kiv-df

Satirik jurnalın ilk imzaları

«Molla Nəsrəddin»dən başlanan Azərbaycan karikaturası

 

Azərbaycan karikatura sənətinin yaranması və inkişafı “Molla Nəsrəddin” jurnalının fəaliyyət dövrünə təsadüf edir. XX əsr Azərbaycan satirik mətbuatının təsir dairəsi olduqca geniş idi. O, bir tərəfdən Avropa və rus satirik mətbuatı ilə qarşılıqlı əlaqə şəraitində inkişaf edərək kamilləşmiş, digər tərəfdən isə Yaxın Şərq, Orta Asiya, Volqaboyu, Krım, Dağıstan xalqlarının satirik mətbuatının yaranıb inkişaf etməsinə müsbət təsir göstərmişdir. Bu fakt Iran satirik mətbuatının və satirik qrafikasının inkişafında da mühüm rol oynamışdır.

“Molla Nəsrəddin” jurnalını da XX yüzilliyin əvvəllərindəki ictimai-siyasi proseslər meydana gətirmişdi. Cəlil Məmmədquluzadə özü etiraf edirdi ki, “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”. Lakin “Molla Nəsrəddin” jurnalı üçün xarakterik olan satira elementləri bu jurnaldan əvvəl “Əkinçi” qəzetində, yaxud “Kəşkül” jurnalında da müəyyən səviyyədə var idi. Hətta keçən əsrin başlanğıcında “Şərqi-Rus” qəzetində də satirik ünsürlər görünməkdə idi. “Şərqi-Rus”da geniş yer tutan “dərdimiz və dərmanımız” motivi ideya baxımından “Molla Nəsrəddin”in bünövrəsini təşkil edirdi.

Qüdrətli yazıçı və şairlərin adları ilə bağlı olan ədəbi məktəblərdən fərqli olaraq, “Molla Nəsrəddin” mətbuat məktəbini bədii ədəbiyyatın təmsilçiləri ilə yanaşı, rəssamlar da təmsil edirlər. “Molla Nəsrəddin” jurnalı karikaturalı jurnal olduğundan, bu ədəbi məktəbdə şair, yazıçı və publisistlər qədər karikaturaçı satirik rəssamların da əhəmiyyətli yeri və mövqeyi var. “Molla Nəsrəddin” jurnalı Azərbaycan satirik rəssamlığının yaradıcısıdır. Mollanəsrəddinçi satirik qrafika əsasında Azərbaycan karikatura məktəbi yaranmışdır.

“Molla Nəsrəddin” jurnalının 1906-cı ildə çıxan birinci sayının üz qabığındakı Oskar Ivanoviç Şmerlinq tərəfindən çəkilmiş və mollanəsrəddinçiliyin təməl prinsiplərini əks etdirən “Müsəlman dünyasının oyanışı” rəsmi Qafqazda, o cümlədən Azərbaycanda karikaturanın yaranması və oyanışının paroluna çevrildi. Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadənin sifarişi ilə çəkilmiş bu nadir karikatura təsviri sənətin yeni qolunun yaranması və inkişaf etməsi ilə nəticələnmişdir. Mirzə Cəlil Azərbaycanda peşəkar satirik rəssam olmadığından, jurnal üçün rəsm çəkmək işinə Tiflisdə yaşayıb yaradan alman rəssam Şmerlinqi dəvət edib. Şmerlinq onun təklifini təmənnasız qəbul edib. Oskar Şmerlinq 1906-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. “Molla Nəsrəddin” jurnalının aparıcı ideyalarını əks etdirdiyindən, onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb.

Milliyyətcə alman olmasına baxmayaraq, Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib. Şmerlinqin nadir fırçasının məhsulu olan “Sizi deyib gəlmişəm”, Qafqazda mədrəseyi-ruhaniyyə”, “Niyə məni döyürsünüz?”, “Molla Nəsrəddin”, “Iran sərhədindən”, “Xabi-qəflət”, “Müsəlman məclisində rus zabiti”, “Məhəmmədəli şahın Təbrizdən çıxması” və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib.

“Molla Nəsrəddin”lə formalaşan məktəb

“Molla Nəsrəddin” jurnalı zəminində meydana çıxan Əzim Əzimzadə Azərbaycanda milli karikatura sənətinin banisi səviyyəsinə yüksəlmişdir. Xəlil Musayev, Ismayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov, Nəcəfqulu və başqaları “Molla Nəsrəddin” karikatura məktəbinin görkəmli nümayəndələri kimi məşhurlaşmışdılar.
1920-ci ilə qədər Azərbaycanda dərc olunan satirik jurnallarda müxtəlif millətlərdən olan rəssamlar fəaliyyət göstərmişdilər. O.Şmerlinq, I.Rotter, Ə.Əzimzadə, B.R.Telinqator, Y.V.Çəmənzəminli, X.Musayev, V.Giladze, Ə.Ibrahimzadə, A.Qrinyevskiy, R.Girş, Y.Hamberq, C.Cəbibəyov, Bəha Səid, M.Gerasimov, E.Karqanova, R.Şikarev, P.Sfınes və başqalarının məhsuldar fəaliyyəti Azərbaycanda böyük karikaturaçı rəssamların olmasından xəbər verirdi.

