Misirin «YAP»ı bağlandı

Məhkəmə devrilmiş diktatorun qurduğu partiyanın fəaliyyətinə xitam verdi

Misir məhkəməsi devrilmiş diktator Hüsnü Mübarəkin qurduğu və 32 il hakimiyyətdə saxladığı Milli Birlik Partiyasının ləğv edilməsi barədə qərar çıxarıb. Həmin qərara əsasən, keçmiş iqtidar partiyasına aid maliyyə və mülklər dövlətin balansına keçəcək.
Bundan başqa, Misir mediası Mübarəkin hazırda Qahirənin Tayiz həbsxanasında saxlanılan oğullarına dustaq geyimi verildiyini və digər məhbusların qardaşları sıxışdırdığını da xəbər verir.
Xatırladaq ki, eks-prezident korrupsiya, dinc aksiya iştirakçılarına qarşı zorakılığa göstəriş vermək kimi əməllərdə ittiham olunur. Onun barəsində ilkin olaraq, 15 sutkalıq həbs qərarı verilib.
Hazırda Qahirədəki hərbi hospitalda saxlanılan devrilmiş diktator və oğlanlarının məhkəməsi keçiriləcək. Mübarəkin günahı sübuta yetirilərsə onu edam, ən yaxşı halda isə, ömürlük həbs cəzası gözləyir.

İnformasiya şöbəsi