Bəşər Əsədin azadlıq nəğmələri

Ərəb dünyasındakı proseslərə çox toxunmağım bəlkə də sizlərə qəribə təsir bağışlayır. Amma bu proseslər mənə sözün əsl mənasında ləzzət verir, ona görə ki, mən bu proseslərdə azadlığın ruhunu duyuram. Təsəvvür edin, ölkə 48 il fövqəladə vəziyyət şəraitində yaşayıb! Məncə, bu, hətta latın Amerikası ölkələrindəki rekordlardan da böyükdür. Nə isə… Indi insanlar azadlıq tələbi ilə çıxış edir. Bəşər əl-Əsəd də geri çəkilərək bu həftə fövqəladə vəziyyətin götürüləcəyini vəd edir. Olsun. Biz həmişə danışanda öz müxalifətimizə irad tuturuq: bəli, onlar bizim əvəzimizə etiraz etməli, biz də, necə deyərlər, tam olaraq hazıra nazir olmalıyıq. Amma belə olmur, mənim əzizlərim!

Mən ərəb dünyasına həm də ona görə diqqət yetirirəm ki, bu ölkələrdə proseslər ciddi müxalifət çətiri olmadan baş verir və bu, mənə çox maraqlı görünür. Başqa, hətta məxməri inqilablar zamanı belə olmurdu, məxməri inqilab ölkələrində çox güclü müxalifət partiyaları vardı. Mən dəfələrlə yazmışam və indi bir də yazıram: müxalifət etiraz idarəsi deyil! Biz adət etmişik ki, müxtəlif idarələr var və onların hərəsi bir işlə məşğul olur. Müxalifətə də etirazları ayırmışıq, sanki onların da peşəsi etiraz etməkdir! Ömrümüzün hissələrini başqalarına hədiyyə edirik, amma müxalifətdən halımıza yanmağı, bizim problemlərimizi səsləndirməyi umuruq! Hə, onlar bundan imtina etmirlər, bunu edirlər, lakin bizim iştirakımız olmadan! Ölkədəki situasiya Rusiyada dekabristlər vaxtını xatırladır: xalq üçün, xalqsız! Həmin hadisənin də nəticəsini bilirsiniz.
Yaxın vaxtlarda Napoleon haqqında bir filmə baxırdım. Napoleon deyir: “Mən ora, Rusiyaya qışla, şaxta ilə yox, adamlarla vuruşmağa getmişdim!”. Indi bizim müxalifət də etiraz edir, aksiya keçirir, amma onlar dinc aksiya keçirməyə və iradlarını dinc şəkildə bildirməyə gedirlər, güclü polis işçilərilə döyüş və savaş aparmağa yox! Problem bundadır! Etiraz zora tuş gəlir! Etiraz zorun yaratdığı divarı aşa bilmir! Buna görə müxalifəti qınamağa dəyərmi? Təbii, zor müstəvisində müxalifət acizdir və əslində onun heç zor nümayiş etmək fikri də yoxdur! Sadəcə, polemika, dialoq nə olduğunu bilməyən hakimiyyət onu bu müstəviyə çəkmək istəyir. Mən yazının əvvəlini B.Əsəddən başladım və onun hərəkətini misal gətirdim. Bəli, zor üstündə qurulan daha bir rejim artıq bu cür, bu formada idarə edə bilməyəcəyini başa düşür, anlayır. Amma bizimkilər nə edir? Zoru artırır, təzyiqi gücləndirir, həbsləri çoxaldır! Budur reallıq! Bunun da son nəticədə əks effektləri olacaq – qorxu hissi azalacaq…

Ona görə ki, hər şey kütləviləşəndə adiləşir, eləcə də qorxu. Ərəb despotları bunu anlayıblar. Onların bir hissəsi artıq dərk edir ki, zora istinad etmək və onun tətbiqini artırmaq daha elə bir nəticə verməyəcək. Ona görə kabineti dəyişir, onu yeni hökumətlə əvəzləyir, islahatlar aparmağa cəhd göstərir, siyasi məhbusları azad edirlər. Biz də də bir neçə tanınmış siyasi məhbus var. Özü də onlar bir neçə dəfə əfv olunmaq üçün müraciət etmişdilər. Amma onları bu günə qədər azad etməyiblər! Deməli, bu hakimiyyət güzəştsiz təzyiq və təqib siyasəti həyata keçirir. Olsun. Indi artıq on illərin deyil, illərin hesabı gedir və illər bizi ümidli günlərə yaxınlaşdırır… Bəli, Liviyada prosesin bir az uzanması Misir və Tunis hadisələrindən çaşmış hakimiyyəti bir qədər özünə gətirdi. Olsun. Ruslar demişkən: şeytan nə ilə zarafat etmir ki! Amma NATO da Liviyadan əliboş qayıtmayacaq. Nəsə edəcəklər, çünki bu qədər dövlətin və güclü Alyansın Qəzzafinın qarşısından məğlub kimi qaçması absurd və gülünc olardı, sadəcə, bir az gözləmək lazımdır.

Bu arada B.Okucava nə oxuyardı?

Onun iki mahnısı yadıma düşür. Biri təxminən belə idi: “qorxaqlara cəsarət ver, məni də unutma, Ilahi!”. Digər mahnı isə məşhur elə “Belarus vağzalı” filmində səslənən mahnıdır. Hər ikisi gözəl nəğmələrdir… Mən ötən dəfə bir detala diqqət yetirdim. Etiraz aksiyaları güclü alınanda rejimə sadiq olanlar belə vurğunu və intonasiyanı dəyişirlər. Deməli, güclü olmaq gərəkdir…