Tarixçi alimdən Mehdiyevə sərt sual

Cəmil Həsənli: «Niyə Bəxtiyar Hacıyev kimi istedadlı gənc həbsdə, Ramiz Mehdiyevin kürəkəni parlamentdə oturmalıdır?»

«Heydər Əliyevdən sonra hamısı böyük alimlər olmağa başladılar, nə oldu, bunlara birdən-birə vəhy gəldi?»

“Azərbaycan xalqı keçdiyi tarixə, yaratdığı böyük mədəniyyətə, ictimai-siyasi proseslərdəki roluna görə, Konstitusiya hüquqlarının əlindən alınmasına layiq deyil. Mən Azərbaycan ziyalısının bir nümayəndəsi kimi məsələni belə qoyuram. Bu gün Bəxtiyar Hacıyev həbsdədir. O son dərəcədə istedadlı bir gəncdir, yüksək təhsili var. Respublikaya fayda verə bilər. Niyə o həbsdə olmalıdır, amma Ramiz Mehdiyevin kürəkəni parlamentdə oturmalıdır? Cəmiyyət bu ədalətsizliyi görmür məgər? O parlamentin formalaşdırılmasını elə Ramiz Mehdiyevə tapşırmışdılar da… Əgər o, ədalətli olsa idi xidməti mövqeyindən istifadə edib rəhbərliyi altında işləyən kürəkənini, hakimiyyətin bir qolunda təmsil olunan yüksək vəzifəli məmurların yaxın ailə üzvlərini, biznes ortaqlarını və hətta… parlamentə salmazdı. Harvardın məzunu həbsə salınır, kürəkən parlamentə… Bu minvalla hakimiyyətin müxtəlif qanadlarının ayrı-ayrı ailələrin əlində cəmlənməsi prosesi baş verir ki, bu da, irəliyə doğru deyil, geriyə doğru addımdır”.

Bu fikirləri tarixçi alim, keçmiş millət vəkili Cəmil Həsənli “Qafqazinfo”ya müsahibəsində səsləndirib.
C.Həsənli bildirib ki, feodal qaydaların əlamətlərini özündə ehtiva edən belə geriləmələrin tədricən Azərbaycan cəmiyyətinin bölünməsinə, ayrı-ayrı ailələrin timsalında ağalar və xalqın timsalında məzlumların, hüquqsuzların yaranmasına gətirib çıxaracağı labüddür.
O, həmçinin iri məmurların və onların yaxınlarının “elmi nailiyyətlərinə” də toxunub: “Bir müddət əvvəl Ramiz Mehdiyevin elmin vəziyyətindən bəhs edən məqaləsi çıxdı. Böyük hay-küyə səbəb oldu. Yaxşı, maraqlıdır necə olur ki, onun Suxumi Dövlət Universitetini 1965-ci ildə qurtarıb, 36 il sonra – 2001-ci ildə namizədlik dissertasiyası müdafiəsi edən həyat yoldaşı bu ”böyük elmi göstəriciyə görə” kafedra müdiri olur? Zoologiya institutundan gəlmiş qızı qısa müddətdə yaradıcılığın şəxsiyyətin formalaşmasında rolu mövzusunda namizədlik, şəxsiyyətin formalaşmasında yaradıcılığın rolu mövzusunda doktorluq dissertasiyası müdafiə edib eyni sürətlə kafedra müdiri olur, amma Azərbaycanda yüzlərlə gənc, istedadlı elmlər doktoru münasib iş tapa bilmədiyindən bu ölkədən baş götürüb gedir. Bu işlərdə “fədakar əməyinə” görə heç bir elmi göstəricisi olmayan birisi Milli Elmlər Akademiyasına üzv seçilir. Lakin əsərləri dünyanın birinci onluğuna daxil olan universitetlərdə dərslik kimi istifadə olunan professor Rafiq Əliyev Akademiyanın həqiqi üzvlüyünə yaxın buraxılmır. Ədalət budurmu? Heydər Əliyevdən sonra bunlar hamısı böyük alimlər olmağa başladılar. Cild-cild kitablar yazdılar, elmi titullar aldılar. Nə oldu, bunlara birdən-birə vəhy gəldi?”.