Şəmsəddin Hacıyev deyir ki, tələbə dərs vaxtı icazəsiz aksiyaya qoşulursa, onun təhsil müəssisəsindən xaric edilməsi təbiidir. Abel Məhərrəmov da 2005-ci ildə belə eləmişdi. BDU-dan qovulan tələbələrin əmrinə açıq yazmışdı ki, etiraz aksiyalarına qoşulduğuna görə universitetdən xaric edilir. Amma həmin aksiyalar dərs günlərinə düşmürdü. Heç indiki aksiyalar da dərs günlərinə düşmür. Tural Abbaslı, Cavid Mehrəliyev, Cabbar Savalanlı əvvəllər də bu taleni yaşamış gənclərimiz kimi ölkədə demokratiyanın bərqərar olunması uğrunda fəaliyyətlərinə görə universitetlərdən qovulublar, həbs olunublar, şərləniblər. Bunu Şəmsəddin Hacıyev də yaxşı bilir. Onun bu qədər canfəşan danışmasında da qəbahətli bir şey yoxdur. Axı kürəkəni YAP gənclərinin sədridir.
Indi ölkədə hər bir müxalifətçi gənc YAP-dan imtina etmiş gənc deməkdir. Işi kim düz qurmur? YAP gənclər birliyi. Onun başında kim durur? Şəmsəddin müəllimin yaxını. Ona görə də biz belə şeylərə ciddi yanaşmırıq. Amma ən başlıca sorun və soru odur ki, niyə hər kəs alternativliliyin əleyhinə gedir? Niyə bu ölkədə başqa cür düşünmək olmaz? Bunu elmlə məşğul olduğunu deyən adam səsləndirəndə daha böyük faciə olur. Alim müxtəlifliyin əleyhinədir. Bu, cəmiyyətin intiharı deməkdir. Bəs müxtəliflik yoxdursa, o zaman keyfiyyət necə müəyyən olunur? Tarazlıq necə qorunur, cəmiyyət necə formalaşır?
Şəmsəddin Hacıyev onu da deyib ki, indi tələbə kontingentinin 99 faizi müxalifətin mitinqlərini dəstəkləmir. Yəni cəmi bir faiz tələbə hakimiyyətin əleyhinə olan tədbirlərə qatılır. Olsun. Amma maraqlı olan işin başqa tərəfidir. Cəmi bir faiz tələbə hakimiyyətin əleyhinədirsə, bu “99 faiz”in dəstəklədiyi hakimiyyətin canına niyə titrətmə düşüb? Adamdan soruşmazlarmı ki, bir faiz təhlükə 100 faiz qorxuya necə çevrilir? Hərçənd bunun da bir riyazi izahı var. Ehtimal nəzəriyyəsinə görə, mümkünlüyü birə yaxın olan və sıfır olmayan istənilən proses və ya hesablama mümkündür. Yəni heç vaxt birdən o tərəfə olan rəqəmlər maraqlı olmayıb. Əsas elə o bir faizdir. Bir şey bir faiz ehtimalla mümkündürsə və baş verirsə, deməli, nəticə 100 faizdir. Ona görə də Şəmsəddin müəllimin arxayın olduğu 99 faiz tənqid etdiyi bir faizdən əhəmiyyətli rəqəm deyil. Əksinə, bizim bir faizimiz daha real nəticələr yarada bilən ehtimaldır.
Tariximizin çox qara günlərini yaşayırıq. Siyasətdə etika, şəxsi həyat məsələləri iyrənc şəkildə qabardılır. Bu ölkədə hamımız yaşayırıq. Belə davranışlar, bu cür mübarizə hər kəsə ziyan vurur. Cəmiyyətin ümumi əxlaq ritmini pozur. Siyasətə bir peşə kimi hörməti azaldır. Qardaşlar, belə mübarizə metodlarını özünüzə rəva bilməyin. Heç bir peşə, hakimiyyət hissi, maddi mənsubiyyət bizim ən ümumi dəyərlərimizdən ali deyil. Bu ölkənin yetərincə düşmənləri var. Daxildə düşmənçilik toxumu səpmək kimə xidmət edir, sizcə?! Biz də günün birində elə bir ölkədə yaşasaq ki, gedən gələnin əlini sıxır, gələn də gedənə rəğbət bəsləyir, pismi olar? Biz belə bir Azərbaycan istəyirik. Milliyyətindən, dinindən irqindən, başqa mənsubiyyətlərindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər olduğu bir Azərbaycan. Siz bunu istəmirsiz? Kim bunu istəməz ki!