palatanı tərk etməsi də sübut edir ki, hakimiyyət iflas effekti yaratmaq üçün indi çox şeyə gedəcək, amma əsl nəticə dəyişməyəcək – xalq bu iqtidarın yırtıcı və yalançı mahiyyətini qəbul etmir. Hətta rəqiblərin keçirdiyi aksiyaların uğursuzluğu da hakimiyyətin özünü mənəvi iflasdan qurtarmır. Onun 18 illik çirkli siyasi bioqrafiyasını heç nə təmizləyə bilməz. Xalq hər şeyi bilir və hər kəsi tanıyır. YAP-çılar da bilir ki, xalq onların əməllərindən xəbərdardır. Başa düşür ki, narazılığı yalnız mitinqçilərin sayı ilə müəyyənləşdirmək doğru deyil və adi qığılcım durumu kəskin dəyişdirə bilər.

17 APREL böyük uğura necə yol aça bilər?

Gəlin daha bir məqama diqqət ayıraq. Hakimiyyətin, 17 aprel mitinqinin daha zəif görünməsinə sevinclə diqqət çəkməsi əslində, müxalifətə şans verir. Növbəti aksiyasının nisbi uğuru böyük effekt verə bilər. Hakimiyyətin sevinci və arqumenti sınar, görərlər ki, nəinki iflas yoxdur, əksinə, bu narazılığı söndürmək olmur. Belə bir aksiya hakimiyyət tərəfini ruhdan salar, təlaşa soxar, narazıları isə daha da ruhlandırar. Yəni ədalət istəyən xalqa uğur üçün hər zaman fürsət var. Iflas isə indi avtoritar rejimlərin alın yazısıdır.