Spikerin köməkçisi Nizami İsgəndərovu işdən çıxarması ilə bağlı təfərrüatlar
Milli Məclisin spikeri Oqtay Əsədovun köməkçisi Nizami Isgəndərovu işdən çıxarması hələ də müzakirə mövzusudur. Nizami Isgəndərov Sumqayıtda “univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərovun oğludur. 2005-ci ildə YAP-ın siyahısı üzrə deputat seçilən Nizami Isgəndərov 2010-cu il parlament seçkilərində hakim partiyanın namizədi ola bilmədi. Bu baxımdan da parlament seçkilərinə qatılmadı. Lakin həmyerlisi Oqtay Əsədov (hər ikisi Qərbi Azərbaycan bölgəsindədir) onu işsiz qoymadı. Özünə köməkçi götürdü.
5 aydan sonra isə işdən çıxardı. Oqtay Əsədovun Nizami Isgəndərovu qısa müddətdə yanından uzaqlaşdırması diqqət çəkməyə bilməzdi. “Qafqazinfo” xəbər portalının məlumatına görə, Nizami Isgəndərovun vəzifəsinin öhdəsindən gələ bilməməsi spikeri bu addımı atmağa məcbur edib. Lakin bu məsələ ilə bağlı başqa maraqlı məlumatlar da var. Bildirilir ki, Oqtay Əsədovun Nizami Isgəndərovu işdən çıxarmasında Ramiz Mehdiyev faktoru böyük rol oynayıb. Söhbət ondan gedir ki, Prezident Administrasiyasının (PA) rəhbəri 2005-ci ildə sabiq səhiyyə naziri Əli Insanovun həbsilə zəiflətdiyi hakimiyyətdəki Qərbi Azərbaycanlı qruplaşmasının güclənməsini istəmir. Elə bu baxımdan da 2010-cu il parlament seçkilərində bu bölgədən olan deputatların sayı bir qədər də azaldıldı. “Yeni Müsavat” qəzetinin məlumatına görə, Oqtay Əsədov Nizami Isgəndərovu özünə köməkçi təyin edəndə Ramiz Mehdiyev bunu hiddətlə qarşılayıb. PA rəhbəri keçirdiyi iclasların birində bu məsələyə toxunaraq deyib: “Biz o adamı (Nizami Isgəndərovu-red.) seçkidən kənarda qoyduq, siyahıya salmadıq, ancaq parlament sədri gətirib onu özünə köməkçi təyin edir”.
Ramiz Mehdiyevin bu mövqeyi həm də Oqtay Əsədovla münasibətlərində problem olması ilə bağlıdır. Bundan başqa Nizami Isgəndərovun əmisi Isgəndər Isgəndərov PA rəhbərinin “qara siyahı”sında olan daha bir məmurun – təhsil naziri Misir Mərdanovun müavinidir. Bildirilir ki, Oqtay Əsədov Ramiz Mehdiyevin köməkçi məsələsində ona qarşı açıq hücuma keçməsindən ehtiyat edib. Ona görə də, gərginliyi bir qədər azaltmaq üçün köməkçisini işdən azad edib.
Informasiya şöbəsi