Asfaltıstan

Asfalt Azərbaycanın xoş taleyinə çevrilib. Neçə illərdir ölkənin bir nömrəli mövzusu da yolların asfaltlanmasıdır. Azərbaycanda asfaltdan qiymətli, asfalt yoldan vacib heç nə yoxdur. Dünyanın ən bahalı asfalt yolunun burada olması da məhz bunun sübutudur. Ilham Əliyev illərdir asfalt yolların qırmızı lentini kəsməkdən yorulmur. Hətta son vaxtlar kəndlərdə, məhəllələrdə yolların asfaltlanmasına şəxsən özü baş çəkir.

Əhali mitinq edən kimi televizorda asfalt yolları göstərirlər. Müxalifəti söyəndə hakimiyyətin çəkdiyi asfalt yollardan danışırlar. Iqtisadiyyatımızın böyüməsini, ölkəmizin çiçəklənməsini öyəndə asfalt yollar başda gəlir. Asfalt siyasətimizin də başına çıxıb. Hökumətimiz yaxşı anlayıb ki, asfaltdan başqa bizə heç nə lazım deyil. Hər yerdə yolları qazırlar. Hətta təzə asfaltları da yamayırlar, təzə salınmış asfalt yollar üzüqara çıxıb çatlayanda, dağılanda onları vaxt itirmədən yamamalı oluruq.
Bütün küçələrdən asfalt daşıyan maşınlar keçir. Yuxumuzda da asfalt yayan maşınlar görürük. Bu qəşəng maşınların rəngləri çox xoşagələndir. Asfaltın iyi isə bizə artıq milli plovumuzun ətri kimi xoşdur. Yemədən, içmədən də asfaltın iyi ilə qarnımızı doyura bilirik.

Hakim partiyanın asfalt şöbəsi var. Prezident Aparatındakı asfaltlama sektorunda xüsusi ekspertlər əyləşib. Azərbaycan asfalt yolların çəkilməsinin artım sürətinə görə dünyada birinci yeri qazanmaqdadır. Xarici qüvvələrdən maliyyələşən dağıdıcı müxalifət olmasa, seksi hisslərlə “Lider” pornostudiyasını qəzəbləndirən “Azadlıq” qəzetinin yazarları dinc otursalar, Azərbaycan dünyanın ən sürətli asfaltçəkən ölkəsi olacaq.

Düşmənlərimiz bizim asfalt yolları görəndə dəli olur, paxıllıqdan ürəkləri gedir. Biz dünyaya sübut etdik ki, məşhur universitetlərə, yüksək təhsilə, güclü xəstəxanalara, böyük sənaye sektoruna sahib olmağın heç bir xeyri yoxdur, əsas asfaltdır. Asfalt müasir insanın əsas tələbatı, güclü dövlətin bazisidir. Asfaltdan başqası yalandır. Qəzzafinin rəzilliyi onda olub ki, yaxşı asfalt yollar çəkməyib. ABŞ kimi derjava isə asfalt sahəsində geridə qalıb. Yaponiyanı batıran da asfalt yolların azlığı idi. Onlar başa düşmədilər ki, bir ölkəyə asfaltdan başqa heç nə lazım deyil.

Tezliklə ölkəmizdə asfalt nazirliyi də yaradılacaq. Bakıdakı asfalt muzeyi dünyanın ən hündür binası olacaq. ASFALT TOWER adlanacaq bu qoşa göydələnin şöhrəti artıq dünya mətbuatının diqqətini özünə çəkib. Azərbaycanın Milli Elmlər Akademiyasının 5 institutu birləşərək sübut edib ki, asfaltı qədim azərbaycanlılar kəşf edib. Lakin sonradan xarici qüvvələr yerli müxalifətlə əlbir olaraq, onun tərkibi ilə bağlı elmi sənədi oğurlayıblar və Avropaya aparıblar. Bu oğurluqda Avropanın düz 20 ölkəsinin əli var. Tezliklə biz onların əməllərini ifşa edəcəyik. Ikili standartlarla fəaliyyət göstərən BMT isə hələ də bu haqda susur.

Bəzi mötəbər məlumatlara görə, avropalılar indi də dinc oturmurlar. Onlar Bakı Beynəlxalq Aeroportuna gedən 14 kilometrlik avtomobil yolunun layihələndirilməsi və tikintisinə fantastik məbləğin – 360 milyon 499.6 min manatın xərclənməsinin sirrini öyrənib, bu qeyri-adi asfaltlamadan özləri də istifadə etmək istəyirlər. Onlar asfaltın qiymətini yenidən dərk etməyə başlayıblar. Görürlər ki, bizdə asfalt əsl xoşbəxtlikdir və onun analoqu yoxdur – nə xərcdə, nə də gəlirdə…