kiv-df

Azadlıq himnini doğuran “Koroğlu” operası

O, xalqa belə bir uvertüra bəxş etdi

Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun böyük səhnələri dolaşan ən uğurlu operaları sırasında “Koroğlu” özünəməxsus yer tutur. Üzeyir bəy “Koroğlu” operasını yazmaq qərarına gəldikdən sonra düz iyirmi il xalq musiqisinin əsaslarını dərindən öyrənməyə vaxt sərf etmişdi. O, “Koroğlu” operası haqqında” məqaləsində yazmışdı: “Koroğlu” operasını yazmamışdan 20 il əvvəl xalq musiqisinin əsaslarını və köklərini öyrənmək işinə başlamışdım. Bu sahədə hazırladığım bir çox məruzələr ətrafında musiqi həvəskarlarının mübahisə və müzakirələrini izləyirdim. Bu yol ilə el musiqisini nə qədər dərindən öyrəndiyimi sınayırdım, digər tərəfdən, bəstəkara məxsus sənətkarlıq texnikasındakı hiss etdiyim nöqsanların ləğvinə çalışırdım. Opera yazmaq sənətinin hər bir cəhətini ətraflı öyrənirdim. Bütün bunların yekununda 1932-ci ildə “Koroğlu” operasını yazmaq üçün özümdə hazırlıq hiss edərək cəsarətlə işə başladım. Burada qarşımda duran əsas məqsəd yazacağım operanın Azərbaycan xalqının, eyni zamanda bütün digər xalqların asanlıqla dərk edə biləcəyi bir əsər alınması idi. Başqa operalarda olduğu kimi, “Koroğlu”da da opera elementlərinin – ariyaların, duetlərin, trioların və başqa leytmotivlərin olması tələb olunurdu. Bu qaydalar formasını da Azərbaycan muğamları üzərində qurmaq lazım gəlirdi”.

Bəstəkar “Koroğlu”sunu dörd ilə yazıb qurtardı. Bu əsər Azərbaycan opera sənətinin əlçatmaz zirvəsidir. Mütəxəssislər qeyd edir ki, indiyə qədər heç bir bəstəkar bu səviyyədə əsər yaza bilməmişdir.

“Koroğlu obrazı Uvertürada öz təcəssümünü tam parlaqlığı ilə tapmışdır. Operanın Uvertürası əsərin əsas ideyasını əks etdirən simfonik lövhədir. Burada xalq obrazını səciyyələndirən ən parlaq mövzular cəmlənmişdir. Onu da deyək ki, ”Koroğlu” Uvertürası bu gün Azərbaycan xalqı üçün azadlıq himninə çevrilmişdir.
Operadakı rəqslər də hadisələrin üzvi tərkib hissəsi kimi, iştirakçıların əhval-ruhiyyəsini və emosiyalarını əks etdirir. Bəstəkar məhz xalqın qəhrəman simasını səciyyələndirmək üçün “Yallı”, “Cəngi” kimi rəqslərdən istifadə edərək, Azərbaycan xalqının həyatsevər və mərd xarakterini musiqidə canlandırmışdır” (Cəmilə Həsənova, sənətşünas).

“Koroğlu” xalqın azadlıq mübarizəsindən bəhs edən operadır. Ona görə də operanın kollektiv qəhrəmanı olan xalqın obrazını tam dolğunluğu ilə göstərməklə kütləvi xor səhnələri və ansamblları tamaşada böyük yer tutur.

Bu qəhrəmanlıq operası ilk dəfə 1937-ci ildə səhnələşdirilib. 5 pərdəli operanın libretto müəllifləri H.Ismayılov və M.S.Ordubadi idi. Tamaşaya müəllif özü dirijorluq edirdi. Operanın rejissoru Ismayıl Hidayətzadə idi. Koroğlu partiyasını Bülbül ifa edirdi. Nigar rolunu soprano Gülarə Iskəndərova, Həsən xan rolunu isə bariton Məmmədtağı Bağırov oynayırdılar. Bu operanın səhnə təcəssümü tapması şəhərdə bayram ovqatı yaratmışdı. Üzeyir bəyin simfonik orkestrin tərkibinə Azərbaycan xalq çalğı alətlərini – tarı, qavalı, qara zurnanı daxil etməsi onun milli musiqimizə sonsuz məhəbbətinin daha bir bariz sübutu idi.

