Liviya diktatoruna sığınacaq verə biləcək ölkə axtarılır; Hillari Klinton isə qana susamış Qəzzafini hədələdi
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı yerli və beynəlxalq hərbi əməliyyatlar davam edir. NATO-ya aid qırıcılar Liviyanın paytaxtı, diktatorun son qalası Tripolinin cənub-qərbinə hava zərbələri endirib. Liviya Dövlət Televiziyası hərbi qaynaqlara istinad edərək, dünən Qəzzafi rejiminə qarşı əməliyyatlar çərçivəsində paytaxtdan 50 km. aralıda yerləşən Əl-Hira bölgəsinin hədəfə alındığı barədə məlumat yayıb.
Diktator Əcdəbiyyəni topa tutdu
Bundan başqa, Liviyaya ezam olunmuş xarici media təmsilçiləri Müəmmər Qəzzafiyə bağlı silahlıların Əcdəbiyyə şəhərini top atəşinə tutduğunu bildirib. Şahidlərin sözlərinə görə, üsyançılar diktatorun əsgərlərinin hücumları qarşısında duruş gətirə bilməyərək şəhərin şimal-şərq hissəsinə çəkilməli olublar. Rejim əleyhdarları mövqelərini tərk edərkən geridə buraxdıqları ərazilərə tank əleyhinə minalar basdırıblar.
Qəzzafi əsgərlərinin Əcdəbiyyəni top atəşinə tutması nəticəsində insan tələfatının olmadığı bildirilir. Müxaliflərin geri çəkilməsindən sonra ehtiyatlanan dinc sakinlər kütləvi halda Əcdəbiyyədən qaçmağa başlayıb.
Xatırladaq ki, müxalifətin əsas şəhəri olan Benqazidən 160 km. cənubdakı strateji əhəmiyyətə malik Əcdəbiyyə ətrafından çəkilməyən üsyançılar NATO-nun hava hücumları sayəsində Liviyanın neftlə zəngin bölgəsi Breqaya qədər irəliləyə bilmişdilər.
Üsyançılar Qəzzafinin cavabını Misratada verdi
Diktatorun qəfil hücumlarına baxmayaraq, müxalifət təmsilçiləri həftələrdir Qəzzafi qüvvələrinin hücum etdiyi Liviyanın üçüncü böyük şəhəri Misratadakı mövqelərini möhkəmləndirə biliblər. Qəzzafi əleyhdarlarının nəzarətindəki digər şəhərlərlə müqayisədə daha yaxşı təşkilatlanmış Misrata sakinləri ötən gün gecə saatlarında diktatorun əmrindəki əsgərlərin mövqelərinə qarşı uğurlu əməliyyat keçiriblər. Üsyançılar diktatorun snayperli əsgərlərini şəhərin əsas küçəsi Tripoli prospektindən uzaqlaşdırıblar. Onlara məxsus bir tankı sıradan çıxarıblar. Bundan əvvəl isə, NATO-ya aid qırıcıların bombardmanlarından yayınmaq üçün evlərin həyətlərində gizlədilmiş daha 4 tank da zərərsizləşdirilib. Hökumət qüvvələri ilə müxaliflər arasında yaşanmış qarşıdurmalarda hər iki tərəfdən ümumilikdə 14 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb.
Fransalı nazir Qəzzafinin gedəcəyinə əmindir
Bu arada, Əfqanıstandakı fransız əsgərləri ziyarət edən Fransanın müdafiə naziri Jerar Lonq “Le Parisien” qəzetinə açıqlamasında Liviyadakı silahlı qarşıdurmaların davamlı olmaq ehtimalının narahatlıq yaratdığını bildirib. Lonq bütün narahatlıqlara baxmayaraq, Qəzzafi rejiminin sona çatacağına əmin olduğunu da vurğulayıb: “Bəli, koalisiya qüvvələri Liviyanın şərqindəki Qəzzafi qüvvələrinin bütün gücünü sıradan çıxaracaq vəziyyətdədir”.
Fransalı nazir ABŞ qırıcılarından başqa hərbi təyyarələrin gündə 150 uçuş etdiyini və hava əməliyyatlarını həyata keçirdiklərini söyləyib.
Liviyada gərginliyin davam etdiyi bir vaxtda ötən gün “The New York Times” qəzeti maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ rəhbərliyi və müttəfiqləri gizli şəkildə Liviya diktatoru Müəmmər Qəzzafiyə sığınacaq verməyə bir ölkə axtarırlar. “The New York Times” adını açıqlamayan mənbəyə istinadən xəbər yayıb ki, Barak Obama və Liviya əməliyyatlarında iştirak edən digər ölkələr Qəzzafinin zorla devriləcəyindən sonra onu qəbul edəcək dövlət axtarışındadır. Müttəfiqlərÿ başdaÿ Afrikaÿolmaqla, bir neçə variant üzərində işləyirlər. Haaqa Məhkəməsində mühakimə olunacağı istisna edilməyən Liviya diktatoruna sığınacaq vermək istəyən ölkələrin sayının isə az olduğu bildirilir.
Obama administrasiyasının səlahiyyətli təmsilçisi qəzetəÿ açıqlamasında bildirib ki, Haaqa Məhkəməsinə çıxarılacaq istənilən şəxsə sığınacaq verməklə bağlı Roma sazişini imzalamamış bir ölkə də nəzərdən keçirilir.
Klinton Qəzzafini ağıllı olmağa çağırdı
Ərəb və ABŞ mətbuatı Liviya diktatorunun Misrata şəhərindəki üsyançılara və dinc sakinlərə qarşı qadağan olunmuş bombalardan istifadə etməsi barədə xəbər yayıb. Şəhərdəki müxaliflər bölgəyə NATO əsgərlərinin göndərilməsini tələb ediblər.
Ispaniya istehsalı olan bombaların atılması nəticəsində Misratada çoxlu sayda insanın yaralandığı bildirilib. Liviya hökuməti qadağan olunmuş bombalardan istifadəni yasaqlayan BMT müqaviləsini imzalamasa da, bu tip qeyri-insani addımlar atılmayacağı barədə beynəlxalq öhdəliyi var.
Misrata şəhərində istifadə edilən qadağan olunmuş bombaların foto və videogörüntüləri dünya mətbuatında yayılıb. ABŞ dövlət katibi Hillari Klinton Qəzzafi qüvvələrinin qadağan olunmuş bombalardan istifadə etməsinə dair tutarlı fakt tapılmadığını söyləyib. ABŞ rəsmisi Liviya diktatorunu sərhədləri aşmamağa çağırıb.
Turan