Heydər Əsədov aranı qatıb

Hesablama Palatasının hesabatı hakimiyyətdə qarşıdurmaya səbəb olub

Hesablama Palatasının sədri Heydər Əsədovun Milli Məclisə təqdim etdiyi hesabat hakimiyyət daxilində aranı qatıb. Iqtidardaxili qruplar hesab edir ki, Heydər Əsədovun hesabatı obyektiv deyil və qrup maraqlarına xidmət edir.
Xatırladaq ki, hesabatda Vergilər Nazirliyində, Dövlət Statistika Komitəsində və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki nöqsanlar əksini tapmışdı. Lakin hansısa səbəbdən Heydər Əsədov çıxışında bu məqamlara toxunmayıb. Hətta iş o yerə çatıb ki, deputat Qüdrət Həsənquliyev açıq şəkildə bunu Hesablama Palatasının sədrinə irad tutub. “Belə çıxır ki, yazdığınızın arxasında dayana bilmirsiniz”,- deyə o, bildirib. Lakin bununla belə hakimiyyətdə düşünürlər ki, Heydər Əsədov bu hesabatı ilə məqsədli şəkildə ayrı-ayrı oliqarxları hədəfə alıb. Hakimiyyətdə hesab edirlər ki, Heydər Əsədov çıxışında hesabatda əks olunan faktları dilə gətirməsə də, eyni zamanda böyük qanun pozuntuları ilə bağlı prokurorluq orqanlarına material göndərilməsə də, belə bir sənədin hazırlanmasının özü xüsusi məqsəd daşıyır.
Məlumatlara görə, hazırda hakimiyyət daxilində bu məsələ ilə bağlı ciddi qarşıdurma yaranıb.

İnformasiya şöbəsi