Cəmil Həsənlidən od püskürən müsahibə

“Sivil qaydada mübarizə apara bilməyənlər binamus yollara əl atırlar”

«Eyni komanda ilə ölkədə korrupsiya bataqlığını yaradıb, həmin adamlarla bu bataqlıqdan çıxmağın nümunəsini hələ ki, tarix göstərməyib»

 

«Təəssüf ki, korrupsiya burulğanında boğulan, pul saymaqdan başqa əlindən bir şey gəlməyən bir dəstə harın adam son illərdə Azərbaycan siyasətinə bir binamusluq gətirdi»

Həm elmi fəaliyyəti, həm də vətəndaş mövqeyilə fərqlənən tarixçi-alim Cəmil Həsənli “faktxeber” internet qəzetinə müsahibə verib. Keçmiş millət vəkili müsahibəsində Azərbaycandakı mövcud ictimai-siyasi durumdan tutmuş, ziyalıların vəziyyətinə qədər bir xeyli məsələlərdən danışıb. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq, onu “Azadlıq”ın oxucularına da təqdim edirik.

– ABŞ-ın Harvard Universiteti SSRI-Türkiyə münasibətlərindən bəhs edən kitabınızı dərc edib. Bu ölkənin kitabınıza marağı hansı səbəblərdən yaranıb?
– Doğrusu, indiki ictimai-siyasi vəziyyətdə bu məsələlərdən danışmağa razı deyiləm. Azərbaycanın hazırki çoxlu problemlərinin içərisində ən sonuncusu hansısa kitabın çıxıb-çıxmaması məsələsidir.
Ikinci Dünya müharibəsi və müharibədən sonrakı SSRI-Türkiyə münasibətlərini əhatə edən bu kitab 2008-ci ildə Moskvada rus dilində çıxıb. Gələn ay bu araşdırmanın Türkiyə nəşri işıq üzü görəcək.
Ümumiyyətlə, ABŞ-ın tanınmış tədqiqat mərkəzləri mənim bu dövrlə bağlı əsərlərimə çoxdan maraq göstərirdilər. Harvard soyuq müharibə mərkəzi hələ 2006-cı ildə Cənubi Azərbaycanla bağlı araşdırmamı çap etmişdi. Bu nəşr Qərb ölkələrində böyük maraq doğurdu. Bu marağın ifadəsi kimi Harvard Universitetində fəaliyyət göstərən “Soyuq Müharibə Mərkəzi” mənim 1939-1953-cü illərdə SSRI-Türkiyə münasibətlərini əhatə edən əsərimi ingilis dilində çap etmək istəklərini bildirdilər.
Harvard, Yell, Oksford, Stenford kimi universitetlərdə müəllifin kimliyindən asılı olmayaraq, ən azı, iki anonim rəydən keçməlidir. Əgər bu rəylər müsbət olsa, əlyazma kitaba çevrilə bilər. Nə rəyçilər müəllifin kim olduğunu bilir, nə də müəllif rəyçiləri tanıyır. Beləliklə, rəylər müsbət olandan sonra əsər çap olunur və yayım imkanı qazanır. Söhbət mənim kitabıma gəldikdə isə o eyni zamanda Kembricdə, Oksfordda, Nyu-Yorkda, Toronto və Lanhamda nəşr edilir və bütün dünyaya yayılır. Yəni, Konqresin, Dövlət Departamentinin və dünyada fəaliyyət göstərən bütün nüfuzlu Universitet və elmi mərkəzlərin kataloquna düşür. Ən əsası odur ki, bütün rəy sorğularında Harvard dünyanın birinci universitetidir və bu təhsil ocağında nəşr olunmaq əsərə və onun müəllifinə böyük etimaddır.
Mənim Türkiyədən olan tanınmış alim dostlarım qeyd edilən kitabımda türk-erməni münasibətlərini qabarıq verdiyimə görə dedilər ki, bu əsəri ABŞ-da çap etməzlər. Amma kitab satışa çıxandan sonra etiraf edirlər ki, bu, böyük işdir. Hər halda bir alim kimi arzulayırdım ki, erməni-türk münasibətləri ilə bağlı obyektiv araşdırma ingilisdilli dünyaya yayılsın, ümidvaram ki, bu kitab həmin funksiyanı yerinə yetirəcək.
Harvardın məzunu həbsdə, seçkiyə cavabdeh məmurun kürəkəni parlamentdə…