Opera dörd fərqli quruluşda səhnəyə çıxıb

Mənbələrdə “Koroğlu”nun ilk premyera günü Azərbaycan mədəniyyətinin ən möhtəşəm, ən anşlaqlı günlərindən biri kimi dəyərləndirilir. Istər o dövrün mətbuatında, istərsə də “Koroğlu”nun ilk nümayişinin tamaşaçısı olan insanların xatirələrində həmin gün unudulmaz bir gün olaraq təsdiqlənir. Belə bir xatirələrdən birində yazılır: “Koroğlu” operasının premyera günü görünməmiş anşlaqla keçdi. Nəinki paytaxtda, eləcə də Azərbaycanın hər bir bölgəsində “Koroğlu” operası barədə söz-söhbət gəzirdi. Tamaşa günü opera teatrının yanından belə keçmək mümkün deyildi. Hətta tamaşada oynayan aktyorlar binaya çox çətinliklə daxil oldular. Həmin gün Azərbaycanın ən müxtəlif bölgələrindən Bakıya böyük bir insan axını var idi. Vəziyyəti belə görən asayiş keşikçiləri sabitliyi qorumaq üçün Bakıya girişi qadağan etdilər…”.
“Koroğlu” operası 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyü çərçivəsində böyük uğurla nümayiş olunub. Operanın ikinci səhnə işi rejissor Mehdi Məmmədovun adı ilə bağlıdır ki, bu da 1959-cu ilə təsadüf edir. 1975-ci ildə isə Firudin Səfərov operanı yeni bir quruluşda tamaşaçıların ixtiyarına verib. Əsərin sonuncu dəfə səhnələşdirilməsi 28 il sonra, 2003-cü ildə rejissor Hafiz Quliyevin təqdimatında baş tutub.

Azərbaycan səhnəsinin ilk Koroğlusu Bülbülün ifası operanın tarixində ən uğurlu təqdimat sayılır. Yeri gəlmişkən, Üzeyir bəy sözügedən əsəri yazarkən də bu rol üçün məhz Bülbülün səs diapazonunu nəzərə alıb. Uzun illər Koroğlunu müvəffəqiyyətlə oynayan Bülbüldən sonra bu rolda Şirzad Hüseynov, Hüseyn Əliyev, Adil Məlikov, Lütfiyar Imanov kimi sənətkarlar da özunəməxsus tərzdə çıxış edib. 2003-cü ildə fərqli üslubda səhnələşdirilən tamaşada isə bu ifada yeni səslər özünü sınayıb. Bu ifaçılar arasında Ülvi Qılıncın, Həsən Enaminin, Samir Cəfərovun, Ramil Qasımovun adlarını çəkmək olar.

Səhnədə yerini qoruyan klassik əsər

Gənc ifaçılardan Ramil Qasımov deyir: “Koroğlu xalq qəhrəmanıdır. Opera isə peşəkar musiqimizin banisi Üzeyir Hacıbəylinin, eləcə də, Azərbaycan musiqi mədəniyyətinin şah əsəridir. Koroğlu partiyasına gəlincə, bu, tarixdə qalacaq bir ifadır. Bu rola dəvət almağım, onu uğurla ifa etməyim heç də təsadüfi deyil. Mənim müəllimim Xalq artisti, professor Mobil Əhmədov olub. O, dahi Bülbülün tələbəsi olmuşdu. Mən də Bülbül məktəbinin davamçısıyam.

“Koroğlu” operasına gəlincə, Akademik Opera və Balet Teatrından mənə bu təklif gələndə çox sevindim, həm də böyük məsuliyyət hissi keçirdim. Dahi Üzeyir bəyin böyüklüyü ondadır ki, 1937-ci ildə bu operanı yazanda azərbaycançılığı qabarıq göstərmək üçün operada milli folklor sənətini, aşıq yaradıcılığını tətbiq edib. Bir də, bu əsərdə Koroğlunun qəhrəmanlığı, onun qələbəsi eyni zamanda xalqın əzmidir, qüdrətidir. Odur ki, bütün o qəhrəmanlığı ifa vasitəsilə çatdırmaq üçün sözsüz ki, məktəb olmalıdır. Sevinirəm ki, ifam yaxşı alınıb. Gərgin məşqlər sayəsində mən bu rolun öhdəsindən gəldim və Azərbaycanın görkəmli musiqiçi xadimləri də öz müsbət rəylərini bildirdilər”.
“Koroğlu” dastanında heç bir yerdə Koroğlunun surəti, rəsmi yoxdur. Demək olar ki, bu xalq qəhrəmanının surətini yaddaşlara yazan da məhz Üzeyir bəyin operası oldu. Indi xalq qəhrəmanının şəkilləri hər yerdə var. Bu, Bülbülün şəkilləridir, amma Koroğlu obrazında, Koroğlu libasında, bu sima ilə də Koroğluya heykəllər qoyulur. Hamısı həmin operada Üzeyir Hacıbəyovla yaradıcı qrupun yaratdığı və at üstündə Azərbaycan Opera Teatrının səhnəsində hamımızın qarşısına çıxdığı Koroğlu obrazından götürülüb.
Bu klassik opera günümüzdə də əvvəlki şöhrətini saxlayaraq, səhnələri dolaşmaqda davam edir. Keçən ilin iyul ayında Istanbul şəhərində keçirilən 1-ci Beynəlxalq Istanbul Opera Festivalında opera uğurla nümayiş olunub. Festival 2010-cu il üçün Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış tədbirlər planı çərçivəsində təşkil olunub.

Festival TÜRKSOY Baş Katibliyinin hazırladığı Haliç-Konqres Mərkəzində “Koroğlu” operasının möhtəşəm tamaşası ilə başa çatıb.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir