“Yaxın Şərq və Şimalı Afrika ilə bağlı mövqeyimiz Azərbaycana da aiddir”
ABŞ Dövlət Departamenti Bakıda müxalifətin keçirdiyi aksiyalar zamanı həyata keçirilən həbslərə münasibət açıqlayıb. Dövlət Departamentinin rəsmi saytında yer alan məlumata görə, qurumun rəsmi nümayəndəsi Mark Toner ənənəvi gündəlik brifinq zamanı Azərbaycan hakimiyyətinin dinc aksiyaları dağıtması və həbslər həyata keçirməsi barədə suala cavab verib. Bu zaman Mark Toner rəsmi Vaşinqtonun Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verənlərə münasibətini xatırladaraq, başqa ölkələrə yanaşmada da eyni mövqedən çıxış etdiklərini söyləyib.
Brifinq zamanı jurnalist Tonerə belə bir sual ünvanlayıb: “Ötən bazar günü Azərbaycanda da nümayişlər zamanı onlarla adam saxlanılıb. Faktiki olaraq, Azərbaycan hakimiyyəti etirazçılara qarşı kifayət qədər sərt davranıb. Sizdə ABŞ-ın bu məsələni Azərbaycan hökumətilə müzakirə etdiyinə dair hər hansı məlumat varmı? Və ya bu hadisələrə münasibət necədir?”
Dövlət Departamentinin sözçüsü isə cavabında bildirib ki, o, əvvəlcə, ABŞ-ın Bakıdakı səfirliyi vasitəsilə nümayişlərin dağıdılması və həbslərlə bağlı məsələnin Azərbaycan hakimiyyətilə müzakirə edilib-edilmədiyini dəqiqləşdirməlidir: “Lakin aydındır ki, bizim Yaxın Şərq və Şimali Afrika ilə bağlı dediklərimiz eyni formada digər ölkələrə də aiddir. Biz hesab edirik ki, etiraz etmək hüququna hörmət edilməli, insanlara öz mövqelərini dinc şəkildə ifadə etmək azadlığı verilməlidir. Eyni zamanda, etirazçılar da özlərini dinc aparmalı, öz tələblərini dinc şəkildə çatdırmalıdır. Lakin dəyişməyən məsələ budur ki, hakimiyyətlər öz vətəndaşlarının hüquqlarına hörmət etməyə, onları qorumağa borcludur. Yəni, dinc aksiyalara icazə verilməlidir”.
Vaşinqton Bakıdakı polis zorakılığından narahatdır
ABŞ səfirliyi 2 və 17 aprel tarixlərində Bakının mərkəzində Ictimai Palatanın keçirdiyi dinc aksiyaların qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlərdən, o cümlədən müxalifət fəallarının saxlanılmasından narahatlığını bəyan edib.
Dünən ABŞ-ın Bakıdakı səfirliyindən “Azadlıq” radiosuna verilən açıqlamada belə deyilir: “Azərbaycan hakimiyyətinin son tədbirləri 1990-cı ilin Kopenhagen sənədində dövlətlər tərəfindən bir daha təsdiqlənmiş ”hər bir şəxsin dinc toplaşmaq və nümayiş keçirmək hüququna malik olması” ifadəsi də daxil olmaqla, ATƏT qarşısında götürdüyü öhdəliklərin əksinə istiqamətlənib”.
Səfirlik Azərbaycan hakimiyyətini ölkə konstitusiyasında, habelə, insan hüquqları üzrə beynəlxalq hüquqi aktlarda, o cümlədən, ATƏT öhdəliklərində təsbit olunmuş bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etməyə çağırıb: “Biz, nümayişlərlə ələqadar saxlanılanları qanun əsasında, açıq, şəffaf məhkəmələr keçirməyə, həbs olunan şəxslərin hüquqi müdafiə ilə təmin olunmasına çağırırıq”.
Rəsmi Bakı Vaşinqtona “dirsək” göstərdi
Bütün bu bəyanatların fonunda Azərbaycan hakimiyyəti də Vaşinqtonla münasibətləri kəskinləşdirməkdə davam edir. Hər halda, rəsmi Bakının ABŞ-la keçirməli olduğu birgə hərbi təlimləri qeyri-müəyyən vaxtadək təxirə salmasını başqa cür qiymətləndirmək olmaz.
Birgə hərbi təlimların təxirə salındığı haqda yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu da təsdiqləyib: “Regional cavab-2011″ adı altında ABŞ-Azərbaycan birgə hərbi təlimi qeyri-müəyyən vaxtadək təxirə salınıb”.
Nazirliyin sözçüsü hərbi təlimlərin təxirə salınmasının səbəbi barədə tam məlumatı olmadığı üçün hər hansı şərh verməkdən imtina edib. “Bu hal Azərbaycan-ABŞ hərbi əməkdaşlığına hər hansı təsir göstərə bilərmi?” sualına isə Eldar Sabiroğlu belə cavab verib: “Mən inanmıram ki, belə bir şey baş versin. ABŞ-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da davam edəcək”.
Qeyd edək ki, “Regional cavab-2011″ adı altında ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin 15-25 may tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu.
Siyasət şöbəsi