“Mən nə cəza almışam, nə…”

7 illik cəza almış, mitinq iştirakçılarına divan tutan Ata Abdullayev əməllərinə necə haqq qazandırır?

Azərbaycanda demokratiya hərəkatına Misir sindromu gətirilir

Xatırlayırsınızsa, “Azadlıq” Misir Daxili Işlər Nazirliyinin bir məxfi sənədini ələ keçirmişdi. Bu sənəddə Misirdə dinc etiraz aksiyalarına qarşı Hüsnü Mübarəkin tədbirlər planı təsvir edilirdi. Yanvarın 28-də imzalanan bu sənəd dünyada ilk dəfə olaraq “Azadlıq”da dərc edilmişdi.

Bu sənəddə xalq hərəkatının qarşısını almaq, hərəkata qarşı hökumət qüvvələrinin görməli olduğu tədbirlər təsbit edilmişdi.

Sənəddə “zaman-zaman müxtəlif cinayətlərdə ittiham olunan başıpozuq insanlara pul ödəmək; onlarla evlərində və mümkün olan başqa yerlərdə tək-tək söhbətlər apararaq, onlara görəcəyi işləri başa salmaq; təhlükəsizlik qüvvələri və polis heyətinə daxil olan şəxsləri, detektivləri mülki qiyafədə izdihama daxil etmək yolu ilə panika yaratmaq və izdihamı içəridən dağıtmaq” kimi mühüm əməliyyatlar qeyd edilmişdi.

Azərbaycanda dinc etiraz aksiyalarının qarşısının alınmasında da eynən bu variantlardan istifadə edildiyini hər kəs bilirdi. Mülki geyimlilərin şəxsiyyəti də hər zaman adamlar arasında müzakirə edilirdi. Artıq ortalıqda gerçək faktlar var. Bu faktlar konkret şəxslərin, həm də konkret cinayətlərdə ittiham edilən şəxslərin dinc etirazçılara qarşı polis əməliyyatına qoşulduğunu təsdiq edir. Bu elementlərdən biri Ata Abdullayev adlı bir nəfərdir. Onun şəkilləri ölkə mediasını bəzədikdən sonra, hakimiyyət ideoloqları belə qərara gəliblər ki, bu adamdan “patriot” düzəltsinlər. Onu öyrədib müxtəlif KIV-ə göndərirlər ki, özünü Ilham Əliyevin könüllü fanatı kimi təqdim etsin; dinc aksiya iştirakçılarına qarşı qabalığının da polisin təşkilatçılığı ilə deyil, özünün təşəbbüsü ilə törətdiyini danışsın. Yəqin, bir neçə gün sonra mağaza şüşələrini qıran və KIV-də görüntüləri yayılan cinayətkarı da təqdim etmək üçün arqumentlər tapa biləcəklər.

Ata Abdullayev isə hələlik, “media ulduzu”dur. Müsahibələr verir.

“Azadlıq” radiosuna müsahibəsində, o, özünü belə leqallaşdırmaq istəyir:

“Ilham Əliyevi özümə ata hesab edirəm”

– Siz kimsiz? Özünüz barədə məlumat verərdiz.

– Mən adi vətəndaşam, Azərbaycanı sevən insanam, Azərbaycanın indiki hakimiyyətinə böyük hörməti olan insanam.

– Aksiyalarda tez-tez görünürsüz…

– Kim qadağan edib vətəndaşa küçədə gəzməyə? Müxalifət aksiya keçirir deyə, mənim ixtiyarım yoxdur küçədə gəzməyə? Mənim ölkə rəhbərimə söyən məni söymüş kimidir, başa düşürsüz necədir? Onu özümə ata hesab edirəm. Xeyir ola, söyməlidir? Mən heç kimə əl qaldırmamışam, vurmamışam, sadəcə olaraq, söyüş söyüb deyə, çəkmişəm kənara. Vətəndaşlıq borcumu yerinə yetirmişəm. Necə olur ki, yolda biri dava eləyəndə, görürsən ki, biri o birisini öldürür, heç kəsi köməyə çağırmayacaqsan?
– Aksiyalarda yalnız polisin ixtiyarı var ki, müdaxilə eləsin. Bəs sizin nə ixtiyarınız var… (jurnalistin sözünü kəsir)

– Polisin ixtiyarı var vətəndaşı… (fikrini tamamlamır), onun öz qanunlarına aiddir. Hər bir vətəndaşın öz xalqına kömək etmək ixtiyarı var.

