“Boz Qurdlar” da İctimai Palataya gəlir

Partiyadakı ikitirəliyə isə bu ay son qoyulacaq

Nurəddin İsmayılov: «Sədrin səsləndirdiyi fikirləri partiya üzvləri bölüşmür və biz Ictimai Palata ilə əməkdaşlığı dərinləşdirmək niyyətindəyik»

 

AMDP (“Boz Qurd”) Siyasi Şurasının üzvü, partiyanın 7 təsisçisindən biri olan Nurəddin Ismayılov təşkilatda baş verən fikir ayrılıqları ilə bağlı “Azadlıq”a müsahibə verib. N.Ismayılova ilk sualımız təşkilatdakı narazılığın səbəbləri ilə bağlı oldu:

– Partiyanın Nizamnaməsinə əsasən qurultaylararası dövrdə təşkilatın rəhbərliyi Böyük Məclisdir. Böyük Məclislər arası isə partiyaya Siyasi Şura və sədr rəhbərlik edir. AMDP-nin qurultayı üç ildən bir çağırılır. Böyük Məclis isə üç aydan bir çağırılmalıdır. 2008-ci il qurultaydan sonra məclis çağırılmayıb. Partiyanın məclisinin 51, Siyasi Şuranın isə qurultayda seçilmiş 7 üzvü var. 2010-cu ilin dekabrından isə Siyasi Şuranın iclasları keçirilmir. Partiyada ikitirəlik yaranmasına sədr Tufan Kərimlinin 2010-cu il parlament seçkilərindən sonrakı çıxışı səbəb olub. O, həmin çıxışında müxalifəti satqınlar adlandıraraq, onları “Soros” Fonduna işləməkdə ittiham etmişdi. Həmin çıxışdan sonra Siyasi Şura 2010-cu ilin dekabrında partiyanın mərkəzi ofisinə yığışmaq istəyəndə sədr bildirdi ki, burada toplantı keçirmək olmaz. Çünki bura onun şəxsi ofisidir. Nəticədə Siyasi Şuranın yeddi nəfərindən beşi ayrı toplaşıb. Proseslərin növbəti mərhələsi isə Ictimai Palata yarandıqdan sonra başladı. Bu zaman “Millətçilik” qəzetində AMDP adından Ictimai Palata haqqında yalan dolu məlumatlar getdi. Prosesləri belə görən Siyasi Şura bəyanat verdi ki, “Millətçilik” qəzeti AMDP-nin mətbu orqanı deyil və partiyamız həmişə xalqın yanında olub. Eyni zamanda bəyanatda vurğulanırdı ki, partiya sədri Tufan Kərimlinin səsləndirdiyi fikirləri partiya üzvləri bölüşmür. Çünki vətəndaşlarımızın üzləşdiyi, gördüyü haqsızlıqların, rüşvətin, korrupsiyanın biz də şahidi oluruq. Indi kimsə üç-beş manat pul qazanırsa, bu o demək deyil ki, xalq yaxşı yaşayır.
Xalqın, ədalətin yanında olmaq pozuculuq fəaliyyəti deyil

