Mümkün olmayanın izilə

Yolumun üstündə bir şüar var. Hər gün onu görürəm. Özü də çox qısadır və bunun özü də təəccüblüdür, çünki bunlar qısa və müxtəsər olmağı sevmir, bəlkə də heç bacarmırlar. “Qara şəhəri Ağ şəhərə çevirək!” – şüar belədir. Olsun. Amma şəhər gözümdə qaralır. Binalarının fasadları ağardıqca, asfalt yollara ağ xətlər çəkildikcə… Çünki mən bu binaların içini təsəvvür etməyə cəhd edirəm, oradakı insanları görməyə və anlamağa çalışıram. Çalışıram ki, həyatdakı uğursuzluqlar, hər gün yaşadığımız mənfi emosiyalar yazılara sirayət etməsin, amma məndən asılı deyil.

Indilər ali məktəbə qəbul olmağın nə qədər çətin və vacib olduğunu hamı bilir. Amma bu həftə üç tələbənin ali məktəbdən qovulması xəbərini eşitdim. Bu ölkənin nə qədər darıxdırıcı və yorucu olduğunu da kimsəyə izah etməyə ehtiyac yoxdur. Amma daha bir neçə adamdan bu tozlu, torpaqlı və palçıq yağışlı şəhəri tərk etməməklə bağlı ifadə alındığını eşitdim. Beləcə, hər gün – döyülənlər, təqib edilənlər, şəhəri tərk etməmək haqda ifadə alınanlar, institutdan xaric edilənlər və bir də “zəhmətkeş gəncliyin və xalqın” yolunu azmış müxalifəti doğru yola dəvət etməsi haqda “geniş reportajlar”… Hər gün!

Amma mən yenə də quru ümidsizlikdənsə, ümidə üstünlük verirəm. Dünya və onunla birlikdə bu Qara şəhər də oyanır! Hər gün, hər saat mənə tanış gəlir. Mənə elə gəlir ki, bunları haradasa görmüşəm, haradasa oxumuşam.

43 il bundan əvvəlin, 1968-ci ilin Fransası! Tələbələrin etirazı ölkəni bürüyüb! Tələbə hərəkatının 23 yaşlı liderlərindən birini – Daniel Konu Benditi universitetdən qovmaq istəyirlər. Bütün Sarbonnanın tələbələri ayağa qalxır və o, xaric edilmir. Sonradan o, hətta Avropa Parlamentinin belə, üzvü olur.
O vaxtkı hərəkat zamanı tələbə həm özünü, həm də başqalarını müdafiə etməyi bacarırdı. Indi də “məndən ötdü…” məntiqilə yaşamaq düzgün deyil. Hə, insan haqlarının müdafiəsilə məşğul olan təşkilatlar hər bir neqativ halı qeydə alır, partiyalar bəyanatlar verir, amma tələbələrin öz təşkilatlarının, öz konfederasiyalarının yerini heç nə verə bilməz. Düzdür, dünyada bir ədalət var. Gec-tez bütün insanlar öz əməllərinin hesabını verir.

Sizə bir xəbər verim. Bugünlərdə Boliviyada düz Çe Gevaranın özünü həbs edən general həbs edilib. Bu, həmin Çe idi ki, bir şüarı – “Realist olun, mümkün olmayanı arzu edin!” şüarı 1968-ci ildə elə Fransada tələbələrin əsas şüarlarından biri idi… Düzdür, general başqa bir motivə görə həbs edilib, amma nə fərqi var? Əsas o deyilmi ki, gec-tez hamı pis əməllərinin cəzasını çəkir?!

Mən əsrin əvvəlindəki azərbaycanlı tələbənin vəziyyətilə indiki tələbənin vəziyyətini tutuşdurmaq istəyirəm. Hə, əsrin əvvəlində Istanbulda təhsil alan Əlibəy Hüseynzadə həbsdən yaxasını qurtarmaq üçün gecə ikən təcili şəhəri tərk edir. Amma bunlar nə vaxt baş vermişdi? Əsrin əvvəlində, Osmanlı imperiyasının dövründə! Bəs indi hansı vaxtdır?..

Bəli, elə bir vaxt gəlib ki, kabinetlərdə oturanlar onun nəbzini tuta bilmirlər. Indi bütün dünyada avtoritar rejimlərə münasibət dəyişir, getdikcə daha çox adam dərk edir ki, bu avtoritar rejimlər nə məntiqlə, nə tarixlə, nə də əsrlə ayaqlaşır…

Mümkün olmayan varmı?

Mən tamamilə bunun əksini iddia etməkdən uzağam. Əslində, insan hər vaxt bir çevrədən o birisinə adlayır. Bizi imkanlarımız xaricində olanlardan çevrə ayırır. Bu çevrənin ayırdığı nəhayətsiz bir sahəyə baxanda gözlərimiz qaralır və elə zənn edirik ki, heç bir vaxt qadağan olunmuş zonaya adlaya bilmərik. Amma bir az cəhd edəndə çevrə genişlənir və növbəti çevrə gəlir, elə dünən qeyri-mümkün görünən bu gün mümkün olur. Bu da həyatın dinamikasıdır və olduqca qəribədir…

Kiçik sözardı

Hüsnü Mübarək həbs edilib. Bu xəbər elə Çeni tutmuş generalın həbs olunması haqda xəbərdən heç də az maraq kəsb etmir. Bəli, dünənin generalları – bu günün müttəhimləri… Bu da növbəti çevrə deməkdir. Bir müddət bundan irəli bu da qeyri-mümkün görünərdi, artıq mümkün olub. Ruslar demişkən, axı şeytan daha nə ilə zarafat etmir ki?..