– Azərbaycanda isə Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev həbsdədir…
– Yəqin ki, Bəxtiyar Hacıyev “Harvard”ın yeganə məzunudur ki, həbsdədir. Görünür, biz çox analoqsuz “hüdudlar” fəth etmişik. Bu da analoqu olmayan məsələlərdən biridir, Azərbaycan gerçəkliyinin acı bir görüntüsüdür. Bir tərəfdən ölkə prioritet istiqamət kimi xaricdə təhsilə böyük əhəmiyyət verir və bu istiqamətdə təqdir olunası proqramlar var. Başqa tərəfdən dünyanın birinci universitetinin məzunu siyasi mülahizələrlə saxta ittihamla həbs olunur. Əgər Bəxtiyar Hacıyevin günahı vardısa, niyə indiyə saxlanılırdı? Həbsdən bir ay əvvəl o, parlament seçkilərində iştirak edib. Yəni, günah sahibi idisə, niyə qeydiyyata alınırdı və deputatlığa namizəd kimi, son dərəcə uğurlu seçki kampaniyası aparırdı?
Harvardın məzunu Bəxtiyar həbsdə, seçkiyə cavabdeh olan yüksək vəzifəli məmurun kürəkəni parlamentdədir. Çox təəssüf ki, Bəxtiyar kimi qabiliyyətli, istedadlı, intellektual gənclər bu millətə xidmət etmək əvəzinə, həbsə atılır. Əminliklə deyirəm ki, bu yolla gəncləri susdurmaq, sındırmaq mümkün deyil. Onlar normal bir cəmiyyətdə yaşamaq istəyirlər. Onlar bir vaxtlar millətinin imzasını dünya millətlərinin imzaları içərisində görmək istəyənlərin elektron varislərdir və bu elektron imzanı onlar atacaqlar. Dünənin yarımkommunist təfəkkürü ilə çuğlaşanlar bu günün korrupsiya harınlığı ilə bütün bunların qarşısını almağa qadir deyil.
Başından daha çox mədəsi işləyən bir cəmiyyətdə Bəxtiyar kimi gənclər bu gün yadfikirli görünə bilər. Amma indi yad görünən bu fikirlərlə sabah doğmalaşacaq ideyalar arasında məsafə çox qısadır. Dəyişiklik istəyən gənclərin sayı ölkənin həbsxanalarının tuta biləcəyindən daha çoxdur. Bu sadə həqiqəti qəbul edib real islahatlara başlamaq lazımdır.

“Belə hərəkətlərilə onlar özlərini cəmiyyətin tullantısına çevirirlər”

– Ancaq müxalifət liderlərinin evlərinin, qərargahlarının qarşısında aksiya keçirən gənclər də var…
– Bilirsən, onlar yaş etibarı ilə gəncdirlər. Əslində isə, çoxdan qocalıblar. Düşüncə, təfəkkür, intellektual baxımından qocalıblar. Əslində, onlar özlərini yox, korrupsiyaya bulaşmış “atalarını” müdafiə edirlər. Onların əxlaq anlayışında korrupsiyanın kölgəsi var. Zaman bu gənclərə böyük perspektivlər açsa da, belə hərəkətlərilə onlar özlərini cəmiyyətin tullantısına çevirirlər.
Deyirlər ki, bu aksiyaları filan məmurlar təşkil edib, ancaq mənim əlimdə təkzibedilməz sübutlar var ki, bütün bunları YAP təşkil edib. Həmin piketlərdə iştirak edənlərdən tanıdığım 10 nəfəri deyə bilərəm ki, YAP-ın hansı rayon təşkilatının sədrinin, ya müavininin övladıdır. Çünki kənar gəncləri bu cür aksiyalara cəlb etmək həddən artıq çətindir.

– Niyə müxalif partiyaların qərargahları önündə aksiyaları məqbul hesab etmirsiniz?
– Əlbəttə ki, bu qərargahların qarşısında piket keçirmək olar və buna heç bir qadağa da qoymaq lazım deyil. Ancaq vətəndaşın evinin qarşısında piket keçirmək yolverilməzdir. Mən Əli Kərimlinin və cəlilabadlı cəbhəçi Təzəxan Mirələmlinin evinin qarşısındakı aksiyaları nəzərdə tuturam. Ikincisi, etik və sivil qaydalara riayət etmək lazımdır. Təəssüf ki, korrupsiya burulğanında boğulan, pul saymaqdan başqa əlindən bir şey gəlməyən bir dəstə harın adam siyasətə soxulmaqla son illərdə Azərbaycan siyasətinə bir binamusluq gətirdilər.

