Bunlardakı cahilliyə, nadanlığa baxın!
Bunlar elə bilirlər ki, bizim apardığımız mübarizənin gücü adamlardadır, onların sayındadır. Bunlar elə bilirlər, məsələn, AMIP və onun sədri yenə də yolun yarısından geri dönürsə, vəssalam, bu artıq demokratiya döyüşçülərinin məğlubiyyətidir.
Işıq sayğacınıza, qaz sayğacınıza barmaq elədikləri azmış kimi, indi də utanmaz-utanmaz aksiyalara nə qədər adam çıxdığını sayırlar. Bunlar elə bilirlər, biz riyaziyyat uğrunda mübarizə aparırıq. Guya bizim gücümüz də ədədlərin çoxluğundadır.
Anlamırlar, ya da anlamaq istəmirlər ki, bu, adamların yox, azadlıqların davasıdır. Lap sabah Isa Qəmbər də, Müsavat da mübarizədən geri durdu… Lap sabah Əli Kərimli də, AXCP də kənara çəkildi, axı bununla nə dəyişəcək? Axı adamları məğlub etmək hələ azadlıqları məğlub etmək deyil. Axı azadlıq bütün zamanların ən məğlubedilməz dəyəridir. Azadlığı boğmağı, silməyi heç Ilham Əliyevin babaları bacarmayıblar, bunlarmı bacaracaqlar?
“Müxalifətdən istefalar” adlı şou düzəldiblər, özlərinə ürək-dirək, təsəlli verirlər. Axı adamların YAP-a keçməsi hələ həqiqətin sizin yanınıza keçməsi demək deyil.
17 aprel mitinqindəki o 5 yaşlı qızcığazdandamı dərs almadınız? Yenədəmi qanmırsınız ki, Azərbaycanda elə müqəddəs dəyərlərin davası gedir, elə qutsal dəyərlərin savaşı gedir, bu gün hamını susdursanız, satın alsanız, öldürsəniz belə, xeyri yoxdur: bu davanı sürdürəcək, qalibiyyətə daşıyacaq biriləri yenə doğulacaqlar, yetişəcəklər, yenə ortaya çıxacaqlar. Indi neyləyəcəksiniz, abortu dövlət siyasətinəmi çevirəcəksiniz? Doğum evlərini ləğvmi edəcəksiniz? Nəsilartırmanı vətənə xəyanət maddəsi ilə eyniləşdirəcəksinizmi?
Axı bu gün bəşəriyyət elə bir nöqtəyə gəlib ki, azadlıq insanın hava, su, çörək kimi təbii ehtiyacına çevrilib. Artıq köləliyin, mütiliyin sinoniminə çevrilmiş Afrika ölkələrində, ərəb dünyasında belə insanlar bunu anlayırsa, azad olmadan, özgür olmadan yaşamağın mənasızlığının fərqindədirsə, sizsə demokratiyanın nə qədər qarşısıalınmaz proses olduğunu hələ də dərk etməyibsinizsə, bu, bizim bədbəxtliyimizdir bəlkə, amma heç sizin də xoşbəxtliyiniz deyil.
Necə ki, məsələn, Bahar Muradovanın vitse-spiker olması hələ bu ölkədə baharın olması demək deyil.
Azadlıqların olduğu ölkədə isə hətta yanvar da bir növ bahar ayıdır…
Çünki bir ölkə adamlarla deyil, azadlıqlarla çiçəklənər, güllük-gülüstanlıq olar. Hələ də anlamağa çətinlik çəkirsinizsə, əvvəlcə 1 milyarddan çox adamı olan Hindistana, sonra da bir ovuc adamı olan Norveçə baxın.
Yox, əgər uzağı görmək probleminiz varsa, elə böyür-başınıza nəzər salın: bir yanınızda 75 milyonluq Iran, o biri yanınızda heç 7,5 milyon olmayan Gürcüstan.
Siz bizə 500 min yapçısı ilə diktaturanı, despotizmi sonunadək qorumuş bir rejim göstərə bilməzsiniz.
Amma gəlin biz sizə 500 nəfərlə istibdadın xanimanının başına yıxıldığı onlarca ölkə göstərək. Və sübut edək ki, başladığımız bu müqəddəs savaşda adamları çox olanlar yox, azadlıq hissi çox olanlar qazanırlar.
Di gedin sayğacınızı düzəldin!
Asfalt çəkib sonra sökməyin tarixi
Biz bunların dünən asfaltladıqları küçəni bu gün qaşıyıb sabah yenidən asfaltladıqlarını çox görmüşük. Səbəbini də başa düşürük, neftin pulunu basıb yeməyin milyon cür variantından biridir bu.
Üstəlik, sən demə, bu işin qədim tarixi varmış. Dünən saytların birində mərhum akademik Ələşrəf Əlizadənin oğlunun atası haqqında xatirələrinə rast gəldim, bir yeri diqqətimi çəkdi.
Mərhum akademik sən demə, Heydər Əliyevlə bağ qonşusu imiş. Əliyev birinci katib təyin olunandan az sonra onun bağ evinə gedən yolu asfaltlayırlar. Iki gün sonra gecə akademikin evinə Əliyev gəlir, deyir, “məni birinci katib təyin edən kimi bu yaltaqlar ancaq mənim yolumu asfaltlayıblar”. Səhəri gün isə texnika gətirib, asfaltı sökürlər.
Mən bunu oxuyub xeyli güldüm. Çünki asfaltı sökməyə nə ehtiyac vardı, elə qonşuların da bağ yolunu asfaltlamaq olmazdımı?
Görünür ki, olmazmış. Yoxsa 30 il sonra neft pullarını xımır-xımır yemək üçün asfalt çəkib sonra onu sökmək ənənəsi necə yaranacaqdı ki?