Nurəddin Məmmədli: «Əli Əhmədovun bütün başqa fikirləri kimi bu fikri də böyük yalana söykənir, reallığı ifadə etmir»
Müxalifətin fəallaşmasından narahatlıq keçirən hakimiyyət təmsilçiləri hər zaman olduğu kimi yenə də demokratik qüvvələrin əleyhinə müxtəlif fikirlər səsləndirməkdədir. Aksiyalarda yaşayış səviyyəsinin yüksəldilməsi, korrupsiyanın aradan qaldırılması, demokratik islahatların həyata keçirilməsi tələbləri səsləndirilsə də, YAP təmsilçiləri bunu da təhrif etmək yolunu tutub. Hakim partiyanın icra katibi Əli Əhmədov Milli Məclisdəki son çıxışında müxalifətin Azərbaycanda yüksək həyat səviyyəsinə, yaxşı yaşayanlara qarşı çıxdığını bəyan edib. YAP təmsilçisinin əvvəlki fikirləri kimi bu fikri də cavabsız qalmadı.
AXCP sədrinin müavini Nurəddin Məmmədli Azərbaycanda əhalinin böyük hissəsinin yaxşı yaşamadığının fakt olduğunu qeyd etdi. Belə ki, rəsmi statistikaya əsasən, ölkədə 2 milyon 100 min adamın aylıq gəliri adambaşına 85 manatdan 120 manata qədərdir. Hazırkı kommunal xərcləri nəzərə alanda ilk növbədə bu qədər insanı yoxsulluq kateqoriyasına aid etmək olar. Bu da əhalinin əhəmiyyətli hissəsidir.
N.Məmmədli əhalinin digər hissəsinin də yaxşı yaşamasından danışmağın mümkünsüz olduğunu bildirdi. Çünki korrupsiyanın, rüşvətxorluğun, rəzalətin baş alıb getdiyi ölkədə heç zaman əhalinin yüksək rifahından danışmaq olmaz: “Ona görə də Əli Əhmədovun bütün başqa fikirləri kimi bu fikri də böyük yalana söykənir, reallığı ifadə etmir”.
Fizzə