Bizimlə əcnəbilərin fərqi…

Azərbaycanda ağac üzərində oyma sənəti ilə məşğul olan mahir bir xəttat var – Seyfəddin Məsimoğlu. O, müsahibələrinin birində sənətini dəyərləndirən alman hüquqşünasla azərbaycanlı polisin fikirlərini müqayisə etmişdi. Sənətkarın, üzərində “Bismillahir-Rəhmani-Rəhim” yazısı olan əsərini alan alman hüquqşünas ona deyib ki, “adama elə gəlir, sizin işlərinizin üzərində əl gəzməyib”. Başqa bir sənət işi haqqında isə azərbaycanlı polisin qiyməti belə olub: “Bundan yaxşı ət taxtası çıxardı…”

Məncə, insan düşüncəsinin bu səviyyədə primitivləşməsi cəmiyyətdəki ciddi naqisliklərdən doğur. Bu naqisliklər insanı insanlıqdan çıxaran, mənəviyyatı dağıdan ən böyük bəlaların qidasıdır. Belə bir ortamda hər şey o dərəcədə aşınır ki, istər-istəməz daxildən çürümə labüd olur. Çürümüş toxum da, bilirsiniz, göyərməz. Köhnə, arxaik düşüncə ilə kimsə bir addım irəli gedə bilməz. Dünyanın o başına daş atmaq gücündə olduğunu düşünsə də, atdığı daş gəlib öz bostanına düşər.

Bu yaxınlarda Amerikada yaşayan həmvətənimiz Elmar Şahtaxtinskiyə qarşı bir kampaniya başlamışdı. Şahtaxtıdan olan tanınmış adamlar toplaşıb onu kəndin adını bədnam etməkdə töhmətləmişdilər. Bu fakt mənə XIX əsrdə həmin kənddən çıxmış görkəmli ziyalı Məhəmmədağa Şahtaxtlını xatırlatdı. Hələ o illər Peterburqda, sonra Leypsiq Universitetində təhsil alan, Parisdə fəaliyyət göstərən, bir çox dillərdə əsərlər yazan bu ziyalı 1903-cü ildə “Şərqi-Rus” qəzetini açarkən “dərdini söyləməyən dərman bulmaz” fikrinə söykənmişdi. O, etiraf edirdi ki, millətin inkişafı geyimi deyil, mənəviyyatı dəyişməkdən keçir: “Bir qisim… var ki, …mədəniyyəti paltarda, dildə zənn edərək uzun arxalıqlarını, başmaqlarını çıxarıb gödək jaket, dar çəkmə geyirlər. Hər kəsin on beş-iyirmi ildə yetdiyi indiki mərtəbəyə bunlar beş-on manatla on dəqiqədə nail olurlar. Az vaxtda tərbiyəli meymunlar kimi yekə bir ”obrazovannı” olub qurtarırlar (qeyrətlərinə nəzər dəyməsin)… Amma qafalarından köhnə fikri, xəbərsizliyi çıxarmayıblar. Bunlarda elmdən, mərifətdən, aləmdən xəbər yox”.

Uzaq qərb ölkəsində Azərbaycan həqiqətlərini söyləyən E.Şahtaxtinskini “vətən xaini” elan edən şəxslərin burada – ölkənin içində eyni gerçəkləri danışan insanlara münasibəti nəylə fərqlənir ki? Heç nəylə. Demək ki, məsələ heç də vətən təəssübkeşliyində deyil, yeni düşüncəylə arxaik düşüncənin mübarizəsində, vaxtı keçmiş qaydaları saxlamaq və dəyişikliyin qarşısına sədd çəkmək cəhdindədir. Bu düşüncədə olanlar üçün də onların vaxtı keçmiş tezislərindən kənarda heç bir Azərbaycan həqiqəti yoxdur.

Onlar üçün gerçəklik, ədalət, təəssübkeşlik saydıqları hər şey xidmətində olduqları bir rejimin ömrünün uzadılmasına hesablanıb.

Kimsəyə sirr deyil ki, indi uzaq ölkələrdə yaşayan insanlarımızın əksəriyyəti Azərbaycandakı rejimin əlindən bezib mühacirətə gedənlərdir. Həqiqət odur ki, insanlar bu ölkələrə azadlıq, rahatlıq, qanunçuluq ümidilə üz tuturlar. Məsələ yalnız qazancda olsaydı, aparıcı qərb şirkətlərilə bizim ölkəyə gələn əcnəbilərin çoxu qazandıqları milyonlarla mal-mülk alıb elə buradaca qalardılar. Və bu ölkənin sərvətləri də bir qrupun cibinə axmadan ədalətlə bölüşülsəydi, burada da normal cəmiyyətin əsasları oradakı kimi çoxdan qurulmuşdu. Amerika boşuna Amerika olmayıb ki…