“Sivil qaydada mübarizə apara bilməyənlər binamus yollara əl atırlar”

– Bir qədər sərt demədinizmi?
– Bilirsən, bu sözüm kimə aiddirsə, öz payını götürəcək. Öz rəqibilə sivil qaydada mübarizə apara bilməyənlər belə binamus yollara əl atırlar. Mən təəssüf edirəm ki, Azərbaycanda son illərdə bu təcrübə bir neçə dəfə təkrar olunub. Özünə, ailəsinə, cəmiyyətinə, xalqına hörmət edən adamlar belə şeylə məşğul olmamalıdır.

– 2 aprel mitinqindəki həbslərə baxmayaraq, müxalifət aprelin 17-nə daha bir mitinq təyin edib. 20 diplomatın müxalifətlə görüşündən sonra daha 5 nəfərə cinayət işi açıldı. Bu, müxalifət-iqtidar qarşıdurmasının daha da gərginləşdiyini göstərmirmi?
– Bu aqressivlik onunla bağlıdır ki, Azərbaycan iqtidarı müxalifətin mövcudluğunu etiraf etmək istəmir. Bütün ölkələrdə iqtidarların çox böyük imkanları var. Azərbaycanda isə hakimiyyətin qat-qat artıq imkanları var – həm ölkənin maliyyə imkanları, həm leqal və qeyri-leqal iqtisadi imkanlar da hakimiyyətin əlindədir. Amma hakimiyyətin əlində olmayan bir şey var: bu da iqtidarın özünə müxalifət seçə bilməməsidir. Müxalifəti siyasi proseslər ortalığa qoyur. Hakimiyyət isə istəyir ki, hər şeyi ələ keçirtdiyi kimi öz müxalifətini də özü “formalaşdırsın”. Axı bu mümkün deyil. Onun öz müxalifəti hesab etdiyi güruh heç zaman müxalifət funksiyasını yerinə yetirə bilməz. Necə ki, ötən illərin təcrübəsi göstərdi ki, bu, mümkün deyil. Ölkənin müharibə şəraitində olması, torpaqların işğal altında olması, müstəqillik tarixinin elə də uzun olmamasını nəzərə alaraq, normal iqtidar-müxalifət münasibətləri olmalıdır. Nə qədər ki, azad və ədalətli seçkilər keçirilməyib, bu münasibətlər qaydaya düşməyəcək.

“Son seçkidə məmurlar qanunverici orqanı mənimsədilər”

– Deməli, Siz də müxalifətin parlament seçkilərinin yenidən keçirilməsi tələbinə dəstək verirsiniz?
– Nəinki dəstək verirəm, hətta ilk dəfə bu tələbi irəli sürənlərdən biri mən olmuşam. Birincisi, seçki pozğunluğu gözümüzün önündə baş verib. Hakimiyyət xalqın hakimiyyəti formalaşdırmaq hüququnu mənimsədi və Konstitusiyanın birinci maddəsi kobud şəkildə pozuldu. Birinci maddədə hakimiyyətin mənbəyinin xalq olduğu qeyd edilir. Təəssüflər ki, bu gün Azərbaycan xalqı hakimiyyətin mənbəyi funksiyasını yerinə yetirə bilmir. Son seçki sübut etdi ki, bu hüquq xalqın əlindən alınıb. Bunu aradan qaldırmaq, xalqın seçki hüququnu özünə qaytarmaq və konstitusiyanın pozulmuş maddəsini bərpa etmək üçün mövcud parlament buraxılmalı, yeni seçkilər təyin edilməlidir.
Son seçkidə ayrı-ayrı yüksək vəzifəli məmurlar qanunverici orqanı mənimsədilər. Seçkilərin keçirilməsinə cavabdeh olan məmur kürəkənini, bir sıra nazirlər yaxın qohum-əqrəbalarını, ailə üzvlərini, biznes ortaqlarını parlamentə keçirtdilər. Nəticədə parlament bu vəziyyətə düşdü, xalqın seçim haqqı əlindən alındı. Bu gün ölkədə parlamentin olduğu görünmür. Azərbaycan vətəndaşları bu vəziyyətlə barışmayacaq və bu proses getdikcə dərinləşəcək. Əgər hakimiyyət vəziyyəti normallaşdırmaq istəyirsə, islahatlara getsin. Islahatlar isə ilk növbədə parlamentin buraxılmasından başlanmalıdır.

