“Xəzər Lənkəran” və “Qarabağ”ın məğlubiyyəti…

…bu məğlubiyyətlərin “Neftçi”yə faydası

Dünən futbol üzrə Azərbaycan Premyer-Liqasında XXVII tura start verilib. Ilk oyun günü 3 qarşılaşma baş tutub.  “Turan” Bakıda “Muğan”a uduzub – 1:2. Bu tovuzluların ardıcıl ikinci məğlubiyyətidir.
“Məğlubiyyətə layiq deyildik”
Bununla belə, “Turan”ın baş məşqçisi Naci Şensoy oyundan sonra keçirilən mətbuat konfransında komandasının məğlubiyyətə layiq olmadığını deyib: “Klassik bir oyunun şahidi olduq. Hər iki komanda ”ikinci altılıq”da da zövqlü oyunların ola biləcəyini göstərdi.
Hesab edirəm ki, məğlubiyyətə layiq deyildik. Əsas heyətimizin üç futbolçusu zədə səbəbindən oyunda iştirak etmirdi. Ilk qolu biz vurduq, lakin hesab bərabərləşəndən sonra “Muğan” daha yaxşı oynadı və ikinci qolu vura bildi. Ikinci hissədə üstünlük bizim tərəfimizdə idi. Ən azı, heç-heçəyə layiq idik. Qarşıdakı 5 oyunda daha yaxşı nəticə qazanmalıyıq”.
“Muğan”ın baş məşqçisi Bəhmən Həsənovun oyunla bağlı mövqeyi isə belə olub: “Turan”la oyunumuz maraqlı alındı. Rəqibin AZAL-la oyununu izləmişdim, lakin budəfəki taktika fərqli idi. Ilk qolu buraxdıqdan sonra komanda oyunda dəyişiklik edə bildi, qalib gəldik. Hər oyuna eyni motivasiya ilə çıxırıq, “Muğan”ın adı üçün oynayırıq. Qarşıdakı oyunlarda gənc futbolçulara üstünlük verəcəyik. “Turan”ı gözəl oyuna görə təbrik edirəm”.
“Bir səhv buraxdıq…”
Çempionluğa iddialı “Xəzər Lənkəran” bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Cənub təmsilçisi öz meydanında “Inter”i məğlub etməkdə aciz qalıb – 1:1. Mirça Rednikin yetirmələri “altılıq” mərhələsində keçirdiyi 5-ci oyunda da, qələbə qazana bilməyib.
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik qarşılaşmadan sonra mətbuat konfransında komandasının oyunundan razı qalmadığını dilə gətirib: “Nəticə məni qane etmədi. Artıq 5 oyundur ki, qalib gələ bilmirik. Qələbə üçün meydana çıxmışdıq, lakin ”Inter”in bu taktikası bizə istədiyimiz oyunu göstərməyə imkan vermədi. Bir səhv buraxdıq, “Inter” bundan lazımınca istifadə etdi. Azarkeşlərimizi sevindirə bilmədiyimiz üçün təəssüflənirəm. Qarşıda 5 oyunumuz var, onlara hazırlaşacağıq. Oyundan və oyunçularımdan razı qalmadım”.
“Inter”in baş məşqçisi Kaxaber Tsxadadze isə əksinə, futbolçularından razı qaldığını bildirib: “Çox gözəl oyun oldu. Azarkeşlər və stadion da yaxşı idi. Seçdiyimiz taktikaya uyğun oyun göstərdik. Hakimliklə bağlı heç bir problem olmadı, normal hakimlik oldu. ”Xəzər Lənkəran”a uğurlar arzulayıram, öz futbolçularımdan razı qaldım”.
“Qarabağ” bizə problem yaradırdı”
Dünən “Qarabağ” da vacib iki xal itirib. Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” ilə qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.
“Bu gün oyuna 3 xal üçün çıxmışdıq. Qələbə bizim üçün daha vacib idi. Təəssüf ki, qalib gələ bilmədik”, – deyə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc çalışdırıcı rəqibin ikinci hissədə daha yaxşı oynadığını etiraf edib: “Bir çox qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. ”Bakı” komandasının da ikinci hissədə fərqlənmək üçün bir neçə imkanı oldu. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq”.
“Bakı”nın latviyalı baş məşqçisi Aleksandr Starkov isə deyib ki, ilk hissədə komandasının oyunu alınmayıb: “Fikrimcə, bunun səbəbi ötən tur aldığımız məğlubiyyətin futbolçular üzərində psixoloji təsiridir. Nəzərə almalıyıq ki, biz çox yaxşı təşkilatlanmış komandaya qarşı mübarizə apardıq. ”Qarabağ” bizə bir çox problem yaradırdı. Lakin biz bu problemlərin qarşısını ala bildik”.
Beləliklə, Ağdam və Lənkəran klublarının qələbə qazana bilməməsi “Neftçi”ni sevindirməyə bilməz. Flaqman bu gün AZAL-ı məğlub edə bilsə, böyük ölçüdə çempionluğu təmin edəcək. “Neftçi” xal itkisinə yol verməsə, yaxın rəqibini 8 xal geridə qoyacaq ki, bu fərqi son turlarda aradan qaldırmaq möcüzəyə bərabər sayılacaq.