Cəmiyyətdə baş verən çalxalanmalar, iqtidarın amansızlıq nümayiş etdirməklə qorxusunu gizlətməyə çalışması, öz ölkəsində normal yaşamaq istəyənlərinsə, dirənişi – bütün bunlar son günlərdə müşahidə etdiklərimizdir. Özünü ziyalı adlandıran adamların belə bir vəziyyətdə hansı mövqedən çıxış edəcəyi hər kəs üçün əhəmiyyət kəsb edir. Məsələn, Ermənistanda yaxın günlərdə keçirilən mitinqlərə ziyalılardan dəstək gəldi. Bizim üçün düşməndir, amma o ziyalılar öz ölkəsinin problemlərini qazandıqları komforta satmırlar. Bizdəsə, aydın oldu ki, ziyalı adlandırılanların böyük bir kəsimi, əslində, ziyanlılar funksiyasında olmaqdan rahatdılar, təki onların kürsü və qazandıqları mövqeyə toxunulmasın. Demək ki, bizdə ziyalı deyilən adam, illərdir cəmiyyətdə qazandığı nüfuzdan xalqın xeyrinə deyil, öz komfortunu təmin etmək üçün istifadə edir.
Iki müsahibə: Zəlimxan Yaqub və Cəmil Həsənli
Birinci müsahibə yAp-ın xalqa tutduğu toyun tamadası Zəlimxan Yaqubdan gəldi…
Z.Yaqub özünün bildiyi bütün omonim, sinonim, antonimləri bir yerə toplayıb, söz bataqlığı yaradaraq, əsl yAp məmuru kimi müxalifətə mesaj verir: “Müxalifət mitinq məsələsini qatlayıb qoysun sandığa…”
Əslində, sandıq məsələsinin Z.Yaqub üçün bu qədər aktual olması təəccüblü deyil. Görünən o ki, Z.Yaqubda sandıq sindromu var. Nədən? Çünki özü dəfələrlə seçki sandığından yAp-ın köməyilə millətə vəkil kimi çıxarılıb. Elə bundan da onda ya sandıq sevgisi, ya da qorxusu yaranıb – bunu artıq demək çətindir.
Təbii ki, Z.Yaqub saray şairliyini, yAp-ın tamadalığını boynuna götürəndə bir də onu gözə alıb ki, vaxt gələcək, onu tarixin “yarınan şairlər sandığına” qoyub, ağzını da bağlayacaqlar. Indi dünya durduqca, duracağını zənn etdiyi, ya da özünü inandırdığı yAp-ın məmurlarının hamısı gəlsə də, o sandığın qapağını aça bilməyəcək.
Z.Yaqub bu ölkədə nə baş verdiyini anlamamış deyil. Amma görünən o ki, bildiyi həqiqətləri, sandıqdan çıxan millət vəkilliyinin ayaqları altında qurban kəsdiyi kimi, onların bir qismini də sandığa yığıb gizlədib ki, birdən çaşar, o həqiqətlərdən birini dilinə gətirər. Bir sözlə, Z.Yaqub həqiqətlərin məzarlığına çevrilən bir sandığın mövcud olduğunu dolayı da olsa, dilə gətirdi. Müxalifətə sandıq məsləhət gördüyündən, bəlkə də öz təcrübəsini bölüşüb demək istəyir ki, “ay müxalifət, mən sənin mitinq həqiqətini bilirəm, amma başına iş açma, o etiraz və narazılıqların həqiqəti olan mitinqi qatla qoy sandığa… Necə ki, mən qatlayıb qoymuşam”. Başqa sözlə, öz təcrübəsindən müxalifətin də yararlanmasını istəyir…
Bir az diqqətlə baxsaq, Azərbaycan başdan-ayağa sandıqlaşıb. Milli Məclisin yolu sandıqdan keçir. “Ziyalı” adlananların böyük əksəriyyətinin yaxın düşmək istəmədikləri, həqiqətlərin məzarı olan sandıqları var. Hakimiyyətdəkilər oğurladıqları pulları sandıqlara yığıb xalqdan gizlədirlər. Bir, sandığı olmayan müxalifətdir, onu da Z.Yaqub məsləhət görür. Nə etsin, axı o sandığın xeyrini çox görüb… Bu baxımdan Z.Yaqubun dediklərinə “başına gələn başmaqçı olar” misalından da yanaşmaq olar.
***
Ikinci müsahibə isə əsl ziyalı mövqeyini əks etdirən fikirlərin toplusudur.
C.Həsənli bildiyi həqiqətləri sandığa yığıb dəryaya atmır, əksinə, cəsarətlə bu ölkənin siyasətinə gətirilən namussuzluğu ən sərt şəkildə dilə gətirir. Nümayiş etdirir ki, indi tamadalıq deyil, əsl ziyalı kimi cəsarət nümayiş etdirməyin zamanıdır. yAp-ın “500 min üzvüm var” nağılını puça çıxaran C.Həsənli kimi, Z.Yaqub da bilir ki, bu “500 min üzv” nə məsələdir. Insanların özlərinin belə, xəbəri olmadan yAp-a üzv yazdırılmasıyla şişirdilən bu rəqəmi dilə gətirməyin özü belə, ayıbdır. Amma nə yazıq ki, yAp məmurları bunu tez-tez dilə gətirib, üstəlik, onu da əlavə edirlər ki, xalq yAp-ın yürütdüyü siyasəti dəstəkləyir. Burda “yalansa…” demək olar, amma yAp yapmacıq işlərlə məşğul olur deyə, biz ədəbimizi pozmayaq. Amma “utanmasan, oynamağa nə var ki…” misalı yAp-ın indiki durumuna lap mütənasibdir.
Beləliklə, hansı mənzərə yarandı?
Z.Yaqub və adı çəkilməyən, amma sayı onlarla olan yazıçı, alim – tamadalar, yAp-ın “500 minlik” zurnası və utanmadan oynaması… Əla triodur….
Amma bu biabırçı trionun saxta səsindən bərk çıxan bir həqiqət var və bu həqiqəti də C.Həsənli dilə gətirir: “Bir sıra ziyalılar böyük elmi titulları, fəxri adları olsa da, özlərini elə cındır vəziyyətinə saldılar ki, o cındırla indi heç ayaqqabı da silmək mümkün deyil”.