– 17 aprel mitinqində də qarşıdurmalar gözlənilir. Bu mənada tərəflər hansı addımı atmalıdır?
– İndiki vəziyyət davam etsə, müxalifətin sosial bazası genişləndikcə iqtidarın sosial bazası daralacaq və bu, çox geniş xarakter alacaq. Iqtidar-müxalifət məsələsinə müxalifət partiyalarının az, YAP-ın isə 500 min üzvü olması meyarıyla yanaşmaq mənasız şeydir. Xalqın içinə çıxıb onun nə düşündüyü ilə tanış olsunlar. YAP-ın yaratdığı “siyasi akvariumda” bəlkə də hər şey gözəldir. Amma, ölkə əhalisinin 80-90 faizi yeridilən siyasətdən, korrupsiyadan, işsizlikdən, ədalətsizlikdən, məmur harınlığından, yerliçilikdən, vətəndaşın adam yerinə qoyulmamasından narazıdır. Xalqın böyük əksəriyyəti hakimiyyətin siyasətindən və kadrlarından narazıdır.
Eyni komanda ilə respublikada korrupsiya bataqlığını yaradıb, elə həmin adamlarla bu bataqlıqdan çıxmağın nümunəsini hələ ki, tarix göstərməyib. Islahat, yeniləşmə, demokratikləşmə istəyirlərsə, kommunist tör-töküntülərindən azad olunmaq lazımdır. Bu adamların baxdığı bütün sahələr böhran içindədir.

– Keçmiş rəqibiniz Rasim Musabəyov, düşərgənin 2 apreldə özünün zəifliyini sübut etdiyini, Vəfa Quluzadə isə, xalqın müxalifətin mitinqlərinə qoşulmadığını deyib. Siz isə müxalifətin aksiyalarının genişlənəcəyini deyirsiniz…
– Mən hər iki şəxsin fikrinə hörmətlə yanaşıram. Əgər doğrudan da müxalifət çox zəifdirsə, niyə aprelin 2-də o qədər polis çıxarılmışdı? Həmin gün kifayət qədər güclü, geniş və çoxsaylı mitinq keçirildi, ortalığa tələblər qoyuldu, gənclər öz iradələrini nümayiş etdirdi. Bəlkə bu gəncləri hansısa xarici ölkədən gətirmişdilər, onların Azərbaycan xalqına aidiyyəti yox idi? Onların hamısı Azərbaycan xalqının nümayəndələri idi. Heç bir ölkədə bütövlükdə xalq aksiyalarda iştirak etmir, yalnız aktiv hissə mitinqlərə qatılır. Azərbaycanda isə bu fəal hissə kifayət qədərdir, onlar da öz fikirlərini müdafiə etdilər.

– Bu vəziyyətdə ziyalı nə etməlidir?
– Hər bir ziyalı öz xalqının dərdləri və problemlərilə yaşamalı, onun fikrinin ifadəçisi, ağrısının daşıyıcısı və obyektiv olmalıdır. Yəni, cəmiyyətdə nüfuzunu saxlamalıdır ki, onun sözünə inansınlar. Yaltaq şairin qeyrətdən şeir oxumasının heç bir əhəmiyyəti yoxdur. Çünki nə şeirin dəyəri olacaq, nə də o, qeyrət simvolu olacaq.
Ziyalı hadisələrə daha çox tənqidi mövqedən yanaşmalıdır, bizim şəraitimizdə isə bu funksiyanı yerinə yetirmək çox çətindir. Əlbəttə, bunun çox səbəbləri var: cəmiyyət sağlam deyil, iqtidar məddahlığın artmasına meyllidir və ziyalılardan bunu eşitməyə əksər vaxtlarda nail olur. Amma düşünməyin ki, ziyalıların hamısı belədir. Hərçənd, ötən onillikdə bir sıra ziyalılar böyük elmi titulları, fəxri adları olsa da, özlərini elə cındır vəziyyətinə saldılar ki, o cındırla indi heç ayaqqabı da silmək mümkün deyil.