«Hakimiyyət məntiqə istinad etsəydi, əhalinin hansı hissəsinin İctimai Palatanı dəstəklədiyini görərdi»
Leyla Yunus: «İqtidarın diplomatik korpus nümayəndələrinin ünvanına tənqidi onların dar dünyagörüşünü, əyalət düşüncəsini göstərir»
Hakimiyyətin sərbəst toplaşmaq azadlığını kobud şəkildə pozması, həmçinin müxalifətin aksiyalarını polisin qəddarlıqla dağıtması beynəlxalq aləmin diqqətindən kənarda qalmır. Xarici telekanallar, nüfuzlu nəşrlər bu zorakılıq hallarıyla bağlı geniş reportajlar verirlər. Beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini yerinə yetirməyən hakimiyyət isə bu qurumları Azərbaycanın daxili işlərinə qarışmaqda da günahlandırır. Iqtidarın bu davranışı ölkəyə nə vəd edir? Bununla bağlı Sülh və Demokratiya Institutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun fikirləri ilə tanış olduq.
– Beynəlxalq qurumlar Azərbaycan hakimiyyətindən sərbəst toplaşmaq azadlığının təmin edildiyini tələb etsə də, növbəti dəfə aksiya qəddarlıqla dağıdıldı. Bunu necə qiymətləndirirsiniz?
– Bizim hökumətin məntiqini sona qədər başa düşmürəm. Əgər Azərbaycan rəhbərliyi qanunu, konstitusiya normalarını, nəhayət, sağlam düşüncəni rəhbər tutsaydı, onlar mitinqlərin, nümayişlərin şəhərdə keçirilməsinə icazə verərdi. 2005-ci ilin noyabrından Azərbaycanda nümayişlərə icazə yoxdur. Ictimai Palatanın təklif etdiyi yerlər tam münasibdir. Hakimiyyət qanuna, heç olmasa məntiqə istinad etsəydi və mitinqlərin keçirilməsinə icazə versəydi, nə qədər adamın icazəli mitinqə çıxdığını, əhalinin hansı hissəsinin Ictimai Palatanın tələbini dəstəklədiyini görərdi. Onda prezident deyə bilərdi ki, Ictimai Palataya əhalinin dəstəyi var, ya yoxdur. Ancaq görünür, hakimiyyətin demokratik islahatlar, cəmiyyətin inkişafı strategiyası və taktikası yoxdur. Ona görə də əhaliyə – olmaz, qadağandır, icazə verilmir kimi cavablar verir. Ancaq belə cavab verməyi bacarırlar. Eyni zamanda vətəndaşları döymək, əzmək tapşırığı verilən polislər heç bir əxlaqi prinsiplərə sahib deyil. Bilmirəm onlar harda tərbiyə olunub. 5 yaşlı qızla ananı tutub saxlayırlar. Bu biabırçılıq hər yerdə, bütün dünya mətbuatının səhifələrində, bütün hesabatlarda olacaq. Bunu artıq heç kim gizlin saxlamayacaq.
“YAP üzvlərini bir qədər savadlandırmaq lazımdır”
– Xarici ölkə səfirlərinin müxalifət liderləri ilə görüşünü rəsmilər Azərbaycanın daxili işinə qarışmaq kimi qiymətləndirdi. Hətta onların arzuolunmaz şəxs elan edilməsini də təklif etdilər. Əgər beynəlxalq aləmin tələbi yerinə yetirilməsə, əksinə, onların üstünə getsələr, bu, ölkəmizə nə vəd edir?
