İlham Əliyev cənubu iflic etdi

Yollar bağlandı; şikayətçilər həbs edildi; zəvvarların, qəbir üstünə gedənlərin qarşısı kəsildi

Ölkə başçısı hələ də insanlardan uzaq gəzir

Ölkə başçısı Ilham Əliyev son zamanlar Bakının qəsəbələrini bir-bir gəzir. Artıq estafet rayonlara çatıb. Ilk səfər isə cənub zonasına olub. Ötən gün ölkə başçısının səfəri fövqalədə vəziyyət şəraiti yaradıb. Hələ səhər saatlarından Ilham Əliyev bölgəyə çatmamış Masallı-Lənkəran-Astara magistralı bağlanıb. Minlərlə cənublu alternativ yoldan istifadə etməli olub. Bu da haqlı narazılığa səbəb olub. Belə ki, alternativ yoldan istifadə edənlər saatlarla yollarda qalıblar. Ucu-bucağı görünməyən tıxac isə əsəbləri daha da tarıma çəkib. Iş o yerə çatıb ki, Astara sərhədində Kərbala ziyarətindən gələn 40-dan çox zəvvar da 5 saatdan artıq yolda qalıb. Zəvvarların etirazından sonra yolu bağlayanlar onları sərbəst buraxıb.

“Azadlıq”a məlumat verən şəxs deyir ki, Ilham Əliyev Masallıda “Nizami” parkının açılışında da iştirak edərkən yollar bağlanıb. Hətta bir az aralıda olan “Xətai” parkına da giriş-çıxış yasaq edilib. Görüşə xüsusi seçilmiş müəllimlər buraxılıb. Sadə insanlar ölkə başçısının nəinki görüşünə qatıla, hətta açılış etdiyi ünvandan 200-250 metr kənarda da onu izləyə bilməyiblər.
Bundan əlavə, Ilham Əliyev Masallıda olarkən şəhərin mərkəzində qurulan yas mərasiminə qatılanlar da əziyyət çəkməli olublar. Belə ki, qəbir üstünə getmək istəyənlərin yolunu bağlayıblar, ölkə başçısı rayondan çıxana qədər onların qəbiristanlığa getməsinə qadağa qoyulub.
Maraqlı məqamlardan biri də Novruz bayramında dünyasını dəyişən Lotu Mamedin cümə axşamında yaşanıb. Belə ki, xarici maşınlarla qəbr üstə gedənləri görən təhlükəsizlik xidmətinin əməkdaşları panikaya düşüb. Onların etirazçı olduğunu zənn etdiklərindən əraziyə əlavə qüvvələr gətirilib. 

Analoji hal ölkə başçısı Lənkəranda və Astarada olanda təkrarlanıb. Hətta sözügedən rayonun icra strukturları Ilham Əliyev Masallıda olarkən yolları və mərkəzi küçələri bağlatdırıblar. Insanların bir yerə toplaşmasına qadağa qoyublar.
Günün sonunda “Azadlıq”a məlumat verən Abbasov Fərid Fəramiz oğlu qardaşı və bibisi ilə birlikdə rayon polis idarəsinə aparıldığını söyləyib. Onun sözlərinə görə, dünən Xıl kəndindən rayonun mərkəzinə – yaxınlarına baş çəkmək üçün xəstəxanaya gediblər: “Bir də xəbər tutduq ki, ölkə başçısı rayona gəlir. Biz də yolun kənarında durub atamın haqsız yerə həbs olunması ilə bağlı şikayət etmək istəyirdik (məlumat üçün bildirək ki, axund Fəramiz Abbasov 1 ədəd AK-74 avtomatı, 1 ədəd naqan tipli tapança, 20 ədəd qumbara, 20 ədəd alışdırıcı, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq tratil şaşkalar, 3 ədəd güllə darağı və 70 ədəd patron saxlamaq ittihamıyla həbs edilib – R.D). Bu zaman bizi həbs edib rayon polis idarəsinə gətirdilər. Nəyə görə həbs olunduğumuzu soruşduqda sifarişi rayon polis idarəsinin rəis müavini Əlfağan Kazımovun verdiyini dedilər. Bizi yalnız Ilham Əliyev Masallını tərk edəndən sonra buraxdılar”.

F.Abbasov deyir ki, polis idarəsinə əlində Heydər Əliyevin büstü olan yaşlı bir qadın da gətirmişdilər: “Bildiyimə görə, o da Ilham Əliyevə şikayət etmək istəyərkən tutulmuşdu. Heç cür anlamaq olmur. Ölkə başçısı telekanallarda deyir ki, kimin şikayəti varsa, desin, sonra onun yanına şikayətə gedənləri həbs edirlər. Bunu heç cürə anlamaq olmur”.
Yeri gəlmişkən, maraqlı bir faktı da qeyd edək. Ilham Əliyevin Masallıya səfəri rayonun ən böyük kəndi Ərkivanda böyük coşquya səbəb olub. Belə ki, bir ildən artıqdır bağçada ət üzü görməyən uşaqlar nəhayət, dünən içində ət olan yemək yeyiblər. Bir sözlə, Ilham Əliyevin cənub bölgəsinə səfərindən yalnız ərkivanlı çocuqlar yararlanıblar…

Qeyd edək ki, ölkə başçısı bir neçə gün öncə Bakının Əhmədli, Qobustan, Ələt və Sulutəpə qəsəbələrini də ziyarət etmişdi. Orada da Ilham Əliyevlə görüşə xüsusi seçilmiş insanlar gətirilmişdi. Qəsəbələrin yerli sakinləri görüşə buraxılmamışdı. Məsələnin görünən tərəfi odur ki, Ilham Əliyev hələ də insanların əhatəsində olmaqdan çəkinir. Yalnız xüsusi seçilmiş adamlarla görüşür.

Ramin DEKO