Hakimiyyət cəmiyyətdəki hazırkı aktivliyi öz qəbiristanlıq sükutuna təhlükə görür
Fuad Qəhrəmanlı: «AntiQərb kampaniyasının aparılması ilə bağlı göstərişi Ilham Əliyev verib»
Ölkədə ictimai aktivliyin artdığı bir zamanda hakimiyyət təmsilçilərinin Qərbə yönəlik ittihamları güclənməkdədir. Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, tez-tez Bahar Muradova, Novruz Məmmədov və Oqtay Əsədovun səsləndirdiyi bu səpkili bəyanatları dövlət başçısı Ilham Əliyev Astarada olarkən təkrarlayıb. I.Əliyev bildirib ki, Azərbaycanın inkişafını istəməyən bəzi xarici qüvvələr ölkədə sabitliyi pozmağa çalışırlar.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, məsələlərə hakimiyyətin məntiqi ilə yanaşsaq, o zaman belə bəlli olur ki, Azərbaycanın inkişafını istəyən qüvvələr, yəni hazırkı iqtidar demokratik proseslərin inkişafını boğmağa, dövlət büdcəsini talamağa, insan haqlarını pozmağa, ölkənin imicini bərbad etməyə çalışırlar. Bu siyasətin arxasında məhz YAP-ın dayandığını deyən F.Qəhrəmanlı vurğuladı ki, müxalifətin məqsədi ölkədə azad və ədalətli cəmiyyətin yaradılması, korrupsiyaya son qoymaq, insan haqlarının tapdanmasının qarşısını almaqdır: “Əgər müxalifətin ölkədə normal cəmiyyət qurmaq niyyətini Azərbaycan iqtidarı özü üçün təhlükə hiss edirsə, sabitliyin pozulmasına cəhd kimi qiymətləndirirsə, deməli, hakimiyyətin apardığı siyasət demokratik dünyanın qəbul etdiyi prinsiplərə ziddir. Hakimiyyət cəmiyyətdəki hazırkı aktivliyi öz qəbiristanlıq sükutuna təhlükə görür. Bu, demokartik düşüncə tərzinə, insan haqlarına, hüquqa zidd bir rejimdir. Sadaladığımız dəyərlər əsasında Azərbaycanda ictimai proseslərin bərpa olunmasını özləri üçün təhlükə sayırlar. Təbii ki, quldar da istər ki, qul həmişə istismar olunsun və qulun etirazını sabitliyin pozulması kimi qəbul etsin. Aydındır ki, bu siyasət ilk növbədə Ilham Əliyevin özündən qaynaqlanır. AntiQərb kampaniyasının aparılması ilə bağlı göstərişi onun özü verib”. Amma I.Əliyevin xarici qüvvələrin sabitliyi pozması ilə bağlı ritorikasının hazırda işləmədiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, eyni tezislərlə bir müddət əvvəl H.Mübarək, Ben Əli danışırdı. Indi isə həmin tezislərdən Qəzzafi yararlanır: “Hamı bilir ki, bu ritorika saxta vətənpərvərlik pərdəsi arxasında hakimiyyəti qorumaq üçün ortaya atılan məsələdir. Əsl həqiqət isə cəmiyyətin istəyidir. Əgər hakimiyyət o həqiqətin gözünə dik baxmaqdan qorxmursa, o zaman meydan versinlər və orada həmin həqiqətlər ifadə olunsun. Iqtidar bu həqiqətlərdən çəkinir, ona görə teleefir müxalifətin üzünə qapanıb. Polemika yolu ilə həqiqətlərin cəmiyyətə çatdırılmasının qarşısını almaq istəyirlər. Amma hakimiyyət nə qədər çalışsa da, özlərinin mənafeyini xalqın marağı kimi təqdim edə bilməyəcəklər”.
F.Qəhrəmanlının sözlərinə görə, xalq anlayır ki, bu hakimiyyətin davam etməsi Azərbaycanda hüquqsuzluğun, korrupsiyanın, talançılığın davam etməsidir. Ona görə də xalqın qurtuluşu hakimiyyətin dəyişməsindən keçir.
Xəyal