– Bu, sadəcə olaraq gülməlidir. Yenə də bunların düşüncə məhdudiyyəti ortaya çıxır. Bunu ancaq əyalət düşüncəsinə sahib olan insanlar deyir. Bu insanların dünyagörüşü, anlayışı yoxdur. Bilmirlər ki, insan haqları heç bir ölkənin daxili iş deyil. Ikinci Dünya Müharibəsindən sonra Beynəlxalq Insan Haqları Deklorasiyası qəbul edildi. Orda göstərilir ki, insan haqları dövlətin daxili işi deyil. Fərqi yoxdur dövlət harada yerləşir, Qafqazda, Afrikada, yoxsa Sakit okeanda. Universal məqsəd bütün dünyada incidilənlərin, döyülənlərin hüquqlarını müdafiə etməkdir. Səfirin diplomatik missiyası ondan ibarətdir ki, cəmiyyətdə baş verənlərlə bağlı öz ölkəsinə məlumat versin. Biz ofisimizdə 2009-cu il referendum ərəfəsində dəfələrlə diplomatik korpusun nümayəndələri ilə partiya liderlərinin görüşlərini keçirmişik. Bu il diplomatik korpusla Islam Partiyası liderlərinin görüşünü keçirmişik. Bu işi davam etdiririk. Səfirlərin bizim cəmiyyətin istənilən nümayəndəsi ilə görüşməyə ixtiyarı var. Hakimiyyətin diplomatik korpus nümayəndələrinin ünvanına tənqidi onların dar dünyagörüşünü, əyalət düşüncəsini göstərir. Ümumiyyətlə, təsəvvürləri, anlayışları yoxdur. Bilmirəm onlar nəsə oxuyurlar? Qoy bir az oxusunlar. Bizim deputatları, YAP üzvlərini bir qədər savadlandırmaq lazımdır. Qoy bir az öyrənsinlər. Onların bu rəftarı heç nəyə gətirib çıxarmayacaq. Çünki bütün bu hay-küy onların öz ziyanınadır. Biz diplomatik korpusla görüşəndə deyəcəklər ki, həqiqətən də Gürcüstan vətəndaşları, deputatları Azərbaycandan yüz il öndədirlər. Bəs niyə siz belə geridə qalmısınız? Çünki sizdə islamdı? Bizim hakimiyyətin, deputatların, YAP rəhbərliyinin etdiyi ancaq ona gətirib çıxarır ki, beynəlxalq ictimaiyyət, Avropa Ittifaqı rəhbərliyində Azərbaycan rəhbərliyi barəsində geridəqalmış, savadsız, bugünkü dünya, insani dəyərlər, beynəlxalq sənədlər, Azərbaycanın qoşulduğu beynəlxalq öhdəliklər barədə təsəvvürü olmayan insanlar kimi təsəvvür formalaşır.
“Hakimiyyət cəmiyyətin onu dəstəkləmədiyinə əmindir”
– Ermənistanda da avtoritar rejimdir. Ancaq orda müxalifətə aksiya keçirməyə imkan verirlər. Bizdə niyə aksiyalardan belə qorxurlar?
– Bu bir daha onu deyir ki, Azərbaycan rəhbərliyi özündən əmin deyil. Cəmiyyətin, ölkə vətəndaşlarının onu dəstəkləməsindən əmin deyil. Əgər əmin olsaydılar ki, cəmiyyət onları dəstəkləyir, zəif hesab etdikləri müxalifətdən qorxmazdılar.
“Hakimiyyət demokratikləşmə strategiyası hazırlamalıdır”
– Hakimiyyətin bu mövqeyi ilə bağlı ikili münasibət var. Bir qism hesab edir ki, hakimiyyət geri addım atsa, məğlub olacaq. Digərlərinin fikrincə, geri çəkilməsə, məğlub olacaq. Siz necə hesab edirsiniz?
– Ikincilərlə razıyam. Hesab edirəm ki, hakimiyyətdə olan şüurlu adamlar islahat, demokratikləşmə, dialoq strategiyası hazırlamalıdır. Ancaq qadağan, təzyiq, zorakılıq davam etsə, 20-ci əsr boyu və indi bütün avtoritar rejimlərdə müşahidə etdiyimiz hadisələr burda da təkrarlanacaq.
“Sanksiyalar məsələsi ciddi müzakirə olunacaq”
– Azərbaycanın beynəlxalq qurumlar qarşısında öhdəliklərinin olmasına baxmayaraq, siyasi mənsubiyyətinə, aksiyalarda iştiraka görə həbslər davam edir. Öhdəliklərin yerinə yetirilməməsi nə vəd edir?
– Məncə, Azərbaycan rəhbərliyinin bu əməlləri gec-tez ona gətirib çıxaracaq ki, ölkəmizə qarşı sanksiyalar məsələsi ciddi müzakirə olunacaq. Bu həftə Sülh və Demokratiya Institutu yeni siyasi məhbuslarla bağlı mətbuat konfransı keçirməyi planlaşdırır.
“Hakimiyyətin lobbiçilərinin işi çətinləşir”
– Azərbaycan hökumətinin beynəlxalq qurumlarda, konkret olaraq AŞ PA-da lobbiçiləri var. Baş verənlərdən sonra onların iqtidarı müdafiə etmək üçün arqumentləri olacaqmı?
– Onlara beynəlxalq öhdəlikləri yerinə yetirməyən və insan hüquqlarının universal dəyər olduğunu anlamayan Azərbaycan hökumətinin maraqlarını müdafiə etmək çətinləşir. Çavuşoğlu kimilərinə işləmək getdikcə çətin olacaq.
Fizzə Heydərli