Vitse-spikerin fikrincə, Qərb Azərbaycan hakimiyyətinin maraqlarını müdafiə etməlidir
Xarici ölkələri təmsil edən diplomatların aprelin 8-də Müsavat Partiyasının qərargahında müxalifət partiyalarının sədrləri ilə keçirdiyi görüş hökumət nümayəndələrinin kürkünə əməlli-başlı birə salıb. Son günlər ölkə rəsmiləri ancaq bu barədə danışırlar. Daha doğrusu Qərbə üsyan püskürürlər. Parlamentin dünənki iclası isə demək olar ki, bu məsələyə həsr olunub. Iclasdakı çıxışında Milli Məclis sədri Oqtay Əsədov səfirliklərin və bəzi beynəlxalq təşkilatların nümayəndələrinin bir neçə müxalifət partiyası ilə görüş keçirməsindən narahatlığını bildirib. Spiker bu narahatlığın Azərbaycana həmişə şəffaflıqdan dərs keçən, mediaya açıq olmaq haqqında mühazirə oxuyanların özlərinin qapalı görüş keçirməsindən irəli gəldiyini deyib.
Milli Məclis sədrinin və Yeni Azərbaycan Partiyası icra katibinin müavini Bahar Muradova isə bir az da irəli gedərək Qərbi şantaj edib: “ABŞ və digər ölkələrin səfirliklərinin nümayəndələri düşünmürlər ki, onların hərəkətləri Azərbaycanla münasibətə xələl gətirə bilər? Həmin ölkələr və onların iqtidarları bölgəmizdə maraqlara malikdir. Bu maraqları yerinə yetirmək istəyirlərsə, bizim maraqlarımıza da hörmət etməlidirlər”.
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məsələ ilə bağlı açıqlamasında Qərb dünyasını mərdi qova-qova namərd etməkdə günahlandırmışdı. O bildirmişdi ki, 760 min qaçqınla bağlı bir dəfə də beynəlxalq hüquq çərçivəsində bəyanat verilməyib. Amma 250-300 nəfərin şəhərin izdihamlı yerlərə provokasiya xarakterli addımlarla çıxmasına o dəqiqə Avropa Ittifaqı ilə ATƏT birləşib bəyanat verib.
Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, B.Muradova bu çıxışı ilə beynəlxalq aləmə açıq-aşkar “bazarlıq” təklifi edib: “Hakimiyyət beynəlxalq aləmdə son aylarda cərəyan edən inqilabi proseslərin mövcudluğundan və bu proseslərin Azərbaycana təsirindən çox ciddi şəkildə narahat olduğunu isterik addımlarla biruzə verir. Uzun illər ərzində beynəlxalq aləmlə alver prinsipi ilə siyasət quran hakimiyyət mövcud vəziyyətin ciddiliyini başa düşmədiyindən artıq keçmişdə qalmış prinsiplər üzrə çalışmaqla vəziyyətdən çıxmaq istəyir. Əgər son illərdə enerji amili beynəlxalq münasibətlərdə ciddi rol oynayırdısa, indi başlıca prinsip kimi demokratik dəyişikliklər şüarı elan olunub. Bu prosesdə ABŞ-ın başlıca rol oynadığı heç kimə sirr deyil. ABŞ rəsmiləri dəfələrlə açıq şəkildə bildiriblər ki, onlar Azərbaycanı demokratik dövlət kimi görmək istəyir. Bu baxımdan Azərbaycan hakimiyyətinin boyat xarici siyasət prinsipləri ilə vəziyyətdən çıxa biləcəyi tamamilə mümkünsüz görünür”.