İlham Əliyev harada idi?

Müstəqilliyimizə təhlükə yaradanlar və “xarici qüvvələr” nəzəriyyəsi barədə

İlham  Əliyev Astara ictimaiyyəti qarşısında çıxış edib. Deyib ki, 90-cı illərin əvvəlini yaxşı xatırlayır. Amma onun bu xatırələri kimin söhbətlərinə əsaslanır onu demək çətindir. Çünki, İlham Əliyev həmin vaxtlarda Azərbaycanda olmayıb. Astaralılara danışdıqlarından da görünür ki, dövlət başçısı tam məlumatlı deyil. Qısacası ona yalan deyiblər. İlham Əliyev deyib ki, o vaxt Azərbaycanın taleyi həll olunurdu. Bunu düz deyib. Doğurdan da o vaxt taleyüklü hadisələr baş verirdi. İlham Əliyev isə Azərbaycanda deyildi. Yəni millətin taleyi ilə maraqlanmırdı. Onun hansısa başqa maraqları var idi. Elə indi də o maraqları dəyişməyib. Sadəcə statusu dəyişib. Qeyri-qanuni yolla.

Müstəqilliyimizə kim təhlükə idi?

Müstəqilliyimizin sual altına düşməsindən danışan İlham Əliyev o günlərin çox gərgin olduğunu da vurğulayıb. 1993-cü ildən söhbət gedir. O zaman Rusiyanın bir nömrəli hərbi adamı ilə kim birləşdi? Elə Kremlin dəstəklədiyi siyasi şəxs. Yəni Heydər Əliyev. O zamanlarda da İlham Əliyev ölkədə yox idi. Ona görə də bu gərginliyi yaşamayıb. O zaman ölkəyə rəhbərlik edən şəxslər, ölkənin müstəqilliyini qazandıran şəxslər idi. Müstəqilliyə təhlükə Rusiyadan gəlirdi. Rusiyanın birinci eşalonunda isə Heydər Əliyev və Surət Hüseynov durudu. Daha doğrusu müstəqilliyi qazandıran elitaya qarşı vuruşurdu. Buna görə də Azərbaycanın 93-cü ildəki qiyamdan sonra müstəilliyinin bərkidiyini demək mümkün deyil. Ən azından Qarabağ münaqişəsinin həllində bizi dəstəkləyən dövlətlərin sayı və sırası üç dəfə seyrəldi. Müstəqillik bütün dünya ilə düşmən olmaqdırsa, İlham Əliyev bunu çox möhkəmləndirib. Özü də dünyada analoqu olmayan səviyyədə.

Kim nədən və niyə ruhlanır?

İlham Əliyev deyib ki, müxalifət hansı ölkdə nə baş verirsə, ona baxıb ruhlanır. Olsun. Amma indi kimin nədən ruhlandığına diqqət yetirək. Azərbaycanda müxalifətdə olan qüvvələr ilk dəfə elə səksəninci illərin əvvəllərində ruhlandılar. Ermənilərin Azərbaycana ərazi iddialarına cavab vermək üçün. Ordu yaratdılar. Şəhid verdilər, yaralandılar, dövlət qurdular. O zaman Heydər Əliyev Rusiyanın Azərbaycanda uğurlu demokratiyanı istəməməsindən ruhlandı.
Bu gün dünyada xalqlara divan tutan, sandığından yüz milyardlarla korrupsiya “qazancı” çıxan diktatorlar devrilir. Azərbaycan müxalifəti də ruhlanacaq təbii. Çünki diktatorların devrilməsindən Azərbaycan xalqı ruhlanır. İlham Əliyev isə xalqını bombalayan, qan axıdan, kürsünü hər şeydən uca tutan Livya diktatoru Qəzzafinin əks-hücumlarından ruhlanır. Hər kəsin bir ruhu var və hər kəs stimul ala bilər. Amma görün, kim nədən ruhlanır?

Xarici qüvvələr və inkişaf…

İlham Əliyev deyir ki, uğurlu inkişafa mane olmaq istəyən və xarici dairələrdən göstəriş alan qüvvələr var. Bəs necə oldu müdrik, uzaqgörən, balanslı xarici siyasət? Siz də Azərbaycanın inkişafını istəyən qüvvələrlə işləyin. ABŞ-la düşmənsiniz. Rusiya ilə münasibətlər yox. İran sizə nifrət edir. Türkiyə ilə siz düşmənçilik edirsiz. Kim qalıb ki, bu planetdə sizi dəstəkləsin? Kiminlə münasibətləriniz qaydasındadır?

Danışmağa ehtiyac varmı?

İlham Əliyev yarım saat çıxışını müxalifətə həsr edəndən sonra deyir ki, onlar barədə danışmağa ehtiyac yoxdur. Məncə də yoxdur. Niyə danışırıq ki?..
Bu, lap kommunistlərin Allahla mübarizəsinə oxşadı. Cavid Əfəndi belələrinə yaxşı deyib: “Əcaba, Allah varmı?”.

Seymur Həzi