Cəmdəyinə tüpürüləsi ziya(n)lılar

Saray şairi Zəlimxan Yaqub gül ağzını açıb qəzetlərin birinə müsahibəsində.
Müxalifətin ünvanına nələr dediklərinin üstündə dayanmıram.
Nədən ki, bunları deməsəydi, sarayda oturanların gözündən düşərdi.
Şair həm də loqoreyya (söz ifrazatı) məfhumundan xəbərsizdir.
Ilhamı təpəsində dombalaq aşanda, cuşə gəlib qızışanda gözünü yumur və ağzını açır.
Müsahibəsində müxalifətə yönəlik bir fikri diqqətimi çəkdi Zəlimxan Yaqubun.
“Bir dənə cəmdəyinə tüpürmədiyiniz ziyalı qalmayıb”.
Nəyə eyham edir şair?
Təbii ki, saray şairi ziyalı deyəndə padşahın ənamından yana sinov gedənləri və fəxri addan ötrü yaltaqlıq şedevrləri yaradanları nəzərdə tutur.
Danılası deyil, Azərbaycanda çəpgöz ziyalı itətökdür.
Gözləri iqtidar süfrəsinə dikildiyindən ətrafı görə bilmirlər.
Alimin, şairin, yazıçının, rəssamın, müğənninin əlinin biri iqtidarın yal süfrəsinin ətəyində, biri də tərif tütəyində olanda ziyalılıqdan danışmaq, sadəcə, abdallıqdır.
Ziyalı iqtidara züy tutan deyil, haqqı deyəndir.
Ziyalı əzənin səngərində dayanan deyil, əzilənin müdafiəsinə qalxandır.
Zəlimxan Yaqub şairidir, rəsmən “xalq şairi” olsa da, cəmiyyətdə saray şairi kimi ad çıxarıb.
Yaxşı məhəbbət şerləri yazır, yaxşı tamadalığı var, oynamağından və saz çalmağından görünür ki, musiqidən yaxşı başı çıxır.
Yəqin ki yaxşı ata, yaxşı babadır da.
Fəqət şair ziyalı adını daşımağa haqq etmir.
Nədən ki, “Xalq şairi” Zəlimxanın ZALIM XANların xalqa zülm etməsinə etiraz etməyə cəsarəti çatmır.
Şair tikilən körpüləri görür, iqtisadi qalxınmadan ilhama gəlir, ancaq dərmana, çörəyə möhtac ağsaqqal-ağbirçəkləri, günboyu çayxanalarda vaxt öldürən işsiz kişiləri, əcnəbi ölkələrdə namus alveri edən qadınları, haqqı tapdalanan, evi dağıdılan, hər türlü zorakılığa məruz qalan adamları görmür.
Hüseyn Cavidi xatırlayın.
Bu dahi şəxsiyyəti Zəlimxan Yaqubla müqayisə etmək fikrində deyiləm, qəbahət olar.
Hüseyn Cavid istəsəydi, Leninin, Stalinin, Mircəfərin şəninə müasirlərindən də sanballı əsərlər yazardı.
Istəsəydi, yaxasını orden-medalla doldurardı, fəxri adları olardı, yaxasında deputat nişanı gəzdirərdi.
Istəsəydi, Bakının mərkəzində villası olardı, obyekti olardı.
Istəsəydi, Fəxri Xiyabanda dəfn etdirərdi özünü.
Hüseyn Cavid bunları istəmədi.
Çünki o, ŞƏXSIYYƏT idi, MILLƏTI düşünən ŞƏXSIYYƏT.
Çünki o, böyük ZIYALI idi, MILLƏTƏ xidmət edən ZIYALI.
Elə bir şəxsiyyət, elə bir ziyalı ki, bu gün də cümlə Azərbaycan onunla qürur duyur.
Azərbaycan Zəlimxan Yaqub tipli ziyalılarla qürur duya bilmir.
Demirəm ki, şairin pərəstişkarları yoxdur, haqsızlıq olar.
Nə çoxdur Azərbaycanda Zəlimxanın və zəlimxankimilərin məhəbbət şeirlərindən, qoşmalarından, təcnislərindən, müxənnəslərindən, dodaqdəyməzlərindən feyziyab olanlar.
Doldur Heydər Əliyev sarayına əllərinə saz, mikrofon götürüb səhərədək əyləndirərlər heyranlarını.
Fəqət bu ziyalılıq deyil axı, atam-qardaşım.
Ziyalı ƏYLƏNDIRMIR.
Ziyalı YANIR.
Millətinin dərdinə-sərinə rəğmən yanır.
Yanır ki, işığında millətin işıqlı gələcəyə gedəcəyi yol aydın görünsün.
Zəlimxan müəllim deyən ziyalıları – CƏMDƏYINƏ TÜPÜRÜLƏN ziyalıları yanan gördünüzmü?
Onlar millət üçün yanmır, milləti yandırıb kül edirlər.
Və yandırdıqca da özlərinin firavan yaşamını təmin edirlər.
Bir ziyalı ki, yalnız mədəsini düşündü o ziyalı deyil, ZIYANlıdır.
Bir ziyalı ki, hökmdarın qarşısında ikiqat dayandı, onun şəxsiyyəti millətə örnək ola bilməz.
Bir ziyalı ki, millətin qanayan yarasına məlhəm qoymadı, qələmi mədhiyyə yazdı düşünmədən onun cəmdəyinə tüpürmək gərək.
Azərbaycanda başının yerində mədəsi dayanan, ikiqat vəziyyətdə bir sürü lal, kar və kor ziyalı var.
Belə ziya(n)lıların cəmdəyinə nəinki tüpürərlər…
Lənət Şeytana!