Əli Kərimli İlham Əliyevə cavab verdi

“Müxalifət yoxdursa, niyə bütün resurslarınızı bizə qarşı istifadə edirsiniz”

 

Ölkədə siyasi ovqatın yüksəlməsindən sonra prezident İlham Əliyevin rayonlara səfərləri çoxalıb. Belə səfərlərdə hansısa xırda yolun, balaca müəssisələrin açılışı olur. Sonda isə prezident “rayon icyimaiyyəti”ilə görüş keçirir. Görüşdə isə 10-15 nəfərdən ibarət icra strukturlarında işləyən adamlar iştirak edir.
Prezident ötən günlərdə Astaraya səfəri zamanı çıxışında müxalifətə də yer ayırıb. Ölkə başçısı müxalifətin başlatdığı etiraz mitinqlərindən danışıb və bu aksiyaların nəticəsiz qalacağına inamını ifadə edib: “Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq”.
AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetinə açıqlamasında İlham Əliyevə cavab verib. Əli Kərimli bildirib ki, siyasi kampaniyalar zamanı müəyyən rənglərin seçilməsi tamamilə təbiidir: “Amma mənə heç aydın olmur ki, İlham Əliyev nə demək istəyir. “Müxalifət yoxdur” deyirlər, amma bütün dövlət televiziyaları müxalifətə qarşı kampaniyalar aparır. Bu qədər qorxu, təşviş keçirirlərsə, dövlətin bütün resursları müxalifətə qarşı səfərbər olunubsa deməli, Azərbaycanda yaxşı təşkilatlanmış, birləşmiş müxalifət var. Biz demokratiya, azadlıq uğrunda mübarizəmizi davam etdiririk. Bu mübarizə davamlı olacaq və bir az tez, bir az gec ölkəmizin demokratikləşməsi ilə nəticələnəcək”.

 

Aqşin