– Yəni Siyasi Şura partiya sədrinin apardığı siyasətə, verdiyi bəyanatlara etiraz edib?
– Bəli. Biz sədrin yürütdüyü siyasəti bölüşmürük. Ona görə də Siyasi Şura 9 aprel toplantısında qərara aldı ki, aprelin 24-də partiyanın Böyük Məclisi keçirilsin. Çünki biz Məclis üzvü olan 51 nəfəri məlumatlandırmalı və müvafiq yer tapmalıydıq. Bu barədə mətbuatda məlumat getdi. Amma Siyasi Şuranın bu qərarından dərhal sonra “Millətçilik” qəzetindən məlumat aldıq ki, aprelin 15-də partiyanın Məclisi keçirilib. Məclis üzvləri ilə əlaqə saxladıq, məlum oldu ki, onların heç birinin bundan xəbəri yoxdur. Sonda məlum oldu ki, Məclis üzvlərindən 6-sı həmin gün orada olub. Onlar da bildirdilər ki, partiya sədri zəng edərək toplantının olacağını söyləyib. Həmin şəxslər deyilən məkana gəldikləri zaman isə tanımadıqları adamların Məclis üzvü kimi təqdim edildiyinin şahidi olublar. Halbuki yetərsayın alınması üçün bu rəqəm kifayət etmir. Həmin gün Məclisdə yenə demokratik müxalifət tənqid atəşinə tutularaq, mənim partiyadan xaric olunmağım barədə qərar qəbul ediblər. Bundan başqa, pozuculuq işlərinə görə partiyanın Nizami və Xətai rayonları ləğv edilib. Qərarı da bununla əsaslandırıblar ki, bu təşkilatların sədrləri Azərbaycanda yoxdur. Halbuki Nizami rayon təşkilatının sədri Seymur Mehbalıyev və Xətai təşkilatının sədri Rəşad Məmmədov hər ikisi ölkədədir. Maraqlıdır ki, mən partiyanın 7 təsisçisindən biriyəm. Digər tərəfdən, nizamnaməyə əsasən məni üzv olduğum özək cəzalandıra bilər. Yəni birinci növbədə məni Siyasi Şura cəzalandırmalıdır. Nədir mənim pozuculuq fəaliyyətim? Xalqın, ədalətin yanında olmaq pozuculuq fəaliyyəti deyil.

– Aprelin 24-dəki Böyük Məclisdə hansı məsələlərin müzakirəsi gözlənilir?
– Məclisin səlahiyyəti çatır ki, rəhbər orqanların hamısının səlahiyyətinə xitam verərək, Təşkilat Komitəsi yaratsın. Bundan sonra üç ay müddətində qurultaya hazırlığa start veriləcək. Mən sədrin yürütdüyü kursa etimadsızlıq göstərilməsini təklif edəcəm.

Aprelin 17-də Sahil bağını ətdən çəpərə almışdılar

– Yayılan xəbərlərə görə, AMDP üzvlərinin fəal hissəsi Ictimai Palataya qatılmaq istəyir?
– Partiyanın Siyasi Şurası Ictimai Palata ilə əlaqələrin dərinləşdirilməsi barədə qərar qəbul edib. Amma bu qərarı Məclis də təsdiqləməlidir. Məhz bundan sonra biz Ictimai Palata ilə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik. Amma bir vətəndaş kimi 88-ci ildən hərəkatda iştirak edirəm və Ictimai Palatanın keçirdiyi aksiyalara da qatılıram.

– İctimai Palatanın son aksiyalarında polis ciddi zorakılığa yol verdi. Sizcə, bu addımlar aksiya iştirakçılarını növbəti mitinqlərdən çəkindirəcəkmi?
– Hakimiyyətin təbliğatında bir məqam diqqət çəkir. Əgər müxalifət onların dedikləri kimi yoxdursa, o zaman müxalifətin aksiyalarına imkan yaradılsın. Nədən qorxurlar? Dünyanın hər yerində belədir. Hansı ölkədə görünüb ki, ildə üç dəfə yol sökülsün və tikilsin. Binanı üzləyirlər, sonra söküb başqa bina tikirlər. Sahibkarlar sıxışdırılır, onların fəaliyyət göstərməsi üçün heç bir imkan yaradılmır. Mən özüm 2-ci qrup Qarabağ əliliyəm, iki övladım var. Nə etməliyəm bu ölkədə yaşamaq, dolanmaq üçün? Hakimiyyət deyir ki, əhaliyə şərait yaradılır. Heç nə edilmir. Aprelin 17-də “Sahil” bağını ətdən çəpərə almışdılar. Qadına, uşağa baxmadan hamını döyüblər. Bu nəyə lazımdır? Bu sənin öz vətəndaşındır, erməni deyil. Sabah müharibə olsa, bütün vətəndaşlar birgə vuruşacaq. Nəyə görə onları bir-birinə düşmən edirsən? Qarabağ müharibəsində adi vətəndaşlar, polislər hamısı vətəninə görə canından keçməyə hazır idi. Korrupsiyaya qarşı mübarizə apardıqlarını bəyan edirlər. Amma reallıqda bunun kampaniya olduğu açıq görünür. Bir müddət keçəndən sonra yenə əvvəlki ənənələr geri dönür.

Xəyal