– Ata bəy, fotoşəkillərdən, videokadrlardan görünür ki, siz digər vətəndaşları tutursunuz. Axı sizin nə ixtiyarınız var ki, başqa vətəndaşın hüququnu pozasınız?
“Vicdanım dözmür…”

– Etiraz eləməyə…ÿOrda qəddarlıq olmayıb, zorakılıq olmayıb, birincisi. Ikincisi, ölkə rəhbərimi söyənə, polisə əl qaldırana vicdanım dözmür də.

– Bu hüququ sizə kim verib? Polisə müqavimət varsa, polis var, məhkəmə var…

– Mən əmin-amanlıq olan bir ölkədə yaşayıram.

– Sizin bu ölkənin qanunlarından xəbəriniz yoxdur?

– Sizin xəbəriniz yoxdur. Sizin Qərbdən gələn qanunlardan xəbəriniz var.

– Ata bəy, sizin haqqınızda belə bir məlumat yayılıb ki, bir dəstə adamla əlbir olub “AZAL”a qarşı dələduzluq eləmisiz və şirkətə 100 min manata yaxın ziyan vurmusuz. Barənizdə 7 ilə qədər şərti cəza verilib.

– Bu haqda gedib “AZAL”a sual versəz, daha yaxşı olar. Siz vəkilsiz, hakimsiz, belə sual verirsiz? Aidiyyəti adamlara belə sual verin.

“Cızığımızdan keçəndə…”

– 7 il şərti cəza almısınız?

– O sizə maraqlı deyil, mən şərti almışam, ya almamışam. Bu ölkədə istər şərti məhkumun, istərsə də adi vətəndaşın hüququ eynidir. Bərabər hüquqlarımız var. Amma həddimizdən, cızığımızdan keçəndə məhkəmə var.

– Siz necə, bu həddi keçmisizmi?

– Keçmişəmsə də cəzamı almışam, keçməmişəmsə də, onu qanun keşikçisi bilə bilər. Nə sənin, nə mənim buna ixtiyarım var.

– 7 il cəza müddəti bitibmi?

– Mən nə cəza almışam, nə… bu suala cavabdan imtina edirəm, aidiyyəti adamlara sual verin. Sizin şəxsi işlərimə qarışmağa ixtiyarınız yoxdur.

– Nə işlə məşğulsuz?

– Mən biznesmenəm.

– Amma heç də bütün biznesmenlər aksiya keçirilən yerə gəlib aksiya iştirakçılarına qarşı zorakılığa yol vermirlər…

– Prezidentimin adına söyəndə dözə bilmirəm.

– Bu ölkənin qanunlarına niyə hörmət etmirsiz?

– Qanunlara hörmətdirsə, getsinlər, qanunla onlara yer verilir, “Bibiheybət”ə, getsinlər, mitinqi orada keçirsinlər. Prezidenti söyən adam konstitusiya hüquqlarına hörmət etməlidir.

– Köməyinizə görə polisdən hər hansı mükafat alırsınızmı?

– Mən həyatı boyu polisə kömək eləməmişəm. Köməyimi də ehtiyac olan dəqiqədə yerinə yetirirəm. Mənim heç nəyə ehtiyacım yoxdur. Allah ömrümdən kəsib Ilham Əliyevə versin.

Xatırlatma

16 aprel 2010-cu il: Təqsirləndirilən Elyar Qocayev Ata Abdullayevin qərəzli ifadəsi əsasında tutulduğunu deyir:

Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AzAL”) internet səhifəsinə müdaxilə edərək, şirkətə 100 min manat məbləğində ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə təqsirləndirilən şəxs Elyar Qocayev günahsız olduğunu və təqsirləndirilən Ata Abdullayevin qərəzli ifadəsi əsasında tutulduğunu bildirib. Buna görə də Elyar Qocayev Ata Abdullayevə “AzAL”dan biletlərin alınması ilə bağlı bir neçə suallar verib. Ata Abdullayevin “bilmirəm”, “dəqiq yadımda deyil” cavablarına təqsirləndirilən şəxslərdən birinin vəkili Mənsum Bayramov belə münasibət bildirib: “Bu şəxs sualları cavablandırmır, amma hər şeyi yaxşı bilir. Bu zəmanəmizin dahisidir, qorumaq lazımdır, ələ belə adamlar az hallarda düşür”.

Ata Abdullayev isə vəkilin belə açıqlamasını özünə qarşı təhqir kimi qiymətləndirdiyini hakimlərin diqqətinə çatdırıb. Hakim Novruz Kərimov isə vəkilin nəzərinə çatdırıb ki, heç kimi təhqir etməyə icazə verilmir. Vəkil isə bildirib ki, bu qədər insanın tutulmasında Ata Abdullayev günahkardır. Qısa mübahisədən sonra proses davam etdirilib.

“Azadlıq Radiosu”