El Atasının üzə çıxması

Hamı günlərdir onun haqqında danışarkən o susurdu. Adama elə gəlirdi ki, o, sadəcə, 2 aprel mitinqinin kadrlarında var, real həyatda isə yoxdur. Adama nağıl qəhrəmanı kimi görünürdü. Xəyal kimi gəlirdi. Amma dünən nəhayət ki, “Azadlıq” radiosuna danışdı. Və hər kəsin onun bir ruh, bir nağıl qəhrəmanı olmadığını anladı.
Bəs o “Azadlıq” radiosuna çıxdı da, nə dedi? Nə deyəcək canım, “rəhbərim haqqında tənqidlərə dözmürəm” dedi.
“Mənim ölkə rəhbərimə söyən məni söymüş kimidir” dedi.

Özü 2 aprel mitinqində burnunu camaatın özgürcə toplaşmaq azadlığına soxmaqdan utanmazkən müxbirə “sizin mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur” dedi.
Amma mənə ən çox nə ləzzət elədi bilirsinizmi? “Allah ömrümdən kəsib Ilham Əliyevə versin” deməsi… Bir bank oğrusunun ömründən kəsib bu rejimin başında dayanan şəxsə bağışlaması məntiqin təntənəsidir! 

Bir bank oğrusu öz ömründən kəsib millətin səsini, sərvətini oğurlayanlara bağışlamayacaq da, kimə bağışlayacaq? Bir bank oğrusu öz ömründən kəsib millətin hüquqlarını, azadlıqlarını əlindən alanlara, onun gələcəyini çırpışdıranlara bağışlamayacaq da, kimə bağışlayacaq?

Pardon, səhərdən “bank oğrusu” deyə yazıram, bu arada söhbətin kimdən getdiyini də dəqiqləşdirim – Ata Abdullayevdən. Məhkəmə yolu ilə isbatlanıb ki, bu adam bir müddət əvvəl, yəni hələ 2 aprel mitinqinə müdaxilə etməzdən qabaq AZAL-ın kompüter mərkəzinə müdaxilə edərək ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə edib. Həmin xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb, müxtəlif marşrutlar üzrə elektron avia-biletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıb. Sonda? Sonda bu qədər fırıldaqlarına rəğmən haqqında məhkəmə azadlıqdan şərti məhrumetmə qərarı çıxarıb.

AZAL-a 100 min manata qədər ziyan vurduğu açıqlanan adamı sadəcə, azadlıqdan şərti məhrum edən məhkəmə görəsən, Ata Abdullayevi hansı halda dəmir barmaqlıqlar ardına tıkardı? O gərək AZAL prezidenti Cahangir Əsgərovumu oğurlayaydı ki, həbsə atılaydı?

Burası heç. Ən dəhşətlisi odur ki, indi azadlıqdan şərti məhrum edilən həmin Ata Abdullayevdən Ilham Əliyev rejimi xalqı azadlıqdan tamamilə məhrum etmək üçün istifadə edir. Onun 2 aprel mitinqində etirazçıların qolunu buraraq maşına basmasına dair kadrlar var. O kadrlardan yola çıxan tənqidçi, müstəqil media günlərdir bu adamın izində idi.

Və buyurun: indi o adam ortaya çıxıb və üstəlik, ömründən kəsib Ilham Əliyevə bağışladığını söyləyib.

Bir daha deyirəm, bu, məntiqə tamamilə uyğundur. Ilham Əliyev hakimiyyətinin ömrü məhz bank oğrularının, büdcə oğrularının, körpü, yol, ən uzun bayraq dirəyi oğrularının hesabına uzanır. Onlar öz ömürlərindən kəsib bağışlamasalar, bu hakimiyyət yəqin çoxdan vaxtsız vəfat etmişdi. 

Dələduzluğuna, fırıldaqçılığına görə azadlığı məhdudlaşdırılan bir adamı ölkədə azadlığın sərhədlərini genişləndirmək istəyən insanların üzərinə göndərməyi ancaq bu rejim özünə rəva görə bilərdi!

Ancaq bu rejim məhkəmə yolu ilə sübutlu-isbatlı cinayətkarları ölkənin namuslu, ləyaqətli vətəndaşlarının üstünə göndərə bilərdi!
Axı hüquqa sırtını dönmüş, qanunları ayaq altına atmış, məhkəmələri siyasi alətə çevirmiş bir hakimiyyətdən başqa nə gözləmək olar ki? Özü xirtdəyəcən suça bulaşan, üzərində korrupsiya, seçki saxtakarlığı, büdcə talançılığı, Elmar Hüseynovun qətli kimi dəhşətli cinayətləri daşıyan bir hakimiyyətin dar gündə müdafiəçisi, şilləvuranı da Ata

Abdullayev kimi məhkəmə hökmü üzərində bir cinayətkar olmayacaqdı, kim olacaqdı axı?

Qısası, çox “el atası, el atası” deyirdiniz, alın bu da sizə Ata Abdullayev!