AXCP sədrinin evi qarşısında «aksiya» keçirənlər hakimiyyətin tör-töküntüləridir
AXCP sədri Əli Kərimlinin evi qarşısında keçirilən aksiyalarda iştirak edənlərin kimliyi ilə bağlı məlumatlar əldə etmişik. Hakimiyyətin təşkil etdiyi bu aksiyalara qatılanların bir qismi bu partiyanın başında duran şəxslərin övladları və yaxınları, digərləri isə müxtəlif universitetlərdə kəsiri və qaibi olan şəxslərdir. Aksiyada iştirak etməkdən imtina edən tələbələrdən biri “Azadlıq”ın əməkdaşına deyib ki, bir neçə gün əvvəl oxuduğu universitetin dekanı onu çağıraraq həftənin 3-cü günü aksiyada iştirak etməsinin vacibliyini bildirib. Tələbə buna etiraz edəndə dekan ona rektorun mesajını çatdırıb:”Ya universitetdən xaric olacaqsan, ya aksiyaya getməlisən”
Digər mənbələrdən əldə etdiyimiz məlumat da qəzetimizə açıqlama verən tələbənin dediklərilə üst-üstə düşür.
Məlumata görə, YAP rəhbərliyi belə iyrənc aksiyaların təşkili üçün rektorların xidmətindən yararlanır.
Indisə bəzi iştirakçılarla adbaad tanış olun.
1. Seymur Orucov – YAP-ın gənclər təşkilatının sədridir. Iqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevin kürəkənidir. Elə bu səbəbdən də həmin universitetdə prorektor vəzifəsinə qədər yüksəlib.
2. Cavid Qurbanov – Texniki Universitetin tələbəsidir, anası iqtidaryönlü qəzet olan “Iki Sahil”in YAP-çı baş redaktoru Vüqar Rəhimzadənin köməkçisidir.
3. Daşqın Qəmbərov – BDU-da tələbə həmkarlar ittifaqının sədridir. BDU-nun rektoru, deputat Abel Məhərrəmovun bacısının kürəkənidir.
4. Nizami Məmmədov – “Qaçqınkom”un Laçın şöbəsinin sədri Voroşil Məmmədovun oğludur. Bir neçə gün əvvəl isə YAP-ın üzvü olan Voroşil Məmmədov AzTV-yə çıxaraq AXCP-dən “istefa” verib.
5. Rusif Fətəliyev – Hakimiyyətyönlü IRƏLI təşkilatının üzvüdür. Parlament seçkilərində Sabirabaddan deputat “seçilən” IRƏLI-nin sədri Ceyhun Osmanlının seçki qərargahında fəaliyyət göstərib.
6. Mahir Abbasəliyev – YAP-ın icraçı katibi Əli Əhmədovun köməkçisidir.
7. Sahil Hacıyev – BDU-da tələbə həmkarlar ittifaqının sədr müavinidir. Eyni zamanda parlamentin xanım deputatlarından birinin qardaşı oğludur. Hələlik həmin deputatın adını çəkmirik. Onunla bağlı redaksiyamıza daxil olan şok faktları araşdırıb başa çatdırdıqdan sonra bu deputatı bütün Azərbaycana məşhur edəcəyik.
8. Xalid Muradxanoğlu – IRƏLI-nin üzvü. Bu şəxs də Ceyhun Osmanlının seçki qərargahının üzvlərindən olub.
9. Mehman Ismayılov – Fövqəladə Hallar Nazirliyinin protokol xidmətinin rəhbəridir.
10. Nəcəf Novruzov – YAP-çı deputat Siyavuş Novruzovun qardaşı oğludur. Bu şəxs Gənclər və Idman Nazirliyində idarə rəisidir.
Əldə etdiyimiz məlumatlara görə, aksiyalarla bağlı ümumi koordinasiya işini Şəmsəddin Hacıyevin kürəkəni Seymur Orucov həyata keçirir. Bu uşaq işilə məşğul olmaq əvəzinə küçələrdə televiziyalarda danışmaq üçün tələbələr toplayır, onlara hazır mətnlər verir.
Bundan başqa, Əli Əhmədovun gənclərlə görüşünü təşkil edir.
Məlumatda o deyilir ki, indiyədək yüzlərlə gənc hakimiyyətin belə iyrənc aksiyalarında iştirakdan imtina edib. Yeri gəlmişkən, sosial şəbəkələrdə bu adamlara layiq olduqları qiymət verilib. Bilmək istəyirsinizsə, cəmiyyət hakimiyyətin tör-töküntülərini necə qarşılayır, o halda sosial şəbəkələrə nəzər salın.
İnformasiya şöbəsi


