Əliyev Qərbi müharibə ilə hədələdi

Minsk Qrupu həmsədrlərinin Məmmədyarovla görüşü niyə təxirə salınıb?

Bugünlərdə Azərbaycanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Iqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ), eləcə də ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspırşikin Ilham Əliyevlə görüşü çox gərgin atmosferdə keçib. Hökumətdaxili mənbələrdən “Azadlıq”a sızan məlumatda bildirilir ki, həmsədrlərlə Ilham Əliyevin görüşünə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza da dəvət olunub.

Müzakirələr zamanı Ilham Əliyev Dağlıq Qarabağ münaqişəsindən daha çox, müxalifətin fəallaşması, Qərbin demokratik düşərgəyə dəstəyi barədə danışıb və bundan narazılığını ifadə edib. Qərbin, xüsusən də ATƏT-in müxalifətə dəstəyinə son qoyulmasını tələb edən dövlət başçısı, əks təqdirdə Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlaya biləcəyinə işarə vurmaqla diplomatları hədələyib.
Mənbə onu da bildirir ki, Ilham Əliyevlə görüş gərgin keçdiyindən həmsədrlərin, xarici işlər naziri Elmar Məmmədyarovla əvvəlcədən planlaşdırılan görüşü təxirə salınıb. Həmçinin, həmsədrlərin görüş protokollarında onların Məmmədyarovla birgə şam yeməyi də nəzərdə tutulubmuş ki, bu da təxirə düşüb.

“Azadlıq”a daxil olan məlumatda o da bildirilir ki, ABŞ səfiri və həmsədrlər Əliyevlə görüşdən sonra ATƏT-in Bakı Ofisində toplaşıblar. Orada təxminən 2 saat çəkən müzakirələr barədə isə məlumat əldə etmək mümkün olmayıb.
Hər bir halda, E.Məmmədyarovla görüşün və şam yeməyinin təxirə salınması onu göstərir ki, Qərb diplomatlarının Ilham Əliyevlə danışıqları uğursuzluqla bitib.
Onu da əlavə edək ki, ölkə başçısı ilə görüş keçirilən gün müdafiə naziri Səfər Əbiyev döyüş bölgəsinə gedərək, hərbi təyyarələrin təlimini izləyib.

İnformasiya şöbəsi