“Ədalət”dən növbəti etiraz

Partiyanın rayon şöbəsi müxalifətin mövqeyini bölüşdüyünü bildirir

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü partiya rəhbərini YAP-ın siyasətini təkrar etməkdə günahlandırandan sonra bu partiyanın daxilində başqa bir maraqlı informasiya meydana gəlib. Dünən Ədalət Partiyasının Zərdab rayon şöbəsi “Azadlıq”a bəyanat göndərib. Bəyanatda hakimiyyətin müxalifət liderlərinə, ümumiyyətlə, müxalif düşərgəyə qarşı aqressiv, şər və böhtan xarakterli kampaniya aparması pislənilir.
“Biz müxalifət liderləri Əli Kərimliyə və Isa Qəmbərə qarşı çirkin kampaniyanı qətiyyətlə pisləyirik. Xüsusilə, Əli Kərimliyə qarşı hakimiyyətin apardığı iyrənc böhtan kampaniyasını Azərbaycan dəyərlərinə və insanlığa yaraşmayan kampaniya hesab edirik. ”Ədalət” partiyasının Zərdab rayon şöbəsi adından bəyan edirik ki, müxalifətin mövcud iqtidara qarşı tələblərini tamamilə dəstəkləyirik və imkan olduqca ümummüxalifət aksiyalarında iştirak etməyə də çalışacağıq”, – deyə şöbənin rəhbəri Əlayif Həsənovun və digər partiya üzvlərinin imzaladığı bəyanatda deyilir.

İnformasiya şöbəsi