Həmişə düşünmüşəm ki, üzlərindən zəhər yağan, vahiməli diktatorların amansızlığının, qəddarlığının arxasında onların qorxaqlığı dayanır. Tarix çətin məqamda, hakimiyyət əllərindən çıxandan sonra onların dovşan kimi necə əsdiyini, tülkü kimi necə özlərini ölmüşlüyə vurduqlarını göstərir.
Biri – Hüsnü Mübarək – həbsxanaya düşməsin deyə, ürəyini tutub zarıyır, biri – Kot d’Ivuarın diktatoru Loran Qbaqbo – dodaqlarını ağlamsınan şəkildə büzüb necə də titrəyir. Dünya boyda əzəmət bir anda altını batırmış uşağın ürkəkliyi ilə əvəz olunur.
Bu cür qorxaq adamların necə qorxulu ola biləcəyini təsəvvür eləmək qətiyyən çətin deyil. Bir saatlıq onları tam ixtiyarı ilə hakimiyyətə qaytarın. Bəşər övladının son fərdini də uf demədən öldürər, bütün insanlıqdan hayıf alarlar.
Adamlar hakimiyyətdən salındıqdan sonra bu diktatorların necə əsdiyini gördükdə illərlə kimdən qorxduqlarını, səslərini içlərinə saldıqlarını dərk eləyəndə yəqin ki, utandıqlarından yerə girirlər. O cür zalımlar zaman-zaman öz güclərini əhalinin qorxaqlığından alırlar. Başını bir balaca qaldıran kimi, onların necə vurnuxduğunu, çalığ-valığa düşdüyünü görürsən. Qışqırırlar, hədə-qorxu gəlirlər, xalqın onların tərəfində durduğunu bəyan edib, özlərini aldatmağa çalışırlar. Əslində isə qorxudan ölürlər, gecələr gözlərinə yuxu getmir, rahatlıqları ərşə çəkilir.
Kiminsə hakimiyyətə gəlmək istədiyini ayıb bir şey kimi car çəkib, camaatdan mərhəmət dilənməkdən belə çəkinmirlər. Onlar hakimiyyətdə qalmaq üçün illərlə törətdikləri eybəcərlikləri unudur, utanıb-qızarmadan başqalarının hakimiyyətə gəlmək istəyini dünyanın ən əxlaqsız hərəkəti kimi qələmə verirlər. Bununla əslində necə əxlaqsız olduqlarını sərgiləyirlər – hakimiyyətə gəlmək əxlaqsızlıq isə, bəs siz niyə gəlmisiz və niyə getmək istəmirsiz? Guya hakimiyyət Tanrıdan təkcə onların adına yazılmış, boyuna biçilmiş bir şey imiş. Xüsusi etibarnamələri varmış. Guya onları Tanrı və xalq seçibmiş. Xalq susanda müdrik sayılır, ayağa qalxanda yağı. Sanki onlar kosmosdan-zaddan gəlmiş varlıqlardı, vətəndaşlıq hüquqları, seçmək, seçilmək hüquqları yoxdu.
Diktatorlar o qədər iyrənc olurlar ki, öz xüsusi xidmət orqanlarının hətta belə bir şayiə yamasına da razı olurlar: “Yenə də bunlar yeyib doyublar, təzə gələnlər ac olacaq və daha acgözlüklə yeməyə başlayacaqlar” və ya “Indiyəcən nefti onlar yeyirdilər, bundan sonra da yeni gələnlər yeyəcəklər, bundan sizə nə xeyir?”. Baxın, yaydıqları bu şayiə ilə onlar haçansa çox ac olduqlarını, artıq yeyib doyduqlarını deyir, bununla ölkəni necə taladıqlarını boyunlarına alır, bundan sonra guya doyduqlarına görə nəfslərini saxlayacaqlarını vəd edir, “təki hakimiyyətdə doyanları saxlayın” deyirlər. Əslində isə, doymaq söhbəti yoxdu. Insanın gözü heç vaxt doymur. Üstəgəl ölkədə qanunlar, demokratiya yox, diktatura, dövləti mədəsilə idarə eləyən bir qrupun hakimiyyəti sürürsə, haçansa doymaq haqda danışmaq belə gülüncdü.
Əlbəttə, yeni gələcək qüvvələr də hakimiyyəti eyni yolla idarə edəcəklərsə, bu, sadəcə talançı hakimiyyətin dəyişilməsi, əvəzlənməsi olacaq.
Hakimiyyətə gəlmək hər bir partiyanın, qrupun konstitusiya ilə təsbit olunmuş hüququdu, burda ayıb, ya günah bir şey yoxdu. Ancaq xalqın da hər bir zaman, istəkləri yerinə yetirilmədiyi halda ayağa qalxmaq, bıçaq sümüyə dirənərsə, inqilab eləmək haqqı var.
Indi diktatorları da ona görə devirirlər ki, bıçaq sümüyə dirənib, onlar nə üçün bu vəzifəni tutduqlarını çoxdan unudublar. Hakimiyyət də istedad kimidi – onu ata kürkü kimi nəsildən-nəslə ötürmək olmaz.