Azərbaycanın görkəmli ziyalısı Y.V.Çəmənzəminlinin karikaturaçı rəssam kimi fəaliyyətilə, onun “Molla Nəsrəddin” jurnalında dərc olunan əsərilə, dərc etmək istədiyi “Fokusnik” adlı satirik jurnala çəkdiyi eskizlərlə təəssüf ki, geniş oxucu kütləsi tanış deyil.

1952-ci ildən “Kirpi” jurnalının nəşrə başlaması ilə karikatura sənətinin inkişafında müəyyən addımlar atıldı. Yarandığı zaman jurnalın baş rəssamı istedadlı karikaturaçı Nəcəfqulu Ismayılov olub. Azərbaycan incəsənətinin bir qolu olan Əzimzadə ənənələrinə söykənən karikatura janrının çağdaş dünya karikatura ailəsinə inteqrasiyası artıb. Azərbaycan karikatura tarixinin zənginləşməsində əməyi olan, bu janrın ölkəmizdə inkişafı istiqamətində uzun illər çalışmış, öz sözünü demiş bu şəxsiyyətlərin yaradıcılıqları və fəaliyyətlərinin tam işıqlandırılması istiqamətində son illər müəyyən addımlar atılır. Böyük ənənələri olan Azərbaycan karikatura sənətini yaşatmaq, beynəlxalq karikatura aləmində onu təbliğ etmək və bu janrın inkişafını sürətləndirmək məqsədilə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi tərəfindən həyata keçirilən bir sıra tədbirlər və layihələr mövcud boşluğu doldurmaq istiqamətində edilən cəhdlər kimi qəbul oluna bilər.

Müasir günümüzdə karikatura sənəti

Bu sahədə uzun illər fəaliyyət göstərmiş, ömürlərini bu janrın inkişafına həsr etmiş karikatura ustaları haqqında kifayət qədər arxiv materialı toplanmış, yaddan çıxan, unudulan karikaturaçı rəssamlarımızın fəaliyyətləri işıqlandırılmışdır. Belə ki, 2005-ci ildə “Azərbaycan Karikaturaçı rəssamları”, 2006-cı ildə “100 illik karikatura tariximiz”, 2007-ci ildə “Azərbaycan karikaturası dünən və bu gün”, “Müasir Azərbaycan Karikaturası”, 2008-ci ildə “Azərbaycan Karikaturasının inkişafı” kimi kitablar hazırlanaraq karikaturasevərlərə təqdim olunmuşdur.
Bu kitabların Azərbaycan və ingilis dillərində hazırlanması Azərbaycan karikatura sənəti və rəssamlarımızın yaradıcılığı ilə daha geniş oxucu kütləsini tanış etmək imkanı yaratmış olur.

Beynəlxalq müsabiqələrdə fəal iştirak edən rəssamlarımız son 3 il ərzində qatıldıqları 200-dən artıq beynəlxalq karikatura müsabiqələrində 70-ə yaxın xüsusi mükafata və fəxri diplomlara layiq görülmüş, karikaturaçılarımızın əsərləri müsabiqələrin qızıl, gümüş, bürünc mükafatları ilə qiymətləndirilmişdir. Iştirak etdiyimiz demək olar ki, bütün müsabiqələrdə rəssamlarımızın karikaturaları, seçilmiş ən yaxşı 100 əsər siyahısına daxil edilmişdir.
Bu hadisələr müasir dövrdə Azərbaycan karikaturasının intensiv şəkildə inkişaf edərək, bu sahədə dərin bədii ənənələrə malik olmasını, dünya karikaturasının inkişafına öz layiqli töhfələrini vermək bacarığını nümayiş etdirir. Belə rəssamlarımız sırasında Şerifin, Y.Əsədovun, G.Əlizadənin, V.Allahyarovanın, E.Mirzəyevin, K.Abdinin, B.Qasımxanlının, S.Soltanlının adlarını çəkmək olar.

2006-cı ildə Azərbaycan Rəssamlar Ittifaqının nəzdində Karikatura bölməsi fəailiyyətə başlamışdır. Müqayisə üçün deyə bilərik ki, satira və yumorun mərkəzi sayılan Bolqarıstanın Rəssamlar Ittifaqında karikatura bölməsi hələ 1964-cü ildən etibarən fəaliyyət göstərir. Karikatura ənənələrinin zənginliyi, cəmiyyətdə satirik sözə və satirik rəsmə marağın yüksək olması baxımından Azərbaycan istənilən Avropa ölkəsi ilə ayaqlaşmağa qadirdir.
Digər mühüm hadisə isə 2008-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin Rəssamlıq fakültəsində “Karikatura tarixi”nin ilk dəfə olaraq, bir fənn kimi gələcək sənətşünaslara tədris olunması faktı ilə bağlıdır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir