20 səfir və çox uğurlu xarici siyasət

Azərbaycan TV-lərində son vaxtlar yenidən “zəhmətkeşlər”in çıxışları artıb. Iqtidara dəstəyini ifadə edən, müxalifəti qınayan bu çıxışların bəzi nümunələrinə internetdə tamaşa etdim. Çox miskin görüntülərdir. Hamısı da standart, hamısı da boz. Cavanın da, qocanın da eyni cür danışdığı bu nitqlər barədə çox şey demək olar, amma bir məqam mənim diqqətimi xüsusilə özünə çəkdi. Çıxışçılar yenə də çeynənmiş “Prezidentimizin daxili və xarici siyasətini dəstəkləyirik!” ifadəsini həvəslə təkrarlayırlar. Daxili siyasəti başa düşdük – hər yerdə asfalt yol çəkirlər, amma bu xarici siyasətin niyə dəstəkləndiyini anlamaq olmur. Görəsən bu 20 səfir olayından sonra zəhmətkeşlər Ilham Əliyevin xarici siyasətinin hansı uğurunu dəstəkləyirlər?

Axı Avropa ölkələrini təmsil edən 20 səfirin 2 aprel mitinqindən sonra müxalifət liderlərilə görüşməsindən sonra hakimiyyət nümayəndələrinin özləri deyir ki, xaricilər Azərbaycana qarşı yaxşı mövqedə dayanmayıblar, onlar ölkəmizdəki sabitliyi pozmaq istəyirlər. Hələ mən yumşaq ifadələr seçirəm. Elə Avropanın 20 ölkəsinin Azərbaycanın ziyanına işlədiyini bunlar özləri etiraf edirsə, beynəlxalq təşkilatların bizə qarşı qərəzli hesabatlar verməsini özləri deyirsə, Rusiya kimi yaxın “dost”umuz

Ermənistanı silahlandırırsa, qardaş Türkiyənin bayraqları endirilirsə, Iran əzəli düşməndirsə, hansı uğurlu xarici siyasətdən danışa bilərik?
Dünən Milli Məclisdə Oqtay Əsədov səfirlərə hücum edərkən belə deyib: “Möhtərəm prezident Ilham Əliyevin daxili və xarici siyasətinin uğurları heç də hamının ürəyincə deyil”.  Bəs bu uğurlu xarici siyasət bütün dünyanı niyə bizə qarşı qoyub? O necə uğurlu xarici siyasətdir ki, bütün xarici güclər sənə qarşıdır? Oqtay Əsədov hətta təhdidlərdən danışıb: “Hər kəs Azərbaycana qarşı təhdidləri bilməli və buna hazır olmalıdır”.

Əslində, Oqtay Əsədov xarici siyasətin iflasa uğradığını açıq şəkildə etiraf edib. Bu hakimiyyəti özünə dost bilən, bu hakimiyyəti təqdir edən bir xarici ölkə qalmayıb. Təbii ki, Ermənistanı silahlandıran Rusiyadan başqa. Daha doğrusu, Azərbaycanı nökəri kimi görmək istəyən Putin rejimindən başqa.

Vacib bir məqam

Azərbaycan hakimiyyəti özünün gözdən düşdüyünü, bütün dünyada biabır olduğunu, mütərəqqi dünyayla üzə-üzə qaldığını gizlətmək üçün, özünə olan pis münasibətləri Azərbaycana olan münasibət kimi qələmə verir. Xeyr, cənablar! Bu mənfi münasibətlər antidemokratik Azərbaycan hakimiyyətinə qarşıdır, Azərbaycana qarşı deyil. Saxta, oğru, qeyri-mütərəqqi rejimdən hamı iyrənib.
93-cü illəri xatırladanlara
Dostumuz Anar Məmmədli “Azərbaycan xalqı 90-93-cü illəri yaxşı xatırlayır” deyənlərə 3 məsələni xatırladır:
1) 93-cü ildən indiyədək bir rayon da geri alınmayıb;
2) 93-cü ildən sonra ölkəmizi siyasi-iqtisadi səbəblərdən 2 milyon vətəndaş tərk edib;
3) Hazırda 2011-ci ildir və xalq o tarixi xatırlamır.

Natiq Cavadlı isə bu fikrə əlavə edir:

– Ilham Əliyev 2003-cü ildə hakimiyyətə gələndən sonra təbii qazın qiyməti 17 dəfə artıb, telefon xidməti 3, su 4, işıq 4, metroda gediş haqqı 3 dəfə bahalaşıb. Bu faktların qarşılığında hakimiyyətin xalqa hansı uğur və xidmətlərindən danışmaq olar?!