“Bizi üzüqoylu yıxdılar və qollarımızı dəmirə bağladılar”
Masallının Ərkivan kənd bələdiyyəsinin üzvü, Müsavat Partiyasının fəalı Eynulla Əzizov İctimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi mitinqdə iştirak etdiyinə görə polisə aparılıb.
“Media forum” saytına danışan Eynulla Əzizovun sözlərinə görə, aprelin 17-də keçirilən mitinqdə iştirak etdikdən sonra axşam saatlarında rayona yola düşüb və gecəyarısı evə çatıb: “Bu gün səhər tezdən sahə müvəkkili mənim polisə çağırıldığımı dedi. Getdim. Məni Masallı Rayon Polis Şöbəsində ictimai təhlükəsizlik şöbəsinin rəisi dindirdi. Sonra izahat yazdım. İzahatımda göstərdim ki, Azərbaycan televiziyalarında mitinqlə bağlı deyilənlərin doğru olub-olmadığını yoxlamaq üçün Bakıya getmişdim. Televiziyalarda məlumat verirlər ki, mitinqə 100-150 nəfər çıxıb. Bunu öz gözümlə görmək istəyirdim. İzahatımda onu da qeyd etdim ki, dinc aksiyalarda iştirak hər bir vətəndaşın, eləcə də mənim konstitusion hüququmdur. Mən də orada iştirak etdim. Mənə deyirlər ki, bələdiyyə üzvünün mitinqdə iştirakı rayonumuz üçün pisdir”.
Eynulla Əzizovun sözlərinə görə, ondan izahat alındıqdan sonra təkrar polis şöbəsinə çağırılacağını bildiriblər: “Mənə dedilər ki, səni şöbə rəisinin müavini dindirəcək”.
Müsavat fəalı 17 aprel mitinqində saxlandığını da bildirib: “Polis aksiyaçılarla çox kobud rəftar edirdi. Avtobusun döşəməsinə xüsusi dəmir borular bərkidilmişdi. Bizi üzüqoylu yıxdılar və qollarımızı dəmirə bağladılar. 2 saat o vəziyyətdə saxladılar. Daha sonra bizi başqa maşına mindirib polisə apardılar, təcridxanada 2-3 saat saxlayandan sonra buraxdılar”.


