Hakimiyyət daxilində tarazlıq pozulub

İri qruplaşmalar ərəb inqilablarından öz məqsədləri üçün necə istifadə etmək istəyirlər?

Azərbaycanda inqilabi əhval-ruhiyyənin artması hakimiyyət daxili qrupları da hərəkətə gətirib. Iri çəkili məmurlar və onların yaxın çevrəsi fərqindədir ki, həm ölkədə, həm də dünyada Ilham Əliyevin idarəçiliyinə münasibət mənfidir. Bu, Ilham Əliyevə də gün kimi aydındır.
Doğrudur, hələ ki, hakimiyyət özünü inamlı aparır. Cəmiyyətdə belə rəy yaratmağa çalışır ki, beynəlxalq aləmin bəyanatları onları qorxutmur. Amma hakimiyyətə yaxın mənbənin sözlərinə görə, Ilham Əliyev başda olmaqla bütün komanda təlaş içindədir.
Eyni zamanda hakimiyyətdaxili qruplar vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu sırada bir neçə iri qruplaşmanı xüsusilə qeyd etmək lazımdır.
Birincisi, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubovun rəhbərlik etdiyi qruplaşmadır. Bu qrup indiki halda mühafizəkar mövqe tutub. Bu qruplaşma müxalifətə hər hansı güzəştin edilməsinin əleyhinədir. Ramiz Mehdiyev çalışır ki, müxalifətlə qarşıdurma daha da dərinləşsin. Çünki belə vəziyyətdə Ilham Əliyevin ona ehtiyacı daha da çoxalır. Plan təxminən belədir: Hakimiyyət müxalifətə heç bir güzəştə getmir, cəmiyyətdə gərginlik daha da artır, ölkə partlayış həddinə gəlir və iqtidar gərginliyi yatırmaq üçün bəzi islahatlara getmək məcburiyyətində qalır. Bu zaman Ramiz Mehdiyev rəqiblərini bu islahatların qurbanına çevirir.
Ikincisi, hakimiyyətdə “kürd qruplaşması” kimi tanınan Bəylər Əyyubovla Rövnəq Abdullayevin rəhbərlik etdiyi qrupdur. Bu qruplaşma da təxminən eyni mövqe tutur. Yəni, bu qruplaşma da, müxalifətə güzəştə getməyin tərəfdarı deyil. Və Bəylər Əyyubovla Rövnəq Abdullayev hüquq-mühafizə orqanlarındakı adamları və qeyri-leqal qoçuları ilə Ilham Əliyevin qoruyucusu qismində çıxış edir. Bu qrupun da məqsədi əlbəttə ki, dövlət başçısının yanında daha çox etibar qazanmaqla hakimiyyətdə yüksək vəzifələri tutmaq və nəhayət Rövnəq Abdullayevin baş nazir təyin edilməsinə nail olmaqdır. Hələ “antikorrupsiya şousu”na yeni start veriləndə “kürd qruplaşması” bir neçə yüksək vəzifə ilə mükafatlandırıldı. Rövnəq Abdullayevin yaxın adamı  Qorxmaz Hüseynovun “Azərsu”ya prezident təyin edilməsini və Gəncəbasar zonasının tam olaraq “kürd qruplaşması”nın nəzarətinə keçməsi buna misal ola bilər.
Üçüncüsü, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qruplaşmasıdır. Bu qrup digərlərindən fərqli mövqe tutub. Bu, heç də “fövqəlnazir”in demokratiya aşiqi olmasından irəli gəlmir. Sadəcə Kəmaləddin Heydərov Ramiz Mehdiyevlə Bəylər Əyyubovun niyyətindən xəbərdardır. Bu “fövqəlnazir”in yaxın çevrəsinə daxil olan şəxslərin açıqlamalarından aydın görünür. Istər Qüdrət Həsənquliyevin Rövnəq Abdullayevin tənqidinə yönəlik fikirləri, istərsə də, politoloq Cümşüd Nuriyevin Ramiz Mehdiyevin parlament siyasətini sərt tənqid etməsi göstərir ki, Kəmaləddin Heydərov işini indidən ehtiyatlı tutmağa çalışır. “Fövqəlnazir” yaxşı anlayır ki, Ramiz Mehdiyevin nəzərdə tutduğu islahatlara start verilsə, ilk növbədə zərbə ona dəyəcək. Çünki monopolist və korrupsiyalaşmış məmurlar əsasən Kəmaləddin Heydərovun ətrafında cəmləşib. Onların vurulması “fövqəlnazir”in zəifləməsi və baş nazirlik uğrunda apardığı mübarizəni uduzması deməkdir.
Hakimiyyətdə böyük qruplaşmalardan biri də Paşayevlərdir. Lakin onlar hələlik gözləmə mövqeyi tutublar. Məlumatlara görə, Paşayevlər bəzi məsələləri özləri üçün aydınlaşdırandan sonra hərəkətə keçməyi qərara alıblar.

Analitik informasiya şöbəsi