Allahla savaşanlar…

Onun yaşını bilmirik. Beş də ola bilər, yeddi də. Amma dustaq həyatı yaşadı. Sadəlövh anası elə bildi ki, bu hakimiyyət müxalifətçilərin təqdim elədiyi kimi qəddar deyil. Ona görə də balaca qızcığaza “Istefa”, “Azadlıq” şüarları səsləndirməyi öyrətdi. Elə özü də bəlkə ilk dəfə idi belə edirdi. Evində uşaq olmayan, uşağın gələcək olduğunu anlamayan, gələcəyi həbs etməyin nə demək olduğunu bilməyən, qısası, düşünməkdən xali “Azərbaycan polisi” sözünü çoxdan gözdən salanlar isə bu qızcığazı maşına basdı. Onun ağlamaq səsini, gözündəki həyəcanı videodan seyr etdim. Ürəyim soyuldu. Doğrudan da bu rejimin ancaq dişləri qalıbmış. Və millətə iti dişlərindən başqa heç nə göstərə və verə bilmir. Balaca məhbus isə ürəyi göyərçin köksündə döyünə-döyünə polis bölməsinə aparılır və Ilham Əliyevin rejiminə təhlükə olan bu qızcığaz bir müddət orada saxlanılır. Bu qızcığazdan qorxub da özünü hakimiyyətə layiq bilən adamlara yalnız bir söz demək olar. Siz ata olmağa, qardaş olmağa, əmi olmağa, insan olmağa layiqsinizmi? Siz nə etdiyinizin fərqindəsinizmi?

Gün gələcək, o balaca körpə bu ölkədə azadlıq görəcək. Bəlkə bu sətirlərin müəllifi, bəlkə dostlarımdan biri, ya bir neçəsi bu yolda həyatını itirəcək. Amma o gün mütləq olacaq. Insan pis əməlləri ilə hakimiyyətə gələ və bir müddət  iqtidarda qala bilər. Insan başqasının malını, mülkünü müvəqqəti də olsa talaya, yağmalaya bilər. Ancaq insan daimi şər hakimiyyəti qura bilməz. Ədaləti tam məğlub edə bilməz. Insan allahsız ola bilər. Amma Allah ola bilməz, Allahla savaşa bilməz. O gün o balaca qızcığazın köksündə Allahı həbs etdi bu rejim. Onun məsumiyyətini, günahsızlığını, təmizliyini, mərhəmətliliyini, təbəssümlərini. Hər kəsin içində Tanrıdan bir parça var. Amma o körpənin içindəki Tanrı cənnətin sahibidir.

Indi birisi durub desin ki, Azərbaycanda müxalifət yoxdur. Bəs sizin varlığınızı titrədən, yuxunuzu ərşə çəkən, bu ölkənin şərəfi üçün məhbəslərə girən Gözəl Bayramlı kimdir? Gözəl Bayramlının azadlıqda olmasına dözməyən, məktəb yaşı çatmayan körpəni həbs edən iqtidar çoxdan tarixə əl yelləyib.

Cibində polis, təhlükəsizilik orqanlarının vəsiqələrini daşımaqla vətənpərvərlik olur? Biz millətin sərvətlərini talayanlarla savaşaq, siz də bizimlə. Sonra da deyin ki, siz vətənpərvər deyilsiniz. Belə olmur, bu ölkəyə heç yerdən polis gətirilməyəcək, heç yerdən təhlükəsizlik işçisi gətirilməyəcək. Yenə siz işləyəcəksiz. Amma rüşvətsiz, cinayətsiz, alnı açıq. Uşaq həbs etmək, siyasətçi qadını qandallamaq tapşırılmayacaq sizə. Uşaqlarınızın üzünə dik baxacaqsız. Onların da böyüyüb bir ailənin nökərinə çevrilməsini gözləməyəcəksiz. Biz onsuz da bu yolun yolçusuyuq. Ya birimiz, ya bir neçəmiz bu qələbəni görəcək. Itkilərimiz də olacaq. Lakin qazancımız daha böyük olacaq. Mənəviyyatımızı, ölkəmizi qazanacağıq. Amma siz bu proseslərə müqavimət göstərdiyiniz üçün özünüzü bağışlamayacaqsınız. Dəmir ulduzlu mundirləriniz karınıza gəlməyəcək. Çünki sizi öz övladlarınız mühakimə edəcəklər. Soruşacaqlar ki, bu azadlıq, demokratiya mübarizəsində siz haradaydız? Deyə biləcəkmisiniz ki, biz “Azadlıq”, “rüşvətə yox” deyənləri qandallayırdıq? Nə deyəcəksiniz? Hələ gec deyil, bir cavab haqqınız var